“Xoşbəxtəm ki, müsəlman Ordusunun zabiti kimi ölürəm” Hadisə

“Xoşbəxtəm ki, müsəlman Ordusunun zabiti kimi ölürəm”

Xalq Cümhuriyyətinin qızıl silah mükafatlı zabiti - general Məmməd bəy Sulkeviç

Cümhuriyyət dövrünün iyirmi bir döyüş generalı sırasında oxucunu düşündürən və bir az təəccübləndirən soyada rast gəlmək olar: General-leytenant Məmməd bəy Sulkeviç.
General Məmməd bəy Sulkeviç milliyətcə Litva tatarıdır. 1865-ci il iyunun 20-də Vilen quberniyasının Kemeyşi məntəqəsində zadəgan ailəsində doğulub. Atası oğluna Maçeybəy adını verib. Məmməd bəyin atası Aleksandr da hərbçi olub, qusar alayında xidmət edib - polkovnik rütbəsində. O, atasının yolunu davam etdirib. Voronejdə Mixaylovsk Kadet Korpusunu bitirib, Peterburq Mixaylovsk Artilleriya Məktəbinə daxil olub. Oranı birinci dərəcə ilə bitirib və xidmətə göndərilib. Daha sonra imperiyanın Baş Qərargah Akademiyasında təhsil alıb. M.Sulkeviç bu akademiyada oxuyan ilk müsəlman tələbə olub.
Polşada yaşayan mühacir Arslan bəy yazır ki, general-leytenant Məmməd bəy Sulkeviç on səkkizinci ilin axırlarında Azərbaycan Respublikası Müdafiə Nazirliyində Baş Qərargahın rəisi olub. Lakin Azərbaycan Mərkəzi Dövlət Yeni Tarix Arxivində saxlanan hərbi sənədlər bu faktı inkar edir. Arxiv sənədlərindən aydın olur ki, Məmmədbəy Sulkeviç Azərbaycana 1918-ci ilin dekabrında gəlib və 1919-cu il martın 26-dək Gəncədə yerləşən Birinci Müsəlman Korpusunun komandiri olub, həmin tarixdə yüz qırx yeddi nömrəli əmrlə Baş Qərargah rəisi təyin olunub. Hərbi Nazir Səməd bəy Mehmandarovun və general Həbib bəy Səlimovun Gəncədə imzaladığı bu əmrdə deyilir ki, general-leytenant Məmməd bəy Sulkeviç martın 19-dan təyin olunduğu vəzifənin icrasına başlasın. Hərbi Nazirliyin dəftərxanasına məxsus 15 oktyabr 1919-cu il tarixli sənəddə Sulkeviçdən tələb olunur ki, özünün dini mənşəyi və atası barədə məlumat versin. Və xahiş olunur ki, gerbli-möhür üçün dörd manat da pul ödəsin. Məmməd bəy Sulkeviç isə qara tuşla yazdığı ərizəsində onlara
belə cavab verir: "Dinim müsəlman, adım Məmmədbəy, rütbəm general-leytenantdır. Azərbaycan vətəndaşlığını qəbul
edirəm".
General Məmməd bəy Sulkeviçin adı başqa olsa da Krımdakı fəaliyyətinə görə tatarlar onu hörmət əlaməti olaraq "Süleyman Paşa" adlandırırdılar. Bu da səbəbsiz deyildi. Tatar xalqı arasında belə bir əfsanə yaşayır. Bu əfsanəyə görə rus imperiyasının Krımdakı hökmranlığı məhv olduqdan sonra şimaldan bir müsəlman oğlu peyda olacaq. Onların azadlıq hərəkatına başçılıq edəcək. Bu adamın adı da Süleyman Paşa olacaqdır. Xalqın inamınca, bu əfsanə 1918-ci
ildə həqiqətə dönmüşdü. Ona görə də tatar xalqı Maçey bəy Sulkeviçi Süleyman Paşa timsalında qəbul etdi. Araşdırmaçı Şəmistan Həzərli arxiv sənədlərindəki daha bir faktı da aşkarlayır. Onun dediyinə görə, general Sulkeviç Azərbaycana tək gəlməyib. Birgə gəldiyi Kazım bəy Sulkeviç Müsavat hökumətinin Xarici İşlər Nazirliyində dəftərxana direktoru kimi çalışıb. Çox təəssüf ki, onların qardaş, yoxsa əmioğlu olduğunu müəyyənləşdirmək mümkün olmayıb. General Sulkeviç Azərbaycanda isə könüllü olaraq "Məmmədbəy" adını qəbul etmişdi.
General Sulkeviçin həyat yoldaşı Məryəm xanım isə məşhur milyonçu Hacı Zeynalabdin Tağıyevin qız məktəbində müəllim işləyib və Bakı Müsəlman qadınlarının Xeyriyyə Cəmiyyətinin fəal üzvü olub. Digər bir ziyalı qadın - Leyla xanım Sulkeviç Azərbaycan Parlamentinin dəftərxana işləri idarəsində iş icraçısı vəzifəsində işləyib.
Xatırladaq ki, inqilabdan əvvəl dini müsəlman olan oğlanlara hərbi akademik təhsil almaq qadağan idi. Şəmistan Həzərli qeyd edir ki, Məmməd bəy Sulkeviç imperiyanın Baş Qərargah
Akademiyasında ali hərbi təhsil alan ilk dindaşımızdır.
Akademiyanı bitirdikdən sonra xidməti vəzifədə irəliləməyə başlayıb. 1899-cu ildə ilk mükafatını - "Müqəddəs Stanislav" ordenini alıb. Elə həmin ildə ona podpolkovnik rütbəsi verilib, Odessa Hərbi Dairə Qərargahına baş yavər, 1903-cü ildə 15-ci piyada diviziyasına qərargah rəisi təyin olunub. Elə həmin il polkovnik rütbəsi alıb.
1904-1905-ci illərdə rus-yapon müharibəsinə qatılıb. "Əlahəzrət imperator"un səkkizinci ordu korpusunda xidmət edib. Sulkeviç məşhur Mukden döyüşlərinin də iştirakçısı olub. 1905-ci ildən 57-ci Modlin piyada polkunun komandiri təyin edilib. Rus-yapon müharibəsində ikinci dərəcəli "Müqəddəs Anna" (qılıncla birlikdə), dördüncü dərəcəli "Müqəddəs Vladimir" (bant və qılıncla birlikdə) ordenləri ilə təltif olunub. 1906-cı ildə onun bu savaşdakı xidmətləri "İgidliyə görə" qızıl silahı ilə mükafatlandırılıb. 1910-cu ildə Sulkeviç əla hərbi xidmətə görə general-mayor rütbəsi alıb və ikinci, üçüncü dərəcəli "Müqəddəs Vladimir" ordenlərinə layiq görülüb. 1916-cı ildə general-leytenant olub. Onun əmrlərindən, elmi əsərlərindən və məsləhətlərindən ibarət ikicildlik kitab da nəşr edilib. Rus hərb araşdırıcıları yazırlar ki, onun hərbi məsləhətlərindən nəinki Rusiyada, hətta xarici ölkələrdə də yararlanıblar.
1918-ci ilin əvvəllərində Sulkeviç imperiya ordusunda xidmətini başa vurub. 1917-ci ildə o, müsəlmanlardan ibarət Birinci Əlahiddə Korpusu təşkil edib və öz korpusu ilə 1918-ci ildə Krıma gəlib. 1918-ci ildə tatarlar müstəqilliyini elan edəndə, M.Sulkeviç Krım hökumətində baş nazir, hərbi nazir və daxili işlər naziri işləyib. Hətta Türkiyənin hərbi naziri Ənvər Paşa tatar xalqının müstəqilliyinə sevinərək ona təbrik də göndərib: "Krım hökumətinin baş naziri general Süleyman bəy Sulkeviçə! Cəfər bəylə birgə Krımda hökumət yaratdığınıza görə Sizi təbrik edirəm... Türkiyə hökuməti öz müttəfiqi kimi bu işdə Sizə kömək etməyi özünə borc bilir. Osmanlı imperiyası da Sizə arxa olacaq və yardım göstərəcəkdir".
"Vikipediya"da yazılır ki, Sulkeviçin baş qərargah rəisi təyin edilməsi ilə Azərbaycanın milli qoşun hissələrinin formalaşdırılması sürətləndirilib, ordunun döyüş hazırlığı xeyli təkmilləşdirilib. Sulkeviçin rəhbərliyi ilə hissə və birləşmələrdə çavuş məktəbləri yaradılıb, döyüş hazırlığının proqram və cədvəlləri tərtib edilib, qoşun və agentura kəşfiyyatının təşkilinə diqqət artırılıb. Bakıdakı ingilis qüvvələrinin komandanlığı ilə razılaşma əsasında ingilis toplarının öyrənilməsi üçün 50-80 nəfərlik qrupun yaradılmasına nail olunub. Həmin qrupda dərsləri ingilis zabitləri aparırmış.
Qoşun hissələrinin atəş hazırlığının yüksəldilməsi üçün Sulkeviç 1919-cu ilin mayında Gəncə, Xankəndi, Şəki, Zaqatala, Qusar və Bakı qarnizonlarının rəisləri qarşısında atəş meydanlarının təchiz olunması məsələsini qoyub. Atəş hazırlığı üçün metodik göstərişlər və rəhbər sənədlər hazırlanıb. Hərbi məktəblərin zabit və yunkerlərinin geyim forması, ölkədə səfərbərlik planının hazırlanması istiqamətində görülən işlər də Sulkeviçin rəhbərliyi ilə həyata keçirilib. Denikin təhlükəsi güclənərkən Bakı müdafiə sisteminin, Bakının dənizdən və qurudan müdafiəsinin, Abşeronun, Şimal sərhədinin müdafiə sistemlərinin qurulması da Sulkeviçin gördüyü önəmli işlərdən olub. Bakı limanındakı bəzi ticarət və nəqliyyat gəmilərinin hərbiləşdirilərək, şəhərin müdafiəsinə cəlb edilməsi ideyası da ona məxsusdur.
Səfərbərlik elan ediləcəyi təqdirdə dəmiryol xətlərinin qorunması haqqında təlimat, Ermənistanın və Denikin ordusunun Azərbaycana təcavüzü olarsa, qoşun hissələrinin yerləşdirilməsi, Gəncədə arxa cəbhə komandanlığının yaradılması və digər mühüm sənədləri də Sulkeviç hazırlayıb.
1920-ci ilin yanvarında Sulkeviç Qarabağda vəziyyətin sabitləşdirilməsi və qoşun hissələrinin möhkəmləndirilməsi istiqamətində konkret tədbirlər həyata keçirib. Daşnak silahlı dəstələrinin ləğv edilməsi üçün azərbaycanlı hərbi pilotların Gürcüstan təyyarələrində döyüşə cəlb edilməsi barədə təkliflər irəli sürüb. Üç il müddətində imzalanmış hərbi müdafiə paktına görə Azərbaycanın və Gürcüstanın istiqlaliyyət və ərazi bütövlüyünə hər hansı dövlət tərəfindən təcavüz olduğu təqdirdə müqavilədə olan tərəflər bir-birinə yardım göstərməyə borclu idilər.
Hər iki tərəf üçün ciddi müdafiə xarakteri daşıyan, on maddəli müqaviləni Azərbaycan Respublikası tərəfindən xarici işlər naziri Məmmədyusif Cəfərov, hərbi nazir Səməd bəy Mehmandarov, baş qərargah rəisi Məmməd bəy Sulkeviç, Gürcüstan tərəfindən isə xarici işlər naziri Geqeçkori, hərbi nazir Ramişvili, hərbi nazirin köməkçisi Qedevanov və general Odişelidze imzalamışdılar. 1920-ci il fevralın 17-də öz xahişi ilə ordu sıralarından tərxis edilən Sulkeviç az sonra Nazirlər Şurasının qərarı ilə Bakıdan keçərək, Rusiyaya gedən denikinçilərin qalıqlarından silah və təchizatı qəbul edən idarələrarası komissiyanın sədri təyin olunub.
1920-ci ilin mayında bolşeviklər general Məmməd bəy Sulkeviçi həbs edib Bakı Fövqəladə Komitəsinin zirzəmisinə salırlar. İyulun 15-də "Əksinqilabi fəaliyyətdə" ittiham olunduğuna görə güllələyirlər. Məmməd Əmin Rəsulzadə "Azərbaycan Cümhuriyyəti" kitabında iyirminci ildə güllələnən general Məmmədbəy Sulkeviçin adını yana-yana çəkir. Onun mərd, mübariz bir şəxsiyyət olduğunu
iftixarla qeyd edir. Rəsulzadə xatirələrində yazır: "Qardaşım (əslində əmisi oğlu) parlament üzvü Mehmed
Əli bəyin hekayətini ilk dəfə xalqa çatdırmaq istəyirəm. O, qorxmaz general Məmməd bəy Sulkeviçin qəhrəmancasına ölümünün şahididir. Onunla bir kamerada olan Mehmed Əli bəy söyləyirdi: "Generala əmr etdilər ki, çekistlərin ardınca getsin. Bizə aydın oldu ki, onun ölüm saatı çatıb. Ətrafa ölüm sükutu çökmüşdü. Onun gözlərinə baxmağa cəsarət etmirdik, biz təsəlli sözü tapa bilmirdik. General Sulkeviçin özü bizi qabaqladı, sakit, qətiyyətli səslə dediyi sözləri ömrüm boyu unutmayacağam: "Xoşbəxtəm ki, müsəlman Ordusunun zabiti kimi ölürəm. Xudahafiz!".
General-leytenant Məmməd bəy Sulkeviç, öz mərd davranışı ilə könüllü qəbul etdiyi Azərbaycan vətəndaşlığını və Litva tatarlarının şöhrətini şərəflə qorudu. Şəmistan Həzərli yazır ki, əzablı bir ömür yolu keçərək əlli beş yaşında bolşevik-daşnak gülləsinin haqsız qurbanı olan general-leytenant Məmməd bəy Sulkeviçin nəinki Azərbaycanda, heç Rus imperiyası ərazisində belə sağ qalan kimsəsi yoxdur. Onun haqqında Müsavat dövrünün arxivində az da olsa məlumat qalıb.

Ülviyyə Tahirqızı