
Avstriyanın mədəniyyət və incəsənət mərkəzlərindən biri olan Salzburg şəhərində fəaliyyət göstərən Salzburg Azərbaycan Evində növbəti həmvətən görüşü keçirilib.
Xalqcebhesi.az xəbər verir ki, artıq xoş bir ənənəyə çevrilən bu görüşlər hər həftənin sonunda müxtəlif yaş qruplarından olan soydaşlarımızı bir araya gətirərək milli birliyimizin, həmrəyliyimizin və qarşılıqlı dostluq münasibətlərimizin daha da möhkəmlənməsinə xidmət edir.
Azərbaycan Evi təkcə mədəniyyət ocağı deyil, eyni zamanda Avstriyada yaşayan azərbaycanlıların doğma vətən ab-havasını hiss etdiyi, milli-mənəvi dəyərlərimizi yaşatdığı və gələcək nəsillərə ötürdüyü mühüm bir məkandır. Bu səbəbdən hər həftə burada təşkil olunan görüşlər iştirakçılar tərəfindən böyük maraq və sevgi ilə qarşılanır.
Bu həftə keçirilən görüş də öz səmimiyyəti və zəngin proqramı ilə yadda qaldı. Bir masa ətrafında toplaşan həmvətənlərimiz əvvəlcə müxtəlif mövzuları əhatə edən maraqlı viktorinalarda iştirak etdilər. Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı və ümumi dünyagörüşünü əhatə edən suallar iştirakçılar arasında sağlam rəqabət və xoş əhval-ruhiyyə yaratdı. Viktorinalar həm biliklərin artırılmasına, həm də iştirakçılar arasında ünsiyyətin daha da genişlənməsinə şərait yaratdı.
Görüş zamanı milli mətbəximizin zəngin nümunələrindən ibarət süfrə də quruldu. Həmvətənlərimiz Azərbaycan təamlarının dadını çıxararaq vətən xatirələrini bölüşdülər, doğma yurd haqqında söhbətlər etdilər. Süfrə arxasında yaranan səmimi mühit iştirakçılara ailə istiliyini və birlik hissini yaşatdı.
Tədbirin davamında səsləndirilən gözəl Azərbaycan musiqiləri görüşə xüsusi rəng qatdı. Milli musiqimizin ecazkar sədaları altında iştirakçılar xoş söhbətlər edərək bir daha nümayiş etdirdilər ki, harada yaşamalarından asılı olmayaraq azərbaycanlıları birləşdirən ən böyük dəyərlər milli kimlik, birlik və həmrəylikdir.
Salzburg Azərbaycan Evində keçirilən bu cür görüşlər xaricdə yaşayan soydaşlarımızın bir-birinə daha da yaxınlaşmasına, milli-mədəni dəyərlərimizin qorunmasına və Azərbaycan həqiqətlərinin gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verir. Bu ənənənin davam etdirilməsi həm icmamızın güclənməsi, həm də Azərbaycan diasporunun Avstriyada daha fəal və təşkilatlanmış şəkildə fəaliyyət göstərməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Bir daha sübut olundu ki, birlik olan yerdə güc, həmrəylik olan yerdə isə uğur vardır. Salzburg Azərbaycan Evi bu gün də soydaşlarımızı bir araya gətirən, dostluğu, qardaşlığı və milli birliyi yaşadan doğma ünvan olaraq fəaliyyətini uğurla davam etdirir.
Cavid