Gələcək üçün yazan alim Hadisə

Gələcək üçün yazan alim

XX əsrin II yarısında Azərbaycanda pedaqogika elminin və Azərbaycan dilinin tədrisi metodikasının formalaşmasında professor Bəşir Əhmədovun müstəsna rolu olub. Mən onu ilk dəfə 1965-ci ilin sentyabrında Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunda görmüşəm. O zamana qədər Bəşir Əhmədov imzası ilə tanış idim. Hətta doğulub işlədiyim Salyan rayonunun Əli Bayramlıya yaxın kəndlərindən birində müəllim işlədiyini də eşitmişdim.
Aspiranturaya qəbul olmaq üçün sənədlərimi ETPİ-yə təqdim etmək məqsədi ilə oraya yollandım. Deyim ki, orada aspiranturaya qəbulun olub-olmadığını da bilmirdim. Elmi katibin otağına daxil oldum. Gəlişimin məqsədini bildirdim. O, məndən sənədlərimi istədi. Birinci növbədə ali məktəbi bitirdiyim diploma əlavəni nəzərdən keçirdi. Bütün qiymətlərimin əla olduğunu görəndə sevinc duyğusu keçirdiyini hiss etdim. O, gözünü sənədlərdən ayırıb mənə baxdı və asta-asta dedi:
- Bizdə pedaqogika tarixi üzrə 1 yer var. Artıq 3 nəfər sənəd verib. Qəbul müddətinin qurtarmasına da 3 gün qalıb. Siz 2 gün ərzində referat hazırlaya bilərsinizmi?
- Bəli, - cavab verdim.
O, telefonun dəstəyini götürüb, kiminsə nömrəsini yığdı. Sonra dedi:
- Pedaqogika tarixi üzrə aspiranturaya bir gənc oğlan sənəd gətirib. 5 illik stajı var. Rayonda müəllim işləyib. Pedaqoji İnstitutun tarix-filologiya fakültəsini bitirib, qiymətləri əladır. Qəbul müddəti 2 gündən sonra bitir. Onun sənədlərini qəbul edimmi?
Elmi katibin nə cavab aldığını bilmədim. Amma gördüm ki, telefonda digər bir nömrəni yığır. Cavab aldıqdan sonra dedi:
- Professor, pedaqogika tarixi ixtisası üzrə aspiranturaya yeni sənəd qəbul etmişik. Referatı yoxdur. Ona referat mövzusu versəniz, yaxşı olar.
Elmi katib görünür ki, mənim sənədlərimlə bağlı problemləri həll etdi. Ona görə də üzünü mənə tutub dedi:
- Direktorumuz Mirzə Məmmədov sənədlərin qəbuluna razıdır. Professor Əhməd Seyidov da dedi ki, siz "Mirzə Fətəli Axundovun pedaqoji görüşləri" mövzusunda 15 səhifəlik referat yazıb gətirəsiniz...
Beləliklə, mən həmin elmi katibin qayğısı sayəsində qəbul imtahanına buraxıldım. Ən yüksək bal toplayaraq həmin bir yerə aspirant olaraq qəbul edildim...
Kənddən gəlmiş nabələd, hələ elmi-tədqiqat təcrübəsi olmayan gəncə diqqət və qayğı göstərən həmin elmi katib Bəşir Əhmədov idi. Onun qayğısı və xeyir-duası ilə başladığım yol uğurla davam etdi və bu gün də öz bəhrəsini verməkdədir.
Bəşir müəllim həm namizədlik, həm də doktorluq dissertasiyasını gənc ikən müdafiə etmişdi. O, gənc alim olaraq mükəmməl biliyinə və elmi səriştəsinə görə təcrübəli alimlərlə eyni sırada qəbul edilirdi. Əvvəllər yalnız metodiki məqalələr və əsərlər yazan Bəşir müəllim, sonralar pedaqoji problemlərin nəzəri məsələlərinə aid, xüsusilə didaktika ilə əlaqədar olaraq məqalələr, kitablar yazdı. Onun sanballı "Pedaqogika" dərs vəsaiti, pedaqoji qanun və qanunauyğunluqlara aid monoqrafiyası, çoxsaylı məqalələri ümumi pedaqogika elminin formalaşmasında və zənginləşməsində az rol oynamadı.
O, doktorluq dissertasiyasını müdafiə etdikdən sonra ETPİ-dən getdi, ali təhsil ocaqlarında çalışmağa başladı. Bir müəllim kimi də novatorluğu ilə digərlərindən fərqlənirdi. Bəşir müəllimin yaradıcılıq keyfiyyətləri sırasında yeniliyə can atmasını, Rusiyada yeni çap olunmuş kitablardakı problem məsələləri ilkin olaraq Azərbaycanda təbliğ etməsini qeyd etmək olar.
1974-cü ildə "Azərbaycan məktəbi" jurnalına baş redaktor təyin olunduqdan sonra mənim onunla təmasım daha da artdı. O, jurnala tez-tez məqalə yazırdı. Onu da qeyd etmək istərdim ki, "Azərbaycan məktəbi" jurnalına baş redaktorluğa başlarkən redaksiyasının qovluğunda professor N.Kazımovla professor B.Əhmədovun bir-birinin fikirləri əleyhinə elmi mövqedən yazılmış məqalələri vardı. Mənə qədər onlardan bəziləri dərc edilmişdi. Deyim ki, Bəşir Əhmədov daha sərt mövqedən çıxış edirdi və redaksiya ona geniş yer verirdi. Onların yazdıqları, əsasən rus alimlərinin fikirlərinə istinadən ümumiləşdirilirdi. Mən bu halın xoşagəlməz münasibət doğurduğunu hiss edərək, münaqişənin qarşısını aldım. Bəşir müəllimin təqdim etdiyi N.Kazımovun fikirlərini təkzib edən məqaləsinin üstündə "qaldıralan məsələlər Rusiya alimlərinin fikirlərinə istinadən yazıldığı üçün məqalənin mərkəzi mətbuatda dərc olunmasını məsləhət görürəm. "Azərbaycan məktəbi" üçün xarakterik deyil", - yazdım. Beləliklə, bu problem öz həllini tapdı. Görünür ki, Bəşir müəllim mənim bu münasibətimdən narazı qalaraq, redaktor kimi ilk imzaladığım nömrənin içərisindən bir tərcümə materialının qrammatik səhvlərlə çap edildiyi barəsində "Kommunist" qəzetində tənqidi bir yazı dərc etdirdi. Məqalənin sonunda yazmışdı ki, bu məqaləyə qrammatik səhvlərinə görə "2" qiymət verilə bilər. Hansı ki, "Azərbaycan məktəbi" jurnalı savadlı, səhvsiz nəşr edilməlidir.
Mən həmin tənqidi məqaləni oxudum, fikirlərini təsdiqlədim. Amma burda bir nüans vardı. Bu da tərcümə materialının məndən əvvəlki baş redaktor tərəfindən hazırlanması və nəşrə göndərilməsi idi. Yəni həmin nömrə məndən öncə hazırlanmışdı, formal olaraq mən imzalamışdım. Bu barədə "Kommunist" qəzetinə məqaləyə cavab olaraq fikirlərimi yazdım. Redaksiya mənimlə razılaşdı.
Bu hadisə işə yeni başlayan təcrübəsiz naşir kimi məndə həmişəlik məsuliyyət hissini formalaşdırdı. Mən Bəşir Əhmədova əks mövqedən yanaşmadım. Sanki heç nə olmamış kimi həmişə ona hörmət etdim, məqalələrini jurnal səhifələrinə çıxartdım, istedadlı alim kimi adını məruzələrə, çıxışlara daxil etdim. Bəşir müəllim mənim qərəzsiz münasibətimi lazımınca qiymətləndirdi. O, yeri düşəndə məclislərdə deyirdi ki, Əjdər obyektiv, ədalətli insandır. Özünün şəxsi mövqeyi, şəxsi fikri olur. Nə hadisələrin, nə də kiminsə təsiri altına düşmür.
Professor Bəşir Əhmədov özü zəhmətkeş, istedadlı alim, müəllim, tədqiqatçı olduğu üçün bu cür keyfiyyətli insanlara önəm verirdi. Redaksiyadan sonra Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda şöbə müdiri olarkən qızı Xoşqədəmin dissertasiyasına mənim elmi rəhbərlik etməyimi məsləhət bildi. Onunla ezamiyyələrdə, elmi konfranslarda iştirakım indi də xoş xatirə kimi yadımdadır. Hətta bəzən piyada gedərkən rastıma çıxanda, maşını ilə məni gedəcəyim yerə aparmağa tənbəllik etməzdi.
Təəssüf ki, Bəşir müəllim əbədilik dünyasına tez qovuşdu. O, hələ çox yazıb, yaradacaqdı. Amma bir təsəllimiz var ki, o, yaşadığı illərdə nəinki 80, hətta 100 ilin işini görə bilmişdi. O, hələ sağlığında ikən gələcək illərin problemlərini görə bilirdi. Ona görə də onun yazdıqları bu gün də aktualdır.

Əjdər AĞAYEV,
pedaqoji elmlər doktoru, professor