Baş Nazirin müavini: Samur çayı üzərindəki yeni körpü beynəlxalq layihələrin həyata keçirilməsi üçün daha geniş imkanlar yaradır Hadisə

Baş Nazirin müavini: Samur çayı üzərindəki yeni körpü beynəlxalq layihələrin həyata keçirilməsi üçün daha geniş imkanlar yaradır

Azərbaycan ilə Rusiya sərhədində Samur çayı üzərində yerləşən avtomobil körpüsünün açılışı ölkələrimiz arasında olan dostluq və qonşuluq münasibətlərinin rəmzidir. Bu körpü təkcə Samur çayının iki sahilini birləşdirmir, həm də xalqlarımızı birləşdirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Baş Nazirin müavini Şahin Mustafayev Samur çayın üzərində avtomobil körpüsünün açılışı zamanı deyib.
Azərbaycan ilə Rusiyanı strateji əlaqələrin birləşdirdiyini vurğulayan Baş Nazirin müavini qeyd edib ki, yeni körpü beynəlxalq layihələrin həyata keçirilməsi üçün daha geniş imkanlar yaradır.
Şahin Mustafayev bildirib ki, bu ilin oktyabr ayında Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya səfər edib və iki ölkə başçısının görüşləri baş tutub. Bu görüşlərdə ölkələrimiz arasında iqtisadi və siyasi inkişaf dinamikasi yüksək dəyərləndirilib. İkitərəfli əməkdaşlığın bir sıra sahələri müzakirə edilib.
Baş Nazirin müavini əlavə edib ki, Birinci vitse-prezident Mehriban Əliyeva da ölkələrimiz arasında münasibətlərin inkişafında böyük rol oynayıb.
Yeni körpünün sərhədyanı regionlarda yaşayan insanların əlaqələrinin daha da sıxlaşmasına imkan verəcəyini söyləyən Ş.Mustafayev bildirib ki, bu körpü ticarət əməliyyatlarının genişlənməsinə də imkan yaradacaq. İki ölkə arasında sabit ticarət əməliyyatlarının artımı qeydə alınıb. On ay ərzində Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 23 faiz artıb. Gömrük sadələşdirilməsi və "Yaşıl dəhliz" sisteminin işə salınması ticarət dövriyyəsini daha da genişləndirəcək.
Baş Nazirin müavini vurğulayıb ki, yeni körpü Şimal-Cənub nəqliyyat dəhlizinin vacib komponentidir. Onun sözlərinə görə, bu ilin 10 ayında Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yük daşınması 60 faiz, Şimal-Qərb marşrutu üzrə isə 53 faiz artıb. Eyni zamanda, körpünün açılışı turizmin inkişafına da təkan verəcək, insanların gediş-gəlişini asanlaşdıracaq.