"“Relax” az vergi ödəyən birinci şirkət deyildi və sonuncu da olmayacaq" Hadisə

"“Relax” az vergi ödəyən birinci şirkət deyildi və sonuncu da olmayacaq"

Birmənalı şəkildə, himayə olunan obyektlərdə vergi intizamının formalaşmasına ehtiyac var"

Bu sözləri deputat İqbal Məmmədovun ailəsinə məxsus olan "Relax" istirahət mərkəzində aparılan vergi yoxlamalarına dair fikir bildirən iqtisadçı ekspet Vüqar Bayramov deyib. Ekspert qeyri-neft sektorunun inkişafını real sektorda "himayəçiliyin" aradan qaldırılmasından və gizli iqisadiyyata qarşı mübarizənin səmərəli aparılmasından asılı olduğunu qeyd edib. Baymedia iqtisadçının həmin şərhini oxucularına təqdim edir: "Rəsmi açıqlamadan bəlli olur ki, “Relax” bu ilin 7 ayında cəmi 972 manat vergi ödəyib. Bu o deməkdir ki, 20 obyekti olan istirahət mərkəzində hər bir obyekt qeyd olunan müddətdə orta hesabla 48 manat 60 qəpik vergi ödənişi həyata keçirib. Və deməli, hər bir obyektin aylıq vergi ödənişi orta hesabla hətta 7 manatdan da az olub. 14 hektar sahəsi olan istirahət mərkəzi üçün bu hər sotdan istifadə də 7 ayda cəmi 70 qəpik vergi ödənişi deməkdir. Bu hər torpaq sotunun ayda cəmi 10 qəpik vergi ödənişi anlamına gəlir. Qiyməti kifayət qədər yüksək olan və nəinki mövsüm hətta digər aylarda da sıxlıq müşahidə olunan bir istirahət obyektinin ayda belə gülməli rəqəmlər ilə ifadə olunan vergi ödənişləri gizli iqtisadiyyatın miqyasını göstərən və əslində buna qarşı mübarizənin əhəmiyyətini bildirən faktlardandır. Aydındır ki, “Relax” az vergi ödəyən birinci şirkət deyildi və sonuncu da olmayacaq. Vergilər Nazirliyinin bu məsələdə prinsipial mövqeyi təqdirə layiqdir. Birmənalı şəkildə, himayə olunan obyektlərdə vergi intizamının formalaşmasına ehtiyac var. Aydındır ki, qeyri-neft sektorunun inkişafının davamlılığı məhz gizli iqtisadiyyata qarşı mübarizənin hansı səviyyədə səmərəli aparılmasından və təbii ki, real sektorda “himayəçiliyin” aradan qaldırmasından asılı olacaq".