Texnikumlara qəbul balı artacaq Hadisə

Texnikumlara qəbul balı artacaq

TQDK sədri: "Hansısa dövlət qurumunun işinə qiymət vermək fikrində deyiləm"

Dünən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Sumqayıtda vətəndaşlarla görüş keçirib. APA-nın məlumatına görə, Sumqayıt şəhər Tarix Muzeyində təşkil olunan qəbulda Sumqayıt şəhəri ilə yanaşı, Abşeron, Xızı rayon sakinləri və həmin rayonlarda məskunlaşmış Qubadlı, Zəngilan, Şuşa rayonlarından olan məcburi köçkünlər də iştirak ediblər. Qəbulda iştirak edən sakinlər TQDK sədrinə müxtəlif məzmunlu müraciətlərini çatdırıblar. Vətəndaşlar ikinci ali təhsil, buraxılış imtahanları, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları, qabiliyyət imtahanları və s. məsələlərə dair TQDK-nın sədrinə rəy və sorğularını bildiriblər. Vətəndaşlar, həmçinin TQDK tərəfindən nəşr olunan siniflər üzrə test tapşırığı topluları və orta ümumtəhsil müəssisələrində istifadə olunan dərs vəsaitləri ilə bağlı da Komissiya sədrinə müraciətlər ediblər. Bütün müraciətlərin qeydiyyatı aparılıb, onların əksəriyyəti ilə bağlı həll olunması üçün müvafiq tapşırıqlar verilib. Bəzi vətəndaşların komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətləri isə müvafiq təşkilatlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.
"Elə bir islahat yoxdur ki, bir il ərzində aparılsın və həmin vaxt başa çatandan sonra hansısa nəticə analiz edilsin". APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Təhsil Nazirliyi tərəfindən ötən bir il ərzində görülən işlər və bunun şagirdlərin biliyinə təsiri barədə suala cavabında deyib. M.Abbaszadə bildirib ki, hansısa islahatı aparmaq üçün müəyyən vaxt verilir: "Mən hansısa bir dövlət qurumunun işinə qiymət vermək fikrində deyiləm. İkincisi isə biliyin qiymətləndirilməsini hər il aparırıq deyə, yalnız keçən il və əvvəlki illərlə bu ilin nəticələrini müqayisə edə bilərik. Bu nəticələr bilavasitə uşaqların imtahanlarda göstərdiyi biliyin qiymətləndirilməsi nəticəsində olan fikirlər, əsaslardır. Deyə bilərəm ki, keçən illə müqayisədə buraxılış imtahanlarının nəticələri eyni səviyyədədir. Qəbul imtahanlarının nəticələrinə gəlincə, bu proses tam başa çatmayıb deyə, biz ümumi nəticə haqqında heç nə deyə bilmərik".
Bu il Azərbaycanda keçirilən buraxılış imtahanlarının nəticələrində keçən illə müqayisədə 1-2% irəliləyiş var. Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib ki, ölkə üzrə buraxılış imtahanlarının nəticələrində təxminən 1-2% müsbətə doğru dəyişikliklər var. Onun sözlərinə görə, bu göstəricilər müxtəlif rayonlara görə dəyişir: "Məsələn, hansısa regionda irəliləyiş müsbət 5%-dirsə, digər regionda nəticə aşağı düşüb. Buna görə də ümumi ölkə üzrə götürdükdə, görürük ki, nəticələrdə 1-2% irəliləyiş var. Amma ümumilikdə statistik nöqteyi-nəzərdən bu o deməkdir ki, nəticələr keçən ilki səviyyə ilə eynidir. Müsbət sıçrayış hələlik müşahidə olunmur".
M.Abbaszadə iyul ayında keçiriləcək qəbul imtahanları barədə də danışıb. O qeyd edib ki, iyulun 12-də və 20-də bu ilin məzunları üçün ali məktəblərə qəbul imtahanları keçiriləcək: "İmtahandan 2 gün sonra nəticələr araşdırılacaq. Əvvəlki illərin məzunları üçün keçirilən qəbul imtahanının nəticələri isə mayda elan olunub və bu barədə ictimaiyyətə geniş məlumat verilib".
Bu il 9 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə plan yerlərinin sayı azalıb. Ona görə də bu il texnikumlara qəbul balının ötən illə müqayisədə artacağı gözlənilir". Məleykə Abbaszadə bildirib ki, əvvəlki qəbul qaydalarına əsasən, məsələn, imtahanda 100%-lik nəticə göstərən 300 bal, 50%-lik nəticə göstərən isə 150 ballıq nəticəyə görə qəbul ola bilərdilər: "Builki qəbul qaydalarına əsasən orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında 16 baldan yuxarı nəticə göstərənlər ixtisas seçimində iştirak edir. Ən yüksək nəticə isə 60 baldır. Ən çox verilən suallar odur ki, ötən ilki keçid ballarına əsasən bu il qəbul necə aparılacaq. Ötən illə müqayisə etdikdə məlum olur ki, ixtisas seçimində 16-30 bal arası nəticə göstərənlər ötənilki ballarla müqayisədə 150-300 kimi, 16-30 bal toplayanlar isə 150 baldan aşağı olan nəticələri seçə bilər. Amma bir daha qeyd edirəm ki, bu il 9 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə plan yerlərinin sayı azalıb. Ona görə də bu il texnikumlara qəbul balının ötən illə müqayisədə artacağı gözlənilir".

Tural