Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov Azərbaycan xalqına təbrik ünvanlayıb Hadisə

Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov Azərbaycan xalqına təbrik ünvanlayıb

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov xalqı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə təbrik edib. Təbrikdə deyilir: “Əziz həmvətənlər!
Artıq ilin son günlərini yaşayırıq. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü Yeni ilə qoşularaq yenə də könüllərə sevinc, əllərə birlik, ruhlara fərəh verəcək. Mən, Sizi, dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı mənəvi birlik və həmrəylik rəmzi olan bu bayram münasibətilə Azərbaycan Ağsaqqallar Şurasının çoxsaylı üzvləri adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, ailələrə sevinc, rifah, xalqımızın və dövlətimizin əmin-amanlığı və rifahı naminə etdiyiniz duaların Allah dərgahında qəbul olunmasını arzulayıram.
Bu mübarək gündə xalqımız da həmrəyliyin sevinc və fərəhini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirir, bir-birlərilə könül xoşluğu ilə bayram sevincini bölüşürlər. Xalqımızın və dövlətimizin əmin-amanlığı və tərəqqisi üçün diləklər edilir, şəhidlərimizin ölməz ruhuna dualar oxunur.
Məhz ümummilli liderimiz Heydər Əliyev öz xalqının tarixi mənəvi dəyərlərini, eləcə də ümumbəşər mədəniyyətinin nailiyyətlərini dərindən bilən, onları qoruyub-hifz edən, yaşadan bir lider və dövlət qurucusu kimi tolerant Azərbaycanda demokratiyanın, insan haqlarının, həmrəyliyin, eləcə də din və vicdan azadlığının əsasını qoymuşdur. Milli-mənəvi və dini dəyərlərimizin xalqımızın mədəni inkişafında müstəsna rol oynaması üçün daima çalışan ulu öndər Heydər Əliyevin bu şərəfli missiyasını ölkə başçısı cənab İlham Əliyev də uğurla davam etdirir, dövlətçilik siyasətində müqəddəs mənəvi dəyərlərə daima yüksək qiymət verir, xüsusilə birlik və həmrəyliyin ümumbəşəri mahiyyətinə böyük hörmətlə yanaşır.
Əziz dünya azərbaycanlıları!
İnanıram ki, Ulu Öndərin bizə əmanət qoyduğu sülh, əmin-amanlıq və bərabərlik rəmzi olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü əsrlərlə yaşayacaq, Azərbaycan xalqı daim əl-ələ və həmrəy olacaqlar. Allah öz mərhəmətini Azərbaycan millətindən əsirgəməyəcəkdir. Qoy bu gözəl bayram, Yeni il ölkəmizə, vətəndaşlarımıza, bütün İslam aləminə sülh, əmin-amanlıq, səadət, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət gətirsin!
Bayramlarınız mübarək olsun!”