Qəbir yerlərinin ayrılması ödənişsiz olacaq Hadisə

Qəbir yerlərinin ayrılması ödənişsiz olacaq

Azərbaycanda qəbir yerlərinin ayrılması ödənişsiz olacaq.
Yeni təsdiqlənən "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları" ilə qəbir yerlərinin ayrılması proseduru müəyyənləşib.
Qaydalara əsasən, qəbiristanlıq ərazisindəki qəbir yerləri yaşayış məntəqəsinin əhalisinin dini mənsubiyyətinə və milli adət və ənənələrinə uyğun olaraq, qəbir yerlərinin bu Qaydalarla müəyyən edilmiş ölçüləri nəzərə alınmaqla, seksiyalara ayrılmalıdır və qəbiristanlığın giriş qapısındakı elan lövhəsində aydın görünən və oxunan yerdə bu barədə məlumat yerləşdirilir.
Azərbaycan vətəndaşlarının, Azərbaycanda olan və ya yaşayan, habelə qaçqın statusu alan əcnəbi və ya vətəndaşlığı olmayan və kimsəsiz şəxslərin dəfn olunması üçün qəbir yerləri qəbiristanlığın müdiriyyəti tərəfindən ödənişsiz ayrılır.
Azərbaycanda müvəqqəti olan və ya müvəqqəti yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin vəfat etməsi barədə Səhiyyə Nazirliyinin məlumatı əsasında Dövlət Miqrasiya Xidməti tərəfindən miqrasiya qanunvericiliyinin tələblərinə uyğun olaraq həmin şəxs miqrasiya uçotundan çıxarılır. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin vəfat etməsi barədə Səhiyyə Nazirliyinin məlumatı əsasında həmin şəxsin cənazəsinin müvafiq xarici ölkəyə göndərilməsi üçün Xarici İşlər Nazirliyi vətəndaşı olduğu və ya vətəndaşlığı olmayan şəxsin daimi yaşadığı xarici ölkənin səfirliyini və ya konsulluğunu məlumatlandırır.
Azərbaycan ərazisində vəfat etmiş əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin cənazəsinin müvafiq xarici ölkəyə göndərilməsi həmin şəxsin qohumları, qanuni nümayəndələri və ya cənazənin göndərilməsi ilə bağlı xərcləri çəkən digər şəxslər tərəfindən, həmin şəxs əməkçi miqrant olduğu halda isə onu işə cəlb etmiş hüquqi və ya fiziki şəxs tərəfindən təmin edilir.
Qəbir yerindən yalnız dəfn olunmuş şəxsin Ailə Məcəlləsi ilə müəyyən edilmiş yaxın qohumları təkrar istifadə etmək hüququna malikdirlər.
Qəbir yerindən dəfn olunmuş şəxsin yaxın qohumları tərəfindən təkrar istifadə edilməsinə yalnız dəfndən 25 il müddət keçdikdən sonra qohumluq əlaqələrini təsdiqləyən müvafiq sənəd təqdim edilməklə yol verilir.


Qəbirlərin ətrafının hasara alınması qadağan edilib

"Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"na əsasən, dəfn edilmiş şəxsin qohumları, qanuni nümayəndələri və ya dəfnlə bağlı xərcləri çəkmiş digər şəxslər tərəfindən qəbirüstü tikililər quraşdırılarkən, ölmüş şəxsin dini mənsubiyyəti nəzərə alınır, soyadı, adı, atasının adı, doğum və ölüm tarixləri qəbirüstü tikililərdə qeyd olunur. Başdaşı qoyulduğu halda, hündürlüyü 1 metrdən və eni 0,6 metrdən artıq olmamaqla, eni 0,6 metr və hündürlüyü 0,25 metr olan altlıq üstündə quraşdırılmalıdır. Sinədaşı qoyulduqda hündürlüyü torpaqdan 0,2 metrə, uzunluğu 1,2 metrə və eni 0,6 metrə qədər olmalıdır. Qəbirüstü tikililərin quraşdırılmasında cərgə ilə sıralanmaya əməl olunmalı və qəbrin ətrafı hasara alınmamalıdır.
Dəfn edilmiş şəxsin qohumları, qanuni nümayəndələri və ya dəfnlə bağlı xərcləri çəkmiş digər şəxslər tərəfindən qəbirüstü tikililər quraşdırılmadıqda, qəbiristanlığın müdiriyyəti tərəfindən quraşdırılmış ölmüş şəxsin soyadını, adını, atasının adını, doğum və ölüm tarixlərini bildirən lövhə saxlanılır.
Dəfn edilmiş şəxsin qohumları, qanuni nümayəndələri və ya onların dəfni ilə bağlı xərcləri çəkmiş digər şəxslər tərəfindən qəbirüstü tikililərin və onların üzərindəki yazıların dəyişdirilməsinə qəbiristanlığın müdiriyyətinin razılığı ilə yol verilir.
Dəfn edilmiş şəxsin qohumları, qanuni nümayəndələri və ya onların dəfni ilə bağlı xərcləri çəkmiş digər şəxslər tərəfindən qəbirüstü tikililər dəfn olunmuş şəxsin qohumlarının Mülki Məcəllə ilə müəyyən edilmiş vərəsəlik növbəliliyinə uyğun olaraq razılığı olduqda dəyişdirilir, belə razılıq əldə edilmədikdə, qəbirüstü tikililərin dəyişdirilməsinə yol verilmir.

Qəbir yerlərinin ölçüləri müəyyənləşib

Yeni qaydalara görə, dəfn üçün hər bir qəbir üzrə 5 kvadratmetr sahə ayrılacaq.
Bununla yanaşı, qəbirlərarası orta məsafə uzun tərəflər üzrə 1 metr, qısa tərəflər üzrə 0,5 metr nəzərdə tutulmalıdır.
Ölmüş şəxsin dini qaydalara və yerli şəraitə uyğun olmaqla dəfn edilməsi üçün qəbir yerinin uzunluğu 2 metr, eni 1 metr, dərinliyi 1,4 metr müəyyənləşdirilir.
Ölmüş şəxsin ölçüləri nəzərə alınmaqla, qəbir yerinin ölçüsünün mütənasib qaydada dəyişdirilməsinə yol verilir.
Qəbir yeri qazıldıqda, qəbrin dibi qrunt sularının axın səviyyəsindən 0,5 metrdən az olmayan hündürlükdə olmalıdır.
Azərbaycan vətəndaşının xarici ölkədən gətirilmiş kremasiya olunmuş meyitinin külü saxlanılan urnanın qəbiristanlıqda dəfn edilməsi üçün hüzn divarında (kolumbaridə) ölmüş şəxsin soyadı, adı, atasının adı, doğum və ölüm tarixlərini bildirən lövhə vurulmaqla, uzunluğu 0,75 metr, eni 0,6 metr və dərinliyi 0,4 metr ölçüdə oyuqlar və ya ümumi torpaq sahəsi 2 kvadratmetr olmaqla uzunluğu 0,75 metr, eni 0,6 metr və dərinliyi 0,8 metr ölçüdə qəbir yeri nəzərdə tutulur.
Kremasiya olunmuş meyitin külü saxlanılan urnanın daxili həcmi ölmüş şəxsin çəkisindən asılı olaraq, külün miqdarına görə 4 litrə qədər olmalıdır. Formasından asılı olmayaraq urnanın divarının qalınlığı 0,02 metr olmalı, onun oyuğa rahat yerləşdirilməsi üçün hündürlüyü 0,35 metrə qədər olmaqla, təbii daş və ya metaldan hazırlanır.
Dəfndən sonra qəbrin üzərinə 0,5 metr hündürlükdə torpaq tökülür.

Qəbiristanlıqların mühafizə zonasında yaşayış binalarının tikintisi qadağan olunub

Qəbiristanlıqlar üçün ayrılan torpaq sahəsinin ölçüləri hər 1000 nəfərə 0,24 hektar hesabı ilə müəyyən ediləcək.
Qaydaya əsasən, qəbiristanlıqlar üçün torpaq sahələri yaşayış məntəqələrinin ətrafındakı ərazilərdə şəhər, qəsəbə və kənd yaşayış məntəqələrində ayrılacaq torpaq sahələri ilə yaşayış və ictimai binalar, kənd təsərrüfatı təyinatlı və qida məhsullarının istehsalı müəssisələrinin obyektlər arasında ən azı 300 metrlik sanitariya mühafizə zonası nəzərdə tutulmaq şərtilə ayrılır.
Bağlı elan olunan qəbiristanlıqda son dəfn tarixindən 25 il keçdikdən sonra, onunla yaşayış məntəqəsi arasındakı məsafə Səhiyyə Nazirliyinin rəyi əsasında 100 metrədək azaldıla bilər.
Kənd yaşayış məntəqələrində yerləşən qəbiristanlıqdan yaşayış və ictimai binalar, kənd təsərrüfatı təyinatlı və qida məhsullarının istehsalı müəssisələrinə qədər olan məsafənin qrunt sularının səviyyəsi nəzərə alınmaqla, Səhiyyə Nazirliyinin rəyi əsasında 100 metrədək azaldılmasına yol verilir.
Layihələndirilən və mövcud qəbiristanlıqların sanitariya mühafizə zonasında yaşayış və ictimai binaların, kənd təsərrüfatı təyinatlı və qida məhsullarının istehsalı müəssisələrinin, məişət (təsərrüfat) içməli su təchizatı qurğularının tikintisinə yol verilmir.
Qəbiristanlığın salınması üçün ayrılan torpaq sahələri aşağıdakı tələblərə cavab verməlidir:
1. sürüşməyə və çökməyə meyilli olmamalıdır,
2. məişət (təsərrüfat) içməli su üçün istifadə edilən açıq və yeraltı su hövzələrindən və yaşayış məntəqələrindən əks (aşağı) istiqamətdə mailliyə malik olmalıdır,
3. daşqın və digər təbii fəlakət hadisəsi zamanı su altında qalma riski nəzərə alınmalıdır,
4. qrunt sularının yuxarı hissələrinin axma səviyyəsi torpağın səthindən ən azı 2 metr dərinlikdə olmalıdır,
5. ərazidəki torpaq sahəsi hava keçiriciliyinə və tez quruma qabiliyyətinə, quru məsaməliliyə (qumlu, qumluca, az gilli və s.) malik olmalıdır,
6. torf və ağır gilli torpaq sahələri olmamalıdır.
Nəzərdə tutulmuş tələblərə cavab verən torpaq sahələri olmadıqda, qəbiristanlığın tikintisi üçün ayrılan torpaq sahəsində drenaj sistemi olmalıdır.
Qəbiristanlığın salınması üçün ayrılan torpaq sahələri nəzərdə tutulan tələblərdən birinə cavab vermədikdə, həmin torpaq sahələrindən istifadə edilməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Səhiyyə Nazirliyinin rəyi əsasında onların bu tələblərə uyğunlaşdırılmasından sonra yol verilir.