AMEA əhalini təlaşlanmamağa çağırır Hadisə

AMEA əhalini təlaşlanmamağa çağırır

"Fevralın 10-da baş vermiş zəlzələdən sonrakı proqnozlar və təşvişlər əsassızdır"

"Fevralın 10-da Hacıqabul yaxınlığında baş vermiş 5,8 maqnitudalı zəlzələ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutu və ABŞ alimləri tərəfindən birgə aparılan tədqiqatların nəticələrini doğruldur".
AMEA Geologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, 1998-ci ildən 2010-cu ilə qədər aparılmış araşdırmalardan sonra institutun direktoru, akademik Akif Əlizadə, elmi işlər üzrə direktor müavini, akademik İbrahim Quliyev, şöbə müdiri, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov, həmçinin ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun alimləri Mayk Floyd, Robert Reylinger, Sadi Kuleli, Kinq və Nafi Toksöz 2012-ci ildə "Natural Hazard" jurnalında birgə məqalə dərc etdirib, Şərqi Qafqaz ərazisində geodinamik prosesləri təsvir ediblər. Alimlər bu elmi məqalə ilə Kür çökəkliyi, Abşeron, xüsusən də Bakıda yer qabığının sıxılması nəticəsində baş verən deformasiya prosesləri barədə ətraflı məlumat veriblər. Bildiriblər ki, bu ərazidə toplanmaqda olan güclü enerji yaşayış məntəqələrinə və Bakı ətrafında neft infrastrukturuna təhlükə törədə bilər.
Alim qeyd edib ki, məqalədə böyük dağıntılara səbəb olacaq zəlzələ haqqında heç bir söhbət getmir. KİV-də geniş miqyaslı fəlakətlər barədə yayılan informasiyalar məqalənin müəlliflərinə aid deyil. "Natural Hazard" jurnalındakı məqalə yeni dərc olunduqda müəlliflərin məlumatları müəyyən KİV tərəfindən düzgün tərcümə olunmayıb, yanlış anlaşılıb və ictimaiyyətdə böyük çaşqınlığa səbəb olub. Sonra alimlər açıqlama verərək məsələyə aydınlıq gətiriblər.