Yəmən üsyançıları Səudiyyə Ərəbistanının neft infrastrukturu və hava limanını vurdu Dünya

Yəmən üsyançıları Səudiyyə Ərəbistanının neft infrastrukturu və hava limanını vurdu

Yəmənin üsyankar "Ənsar Allah" (husilər) hərəkatı Səudiyyə Ərəbistanının dövlət neft şirkəti "Saudi Aramco"nun obyektlərinə və ər-Riyaddakı Kral Xalid adına beynəlxalq hava limanına zərbələr endirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə üsyançıların "SABA" agentliyi tərəfindən yayımlanan bəyanatında bildirilir.

"Yəmən Silahlı Qüvvələri (husilər özlərini belə adlandırır) hərbi əməliyyat keçirərək Dəhran və Şərq əyalətindəki "Saudi Aramco" obyektlərinə, Kral Xalid adına beynəlxalq hava limanına və ər-Riyaddakı "Saudi Aramco" neft emalı zavoduna zərbələr endirib", - bəyanatda qeyd olunur. Üsyançıların iddiasına görə, hücum "çoxlu sayda ballistik və qanadlı raketlər, eləcə də pilotsuz uçuş aparatları" vasitəsilə həyata keçirilib.

Husilər Səudiyyə Ərəbistanındakı hava limanlarına və neft obyektlərinə hücumları davam etdirəcəkləri ilə hədələyiblər. Bununla əlaqədar olaraq onlar beynəlxalq nəqliyyat şirkətlərini, eləcə də mülki şəxsləri və heyəti həmin obyektləri "qanuni hədəf" adlandıraraq dərhal tərk etməyə çağırıblar. Üsyançılar öz əməllərini ərəb koalisiyasının Səna və Yəmənin digər vilayətlərinə endirdiyi aviazərbələrə cavab kimi qiymətləndiriblər.

Məryəm Quliyeva