
Bəzən yaşadığımız zaman və onun içərisində yer alan saysız-hesabsız hadisələr gözümüzün önündən elə sürətlə ötüb keçir ki, nəyin haradan və necə başladığının fərqinə belə varmırıq. Zaman hər şeyi unutdurur... Hətta xatirələri də...
İndi doğmalarımızın, sevdiklərimizin doğum günlərini, onlarla birlikdə keçirdiyimiz xoş anların rəqəmsal fotoya köçürülmüş rəngli görüntülərini də bizə sosial şəbəkələr, ağıllı telefonların təqvim-applikasiyaları xatırladır. Özümüz də bilmədən yaddaşımızı bizdən kənara köçürür, virtuallaşdırır, hisslərimizi, duyğularımızı, geridə qoyduğumuz və yaşadığımız zaman kəsiyinin ən əziz, ən unudulmaz xatirəyə çevriləcək anlarını əlimizdən alırlar...
Çox uzaqdan başladım deyəsən... Amma olsun, ağ-qara xatirələrin xiffətini çəkmək, onların rəngli görüntüləri ilə qol-boyun olmaqdan daha doğma gəlir adama...
Yol
...Bir neçə gün öncə təsadüfən qarşılaşdığım uzaq qohumlarımdan biri məni görər-görməz, salamsız-kəlamsız müəllimlərin işə qəbulu ilə bağlı prosesdən şikayətlənməyə başladı. Sonra da sualımı gözləmədən, nə üçün məhz mənə şikayətləndiyinin səbəbini də izah etdi: "Təhsildən çox yazırsan axı..."
"Çox yazmıram", - dedim, "əksinə az yazıram. Çünki deyiləsi, yazılası, xatırladılası o qədər çox məqam var ki, bütün bunları qələmə almağa bütün vaxtımı sərf etsəm də, yetməz".
Susub narazı şəkildə üzümə baxdı. Mən isə fərqinə varmadan davam elədim: "5 il öncə müəllimlərin işə qəbulu ilə bağlı prosesdən ümumiyyətlə danışa bilməzdin. Çünki bu proses yox idi... Hər şey fərdlərin və "fərdi yanaşma"ların ümidinə buraxılmışdı. Kimin necə, hansı əsaslarla, kriteriyalarla işə qəbil ediləcəyini ortalıqda dolaşan vasitəçi dələduzlar, telefon zəngləri, xahiş-minnətlər və daha nələr... müəyyənləşdirirdi. İndi bu şans müəllim olmaq istəyən və müəllimliyin kriteriyalarına uyğun gələn hər kəsə verilib. İşə qəbulla bağlı imtahanlar çoxsaylı müşahidəçilərin gözü qarşısında, heç bir kənar müdaxilə olmadan keçirilir. Suallar hər kəsin qarşısında oturduğu kompüterin ekranında eyni anda görünür. Hər kəs eyni vaxt çərçivəsində bu sualları cavablandırır. Nəticələr dərhal bilinir. Prosesə müdaxilə imkanı "0"-a bərabərdir. Bacarırsan, biliyin imkan verir, buyur, keç kompüterin qarşısına və müəllim olmaq şansını qazan..."
Həmsöhbətim yenə narazı şəkildə "özün görmüsən bunları", dedi. "Görmüşəm" dedim və müəllimlərin işə qəbulu ilə bağlı imtahan prosesində müşahidə etdiklərimi xatırladım:
Nəhəng imtahan zalı... Bəlkə də bir neçə yüz nəfər eyni anda kompüter qarşısında sualları cavablandırır. Amma bu qədər insanın olduğu məkanda pıçıltı eşitmək belə mümkün deyil. Hər tərəf sükuta qərq olunub. Arabir klaviaturanın dillərinə toxunan həyacanlı barmaqların xəfif tıqqıltısı eşidilir. Sakitcə cərgə-cərgə sıralanmış imtahan masalarının arasından keçirəm. Bu gənc oğlan universiteti yenicə bitirib. Gözlərini sualların düzümündən ayırmır. Sol əlini klaviaturanın kənarına qoyub. Sağ əlinin şəhadət barmağı ilə dizinin üzərinə döyəcləyir. Sanki kompüterin ekranında sual əvəzinə müsiqi notları yazılıb. Və o bu notların ritmini tutmağa çalışır.
Başqa bir masada orta yaşı bir xanım oturub. Əllərinin qabarından ağır işlərdə çalışdığı bilinir. Qayğılı və həyəcanlıdır. Bəlkə də müəllim olmaq üçün imtahan verdiyinə, düşdüyü vəziyyətin, ortamın özünə belə inanmır. Hərdənbir ətrafı süzür, gülümsəyir və yenidən suallara köklənir.. Bəlkə də uzun illərdir "çörək pulu" arxasınca getdiyini deyib "yoxa çıxan" ömür-gün yoldaşının yolunu gözləyib, uşaqlarını böyütmək üçün min bir əzaba qatlaşıb, gəncliyini, qadınlığını itirib. Bu imtahan onun üçün həyatının ən böyük şansıdır. Yenidən cəmiyyətə, layiq olduğu yerə qayıdacaq. Özünü cəmiyyətin bir parçası hiss edəcək, kinayəli baxışların altında əzilməyəcək...
Nə qədər saf, məsum arzu var bu nəhəng imtahan salonunda. Və mən bu sükutun içərisində "arzuların simfoniyasını" dinləyirəm. Dinlədikcə qısa müddət ərzində müəllimlərin işə qəbulu ilə bağlı nə qədər böyük bir məsafə qət edildiyinin fərqinə vara bilirəm...
Eyni sözləri birmənalı olaraq uşaqların məktəbə qəbulu, tələbələrin köçürülməsi və təhsil sahəsində həyata keçirilən çoxsaylı islahatlarla bağlı da söyləmək olar.
Təhsil nazirliyinin cəmi 174 əməkdaşı var... Bu kontekstdən təhsilin milyonlarla insanı, hər bir Azərbaycan ailəsini əhatə etdiyini dəyərləndirsək, o zaman çəkilən zəhmətin miqyasını da müəyyənləşdirə bilərik.
Təhsil yoldur, həm də bizi beşikdən qəbirədək aparan və bizdən sonra da insanlıq var olduqca davam edəcək bir yol. Bu yolun hər qarışını yaddaşımıza yazaq. Yazaq ki, keçilən yol, qət etdiyimiz məsafə, haradan haraya gəldiyimiz unudulmasın. Həm də duyğularımızla, hisslərimizlə birlikdə yazaq. İnsan beynini süni intellekdən, xatirələrimizi sosial şəbələrin xatırlatmalarından fərqləndirən də onun hisslərlə, duyğularla zəngin və canlı olmasındadır...
Elçin Mirzəbəyli