Tovuzda 4 erməni hərbçisi məhv edildi Hadisə

Tovuzda 4 erməni hərbçisi məhv edildi

İtkilər verərək geri çəkilən təxribat-diversiya qrupunun daha bir üzvü əsir götürülüb

Ötən gün cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 128 dəfə pozulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Noyemberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Barekamavan, Dovex, İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qaymaqlı, Kəmərli və Qızılhacılı kəndlərində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.
Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Sarıcalı, Kəngərli, Mərzili, Cəvahirli, Tərtər rayonunun Göyarx, Çaylı, Çiləbürt, Qızıl Oba, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.
Müdafiə Nazirliyinin məlumatına görə, ötən gün saat 13.30 radələrində Tovuz rayonunun ərazisində ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı alınıb. Aşkar olunan qrup yaxın məsafəyə buraxıldıqdan sonra dəstənin zərərsizləşdirilməsi istiqamətində tədbirlərə başlanıb. İtkilər verərək geri çəkilən təxribat-diversiya qrupunun 4 üzvü məhv edilib, daha bir üzvü Berd rayonun Çinari kənd sakini 1989-ci il təvəllüdlü Karen Petrosyan isə əsgərlərimiz tərfindən tutulub.
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində daha bir erməni əsgərinin yaralandığı barədə isə erməni mətbuatı xəbər yayıb. Məlumata görə, atışma zamanı Ermənistan ordusunun hərbçisi 1995-ci il təvəllüdlü Viktor Abramov yaralanıb.