Bu il narkotika ilə bağlı 2373 fakt aşkar edilib Hadisə

Bu il narkotika ilə bağlı 2373 fakt aşkar edilib

Bu ilin doqquz ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən 2373 fakt aşkar edilib. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan bildiriblər ki, onlardan 678-i satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma halları ilə bağlı olub. Bundan başqa, həmin faktlardan 1455-i satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını qanunsuz olaraq əldə etmə və saxlama, 196-sı qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 44-ü isə digərləri təşkil edib. Aşkarlanan faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 25 kiloqram 434,074 qram müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, o cümlədən 12 min 670 çətənə kolu, 8 kiloqram 915,4 qram güclü təsir edən maddə, 58 kiloqram 162,7 qram zəhərli maddə müsadirə olunub.
Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 599 kiloqram 305 qramını marixuana (58,4 faiz), 173 kiloqram 714,044 qramını tiryək (16,9 faiz), 180 kiloqram 262,668 qramını heroin (17,5 faiz), 5 kiloqram 564,2 qramını həşiş (0,6 faiz), 1545 ədədini həb, o cümlədən 4 kiloqram 302 qramını psixotrop maddələr (0,1 faiz), 66 kiloqram 677,752 qramını (6,5 faiz) isə digərləri təşkil edib. Cinayət məsuliyyətinə 1955 nəfər cəlb olunub ki, onlardan dördü 18 yaşadək, 154-ü 18-25, 281-i 26-29 yaşlarındadır. Məsuliyyətə cəlb olunan şəxslərdən 764-ü təkrar cinayət törətmiş şəxslər, habelə 1926-sı kişi, 29-u qadın, 36-sı xarici ölkə vətəndaşlarıdır. Onlardan ümumilikdə 112 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddələr götürülüb.