12:52
448
Laçın strateji yolların kəsişməsində yerləşir. Şəhərə hava limanı istiqamətindən, Kəlbəcər və Şuşa istiqamətlərindən gələn yollar üzrə işlər sürətlə davam etdirilir. Ərazinin mürəkkəb relyefi burada tikinti işlərini çətinləşdirir. Bu səbəbdən xüsusi texnika və mütəxəssislər cəlb olunur, layihələr daha detallı hazırlanır.
"APA-Economics" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov bildirib.
Onun sözlərinə görə, hazırda Laçın Beynəlxalq Hava Limanı ilə şəhər mərkəzi arasındakı mövcud yolun uzunluğu 63 kilometrdir: "Dağlıq ərazidən keçən bu yolu qət etmək təxminən bir saat yarım vaxt aparır. Yeni yolun isə 12 tunel və 15 körpü vasitəsilə inşa edilməsi nəzərdə tutulur. Bu yolun istifadəyə verilməsi ilə məsafənin 8 kilometrə qədər azaldılması planlaşdırılır.
Bundan əlavə, Laçında şəhər nəqliyyatının formalaşdırılması üzrə işlər yekunlaşmaq üzrədir. Şəhərdaxili yolların layihələndirilməsi də başa çatdırılıb. Ərazinin mürəkkəb relyefi və yaşayış məntəqələri arasında hündürlük fərqinin 300-400 metrə çatması yol layihələrinin xüsusi yanaşma ilə hazırlanmasını zəruri edir.
Birinci mərhələ çərçivəsində şəhərdə 70 kilometrə yaxın yol inşa edilib. İkinci mərhələdə isə 2027-ci ildən başlayaraq yol infrastrukturunun yenilənməsi və təkmilləşdirilməsi nəzərdə tutulur. Şəhərdə salınacaq yeni yaşayış massivləri də yeni yollar vasitəsilə mövcud yol şəbəkəsinə birləşdiriləcək".