“İntihar körpüsü”nə çıxmaq çıxış yoludurmu? Hadisə

“İntihar körpüsü”nə çıxmaq çıxış yoludurmu?

İcra başçısından şikayətlənən vətəndaşı xahişlə-minnətlə endirib dinlədilər
Fəqan Nəsibovun müraciəti baş prokuror tərəfindən nəzarətə götürüldü, işi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi araşdıracaq

Dünən paytaxtda daha bir nəfər intihara cəhd edib. Metronun "Koroğlu" stansiyası yaxınlığında Fəqan Nəsibov adlı şəxs intihar etmək məqsədilə körpüyə çıxıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. İntihar etmək istəyən şəxsi fikrindən daşındırmaq üçün xeyli danışıqlar aparılıb.
Və nəhayət o, xilas edilib. Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin Fəqan Nəsibovla apardığı danışıqlar nəticə verib və o, fikrindən daşındırılaraq körpüdən düşürülüb. Hadisə yerinə onun ailə üzvləri də gəlib.
Məlum olub ki, Fəqan Nəsibov hazırda Zərdab Rayon İcra Hakimiyyətinin başçısı olan Lütfəli Babayevin Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı olarkən ondan aldığı 65 min dolları qaytarmadığı üçün intihara cəhd edib.
Fəqan Nəsibov dünən baş prokuror Zakir Qaralov tərəfindən qəbul edilib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, Bakı Metropoliteninin intihara cəhd edən Səbail rayon sakini Nəsibov Fəqan Sabir oğlu baş prokuror Zakir Qaralov tərəfindən qəbul edilərək dinlənilib.
Fəqan Nəsibovun müraciəti baş prokuror tərəfindən nəzarətə götürülməklə şikayət ərizəsində göstərilən xüsusatların qanuna müvafiq qaydada araşdırılması üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.
O da məlum olub ki, millət Vəkili Qənirə Paşayeva da özünü körpüdən atmaq istəyən şəxslə telefonla danışıb. Bu barədə millət vəkili özünün Facebook səhifəsində yazıb: "Bu gün sanki dəhşətli film kimi bir gün yaşadım. Səhhətimdə bəzi problemlər olduğundan işə çıxmamışdım. Qəfildən jurnalistlərdən biri zəng edib deyir ki, Koroğlu stansiyası yaxınlığında körpünün ən yuxarı hissəsinə bir kişi çıxıb, intihar edəcəyini deyir və sizi görmək istəyir. Evdən necə çıxdığımı xatırlamıram...
Gözümün qabağına ailəsi, uşaqlarının yaşaya biləcəyi faciə gəldikcə dəhşətə gəlirdim və nəhayət Qənirə Paşayevadır deyə bir mesaj atdım. İki dəqiqə sonra telefonuma cavab verdi və mən düşməsi üçün xahiş etməyə başladım. Dəhşətli külək səsindən zorla danışılırdı, o isə mənə şikayətini danışır və dinləməmi istəyirdi. Dəhşət içində idim və "sizi diqqətlə dinləyirəm, amma nə olur ehtiyatlı olun yıxıla bilərsiniz, siz düşün mən də çatıram, sizi istədiyiniz qədər dinləyəcəm" deyirdim. O isə israrla şikayətini danışırdı. Bəlkə 15-17 dəqiqə içində mən nələr yaşadım onu bir Allah bilir...
Köməkçim deyir ki, mən sizi heç kimə yalvaran görməmişdim. Mən də deyirəm mən də ilk dəfə idi intihar etmək istəyən şəxslər belə bir vəziyyətdə danışırdım. Birinici danışığımız uğursuz alındı və mən oraya çatmayana qədər enməyəcəyini dedi. 2 dəqiqə sora təkrar zəng etdim və sözün həqiqi mənasında ona düşməsi üçün yalvarmağa başladım, ailəsini, uşaqlarını düşünməsini istədim...İnanıram ki, inşalllah şikayəti obyektiv araşdırılaraq öz həllini tapacaq. Baş prokuror Zakir Qaralova belə operativ reaksiyası üçün təşəkkür edirəm. Prokurorluqla telefon söhbətimizdə də məsələyə obyektiv baxılacağı bildirildi. Ayrıca hər zaman operativliyi ilə seçilən Fövqaladə Hallar Nazirliyimizə də təşəkkür edirəm. Bir vətəndaşımızı da heç bir xəsarət almadan xilas etdikləri üçün. İnşalllah inanıram ki, bir daha belə hallar təkrar yaşanmayacaq. İntiharlar çıxış yolu deyil, əzizlərim. Ailənizi, yaxınlarınızı düşünün lütfən. Yaşadığım hadisənin şokundan indi özümə gəlirəm və sadəcə Allaha dua edirəm ki, şükür ki, hər şey yaxşı qurtardı. Yoxsa çox dəhşətli bir ağrı yaşaya bilərdik. Hamımız..."