“Ali təhsil əlçatan olmalıdır” Hadisə

“Ali təhsil əlçatan olmalıdır”

Əli Əhmədov: "Azərbaycanda tələbələrin sayı dünya göstəricisindən aşağıdır"

Dünən Təhsil Nazirliyinin 2017-ci ildə gördüyü işlərə həsr olunmuş hesabat tədbiri keçirilib.
Tədbirdə baş nazirin müavini Əli Əhmədov, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, dövlət qurumlarının rəhbərləri, millət vəkilləri, ali məktəblərin rektorları, media kapitanları və QHT təmsilçiləri iştirak ediblər.
Təhsil Nazirliyinin şöbə müdiri, Təhsil İnstitutunun direktor əvəzi Emin Əmrullayev təhsilin keyfiyyətinin yüksəldilməsi, əhatəliliyi və əldə olunan nailiyyətlərlə bağlı iştirakçılara məlumat verib.
Emin Əmrullayev bildirib ki, 2020-ci ilədək məktəbəhazırlıqda əhatəliliyin 90 faizə çatdırılması nəzərdə tutulub.
O qeyd edib ki, dövlət büdcəsi hesabına məktəbəhazırlığın təşkili 5-6 yaşlı uşaqların 65 faizini əhatə edib.
Şöbə müdirinin sözlərinə görə, 2012-ci ildə 6 yaşdan yuxarı uşaqların məktəbə gec başlaması halları 12 faiz təşkil edirdisə, 2017-ci ildə bu rəqəm 6 faiz olub.
Emin Əmrullayev deyib ki, ötən illə müqayisədə təmayülləşmə üzrə məktəb sayı 6 dəfə, sinif və şagird sayı isə 4 dəfə artıb.
Şöbə müdiri onu da qeyd edib ki, 2017-ci ilin qəbul imtahanlarında məzunların 44 faizi 200 baldan az toplasa da, bu göstərici əvvəlki illərdə məzun olmuş abituriyentlərdə 65 faiz olub: "2017-ci ildə ali məktəbə qəbul imtahanında orta bal 2012-ci ilə nisbətən 62 bal yüksələrək 177-dən 239-a çatıb".
Emin Əmrullayev 2014-2017-ci illərdə Azərbaycanda 134136 müəllim diaqnostik qiymətləndirmədən keçdiyini bildirib.
Şöbə müdiri qeyd edib ki, diaqnostik qiymətləndirmədən keçən müəllimlərin 23,5 faizi 300 manatadək, 35,9 faizi 300-500 manat, 27,1 faizi 500-700 manat, 10 faizi 700-900 manat, 3,5 faizinin maaşı 900 manat və daha çoxdur.

"İmtahan fənlərinin sayı 5-dən 3-ə düşəcək"

"Təhsil sistemi-vəzifələr və hədəflər" mövzusunda təqdimatla çıxış edən təhsil naziri Ceyhun Bayramov bildirib ki, müəllim peşəsinin nüfuzuna təsir edən tədbirlər davam etdiriləcək. Ceyhun Bayramovun sözlərinə görə, 5 il əvvəlki dövrlə müqayisədə bir sıra sahələrdə əsaslı nailiyyətlər əldə olunub. Nazir deyib ki, 2020-ci ilə qədər məktəbəhazırlığın əhatəlilik səviyyəsinin 90 faizə çatdırılması nəzərdə tutulub.
Ceyhun Bayramov qəbul imtahanlarının yeni modelindən danışaraq qeyd edib ki, hazırda bu istiqamətdə Dövlət İmtahan Mərkəzi ilə sıx əməkdaşlıq edilir.
Təhsil naziri deyib ki, ali təhsil müəssisələrinə qəbul üzrə əsasən 2 dəyişiklik nəzərdə tutulur.
Onun sözlərinə görə, dəyişikliklər beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin müəyyən edilmiş şərtlər yerinə yetirilməklə, təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə, beynəlxalq fənn olimpiadaları qaliblərinin istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunması ilə bağlıdır.
Ceyhun Bayramov yeni qəbul modelinin üstünlüklərini də açıqlayıb. Nazir qeyd edib ki, buraxılış imtahanlarının nəticələri ali məktəbə qəbulda nəzərə alınacaq, məzunlar daha az sayda fəndən imtahan verəcəklər, imtahan fənlərinin sayı 5-dən 3-ə düşəcək.
Ceyhun Bayramov Təhsil Nazirliyinin məktəbdaxili qiymətləndirmə ilə bağlı təhlillər apardığını bildirib. Nazirin sözlərinə görə, yaxın vaxtlarda bununla bağlı müvafiq qərar qəbul ediləcək".
Ceyhun Bayramov qeyd edib ki, şagirdlərin dərs və imtahan yükünü azaldacaq yeni məktəbdaxili qiymətləndirmə 2018/2019-cu tədris ilindən tətbiq olunacaq.

"Təhsil islahatları dərinləşməkdə davam edir"

Təhsil Nazirliyinin hesabat tədbirində çıxış edən baş nazirin müavini Əli Əhmədov deyib ki, son illər Azərbaycanda təhsil islahatları dərinləşməkdə davam edir və bu istiqamətdə görülən işlər öz bəhrəsini verir.
Əli Əhmədov qeyd edib ki, Azərbaycanda dərin islahatlar həyata keçirilir: "İqtisadiyyatdan tutmuş digər sahələrə kimi biz həyatımızı islahatlardan kənarda təsəvvür etmirik. Təhsil sferası da islahatlar məfhumundan kənarda qala bilməz. İqtisadiyyatla, təhsillə bağlı hədəflərimiz tamamilə aydındır. Azərbaycanda elm, təhsil məhsuldar qüvvənin tərkib hissəsi çevrilməlidir. Təhsilin inkişafı Azərbaycan cəmiyyətinin mədəni səviyyəsinin, iqtisadiyyatın daha yuxarı pilləyə qalxmasına, dövlətin qüdrətinin artmasına gətirib çıxarmalıdır".
Əli Əhmədov bildirib ki, Azərbaycanda tələbələrin sayı dünya göstəricisindən aşağıdır.
Baş nazirin müavini deyib ki, ali məktəb səviyyəsində də təhsil əlçatan olmalıdır: "Azərbaycan əhalisinin 1,3 faizini tələbələr təşkil edir ki, bu rəqəm dünya göstəricisindən aşağıdır. Təhsil sahəsinin inkişafını yalnız təhsil qurumlarından gözləmək lazım deyil. Cəmiyyətin təhsilə olan münasibəti də dəyişməlidir. Hesab edirəm ki, tələbə qəbulu ilə bağlı reqlament dəyişsə, daha yaxşı nəticələr əldə olunar".