Cəbhə xəttində yüksək döyüş hazırlığı Hadisə

Cəbhə xəttində yüksək döyüş hazırlığı

Azərbaycanın zərbə helikopterləri Füzuli istiqamətində cəbhə boyu uçuşlar həyata keçirir

Azərbaycan Ordusunun artilleriyası Ermənistan hərbi birləşmələrinin atəş nöqtələrinə və hərbi hissələrinə tuşlanıb

Azərbaycanın Silahlı Qüvvələrinin cəbhə xəttində yerləşən artilleriya hissələri döyüşə hazır vəziyyətə gətirilib.
APA-nın Qarabağ cəbhəsinə - qoşunların təmas xəttinə ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycan Ordusunun cəbhədəki artilleriya divizionları tam hazır vəziyyətdə əmr gözləyir. Toplar, minaatanlar, reaktiv yaylım atəş sistemləri və özüyeriyən artilleriya sistemləri düşmənin cəbhə xəttinin birinci eşelondakı və arxadakı dayaq məntəqələrinə tuşlanmış vəziyyətdədir.
Artilleriyaçılar Ermənistan Ordusunun ön xətdəki möhkəmləndirilmiş uzunmüddətli atəş nöqtələrinin, ərazidəki hərbi hissələrinin hədəfə götürüldüyünü bildiriblər.
"Artilleriya batareyalarımız öz döyüş mövqelərini tutub və hazır vəziyyətdədirlər. Bizim artilleriya sistemlərimiz Ermənistan Ordusunun cəbhənin uzaq dərinliyindəki obyektlərini məhv etmək imkanına və böyük dağıdıcı gücə malikdir", - deyə artilleriya zabiti bildirib.
Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) zərbə helikopterləri isə cəbhənin Füzuli rayonu istiqamətində uçuşlar həyata keçirir.
Helikopterlər dünən səhər saatlarından uçuşlara başlayıb. Döyüş helikopterləri qoşunların təmas xətti üzərində uçur.
Yerli sakinlərin verdikləri məlumata görə, ötən gün səhər saatlarından xeyli sayda sakin rayondakı hərbi hissənin qarşısına toplaşaraq könüllü şəkildə silahlanıb, ön xəttə döyüşə getmək istədiyini ifadə edib. Hərbi hissə önünə toplaşanlar arasında 1992-1994-cü illərdə Füzulinin özünümüdafiə taborlarında döyüşənlər, keçmiş zabitlərlə yanaşı, gənclər, hərbi xidməti bir neçə il əvvəl başa vurmuş şəxslər də var.
Hərbi hissə komandanlığı və rayonun müvafiq qurumlarının nümayəndələri vətəndaşlarla görüşərək, onların təkliflərini dinləyib, ehtiyac yaranarsa, onların köməyindən istifadə olunacağını bildiriblər.
Qeyd edək ki, Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun daha bir hərbçisi yaralanıb. Güllə yarası alan gizir Valeh Xosiyev hospitala yerləşdirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Hərbçinin vəziyyəti orta-ağır qiymətləndirilir.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 161 dəfə pozulub. Məlumata görə, erməni silahlı bölmələri dünən gecə Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Çinari, Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Ağdam kəndlərində, Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Noyemberyan rayonunun Barekamavan, Dovex və Voskevan, İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Vozaşen, Berkaber və Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Qızılhacılı və Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.
Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şuraabad, Şıxlar, Baş Qərvənd, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Tərtər rayonunun Çiləbürt, Qızıl Oba, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.