“Mən və Avropa Birliyi” Hadisə

“Mən və Avropa Birliyi”

Tiflisdə ali məktəblər arasında esse yazan azərbaycanlı tələbələr qalib olublar

Dünən Tiflisdə Gürcüstanın ali təhsil müəssisələrində təhsil alan gürcü, azərbaycanlı və erməni tələbələr arasında "Mən və Avropa Birliyi" mövzusunda yazılan esselərin qalibləri müəyyən edilib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, mövzu ilə bağlı Gürcüstanın bir çox universitetlərində təhsil alan tələbələr müsabiqədə iştirak edib. Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət Nazirliyinin nümayəndəsi Zaur Darğallının APAya verdiyi məlumata görə, gürcü ali məktəblərində 4+1 proqramı ilə təhsil alan azərbaycanlı və digər etnik azlıqların nümayəndələri də müsabiqəyə qatılıblar.
Ötən gün keçirilən görüşdə çıxış edən Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət nazirinin birinci müavini Ketevan Tsixelaşvili, İ.Cavaxişvili adına Tiflis Dövlət Universitetinin rektor müavini Merab Eliaşvili esse qaliblərini təbrik ediblər.
Müsabiqədə iki nəfər azərbaycanlı tələbə esse yazı müsabiqəsində qalib olub. Sonda digər qaliblər kimi İ.Cavaxişvili adına Tiflis Dövlət Universitetində təhsil alan azərbaycanlı tələbələr Xalid Muradov və Tural Naziyevə nazirliyin mükafatı və kompüter verilib.