Laos-Azərbaycan investisiya sazişi üzrə rəsmi danışıqlara ilin sonunadək başlanıla bilər İqtisadiyyat

Laos-Azərbaycan investisiya sazişi üzrə rəsmi danışıqlara ilin sonunadək başlanıla bilər

Hazırda Laos və Azərbaycan arasında ikitərəfli investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında saziş (BIT) üzrə danışıqlara hazırlıq prosesi gedir.

“APA-Economics” xəbər verir ki, bu barədə Laosun İnvestisiyaların Təşviqi və İdarə Edilməsi Komitəsinin daimi komitəsinin üzvü və daimi katibi Vanthana Nolintha Bakıda keçirilən Azərbaycan-Laos İnvestisiya və Biznes Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda 26 belə saziş var və daha üç-dörd yeni saziş üzrə danışıqlar aparılır:

“Ötən həftə saziş layihəmizi Azərbaycan tərəfinə göndərmişik. Ümid edirik ki, bu ilin sonuna və ya gələn ilin əvvəlinə qədər Laos-Azərbaycan sazişi üzrə rəsmi danışıqlara başlaya biləcəyik. Bu, hər iki ölkənin investorları üçün daha güclü müdafiə təmin edəcək”.