Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Çaylar quruyur...

Çaylar quruyur... Hadisə

Çaylar quruyur...

Mövcud quraqlıq bu il məhsuldarlığı azaldıb

Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə Trend-ə bildirib ki, bu il Böyük Qafqazın cənub yamacındakı Ağsuçay, Girdimançay, Göyçay, Türyançay ya tam quruyub, ya da onların su sərfi ən minimum həddə düşüb: "Bu il ölkə ərazisinə yağıntılar çox az düşdüyündən çaylarda azsululuq var. Hətta su anbarlarımızın da su ehtiyatları çox çətinliklə toplanılır".
Azərbaycanın əksər hissəsinin quraq, yəni quru subtropik ərazi olduğundan ölkədə suvarma əkinçiliyi tətbiq edilir. Azərbaycanda suvarma üçün çox böyük əhəmiyyəti olan 140-dən artıq su anbarı var və onlardan suvarma üçün daha əhəmiyyətli və böyük olanı Şəmkir, Yenikənd, Mingəçevir, Bəhramtəpə, Mil-Muğandır. Bunlar əsasən, Kür, Araz çayının suyu ilə işləyir. Elbrus Əlizadənin dediyinə görə, mövcud quraqlıq su anbarlarında lazımi qədər suyun toplanmasına mane olur: "Bu il həm Kürdə, həm də Arazda su sərfi keçən ilə nisbətən xeyli aşağıdır. Düzdür, su anbarlarında qışdan xeyli su ehtiyatı toplanılıb. Ancaq o ehtiyatlardan qənaətlə istifadə etmək lazımdır. Çünki bu il doğrudan da, yağıntıların miqdarı azdır. Ola bilsin ki, payızda yağıntıların miqdarı orta illik göstəriciyə çatacaq".
Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, Yer kürəsi ərazisinin 85 faizi quraqlığa məruz qalıb ki, bu da quraqlığın davam etdiyi ölkələrdə yoxsulluq və aclığa zəmin yaradıb. Hazırda planetdə ekoloji miqrantların sayı artıq 24 milyonu keçib və 2050-ci ilədək onların sayının sürətlə artacağı proqnozlaşdırılır.
Kənd təsərrüfatı baxımından quraqlıq uzun müddət ərzində yer səthinə yağıntıların düşməməsidir. Quraqlıq keçən dövrdə havanın temperaturu yüksək, nisbi nəmliyi isə olduqca aşağı olur. Bununla əlaqədar olaraq kənd təsərrüfatı bitkilərinin suvarma suyuna olan tələbatını ödəmək məqsədi ilə suvarma rejimində dəyişikliklər aparılır, yəni suvarmaların sayı və suvarma norması artırılır. Quraqlıq ən çox iqtisadi itkilər törədən fəlakətlərdən biridir və mövcud olan bütün təbii fəlakətlərdən zərərçəkənlərin sayına görə ən təhlükəli fəlakətlər sırasına daxildir. Azərbaycanın düzənlik və dağətəyi bölgələri üçün də quraqlıq olduqca təhlükəli təbii hadisələrindən biri hesab edilir. Qeyd edilən bölgələrdə yaz və yay aylarında yağıntıların düşmədiyi illər quraq keçir.
Quraqlıq keçən illərdə yağıntıların az düşməsi ilə əlaqədar olaraq dağətəyi bölgələrin bir çox çayları quruyur və nəticədə kənd təsərrüfatı bitkilərinin, otlaqların və meyvə bağlarının suvarılması üçün yerüstü suvarma suları tələbatı ödəmir. Bu dövrdə yeraltı suların yerüstü sular hesabına qidalanması da kəskin şəkildə azalır. Vegetasiya dövründə kənd təsərrüfatı əkinlərinin suya olan tələbatı əsasən yeraltı şirin və az minerallı sular hesabına ödənilir.
Aparılmış hesablamalar göstərir ki, Azərbaycanda yeraltı suların içmək və məişət xidmətləri üçün istifadəsi ümumi hasilatın 20-23 faizini təşkil edir. Bu sulardan suvarma və texniki məqsədlər üçün istifadə isə təxminən 80 faizə bərabərdir. Quraqlıq keçən illərdə bu həcm bəzən 90 faizə çatır ki, bu da vegetasiya dövründə yeraltı suların istismar ehtiyatlarının kəskin şəkildə azalması və qrunt suları səviyyəsinin mütəmadi olaraq aşağı enməsi ilə nəticələnir.
Quraqlıq dövründə dağlıq bölgələrə düşən yağıntıların miqdarı da kəskin şəkildə azalır. Bu da bulaqların sululuğuna (sərfinə) öz mənfi təsirini göstərir. Nəticədə iri çayların dağlıq ərazilərdən axan qollarında suyun sərfi minimuma enir ki, bu da dağətəyi bölgələrdə çayların sululuğunun kəskin şəkildə azalmasına gətirib çıxarır.
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağının baş aqronomu Asif Mehrəliyevin dediyinə görə, quraqlıq olduğu zaman suvarma sistemindən istifadə edilərsə, bu, meyvə-tərəvəzlərin inkişafına mənfi təsir etmir: "Ancaq həmin sahələr suvarma ilə təmin olunmadıqda bu, məhsuldarlığa mənfi təsir edir və artıq edib də. Mövcud quraqlıq bu il taxılın məhsuldarlığını azaldıb. Bu il dəmyə şəraitinin olduğu zonalarda - Şəki, Şamaxı, Qobustanda taxıl sahələri quraqlıqdan məhv olub". Baş aqranom quraqlığın dəmyə üzümcülüyü olan ərazilərdə məhsuldarlığa mənfi təsir edəcəyini bildirir. Dəmyə üzümçülüyü dağətəyi rayonlarda- Şəmkir, Daşkəsən, Gədəbəydə salınır. Ümumiyyətlə isə dəmyə şəraitində əkinçilik və meyvə-tərəvəz yetişdirmə əsasən, ölkənin dağlıq və dağətəyi ərazilərində tətbiq edilir.
Meyvəçilik təsərrüfatının sahibi olan fermer Həsən Həsənov mətbuata açıqlamasında bildirib ki, yay meyvələrinin məhsuldarlığına quraqlıq ya təsir etməyib, ya da çox az təsir edib: "Quraqlıq yay meyvələrinə təsir etsə də, az edib. Məsələn, gilas artıq yığılıb". Lakin quraqlıq payız və qış meyvələrinə daha çox təsir edir. Çünki hazırda ağaclarda payızda yığılan meyvələr formalaşır. Artıq alma, armud və digər payız meyvələrinin dadı, rəngi formalaşma ərəfəsindədir. Ancaq quraqlıq üzündən bu ağacların meyvəsi böyümür: "Əslində, indi meyvə nisbətən formalaşmış olmalıdır. Ancaq görürsən ki, meyvə böyümür. Bunlar da susuzluğun təsirindəndir. Ağac lazım olan qədər su ilə qidalanmır, torpaqlarda çatlar əmələ gəlib. Çünki iki aydır ki, yağış yağmır, çaylarda da su azalıb. Torpaqda əmələ gələn çatlardan da olan su buxarlanıb gedir".
Fermer bildirib ki, məhsul əlverişsiz, susuz şəraitdə yetişdikdə o, zahirən vaxtından əvvəl yetişmiş kimi görünür: "Əlverişsiz mühit, quraqlıq meyvəni vaxtından əvvəl yetişdirir. Məhsul susuz olduqda vaxtından əvvəl yarımçıq da olsa, yetişir, amma tam dolğunlaşmır, meyvə zahirən yetişmiş kimi görünür. Normal yetişdikdə məhsul böyüyüb rəng alır, amma əlverişsiz şəraitdə tam böyüməmiş rəng alır. Onun dadı, keyfiyyəti də o biri kimi olmur". Fermer quraqlığın yalnız meyvələrin deyil, cavan, yeni əkilən, hələ meyvə verməyən ağacların da inkişafını da ləngitdiyini bildirir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometroloji Proqnozlar bürosunun baş hidroloqu Asif Verdiyev mətbuata verdiyi müsahibəsində bu il ölkədə müşahidə olunan quraqlıq, bunun səbəbləri ilə bağlı məlumat verib: "Ümumiyyətlə, qeyd etmək istərdim ki, bu il həm gursululuq dövründə, həm yay aylarında respublika çaylarında sululuğun normadan az olması ilə bağlı artıq mart ayının sonunda məlumat verilmişdi. Çünki bu ilin mart ayında dağlıq ərazilərdə qar ehtiyatı normadan az olmuşdu. Bununla bağlı müşahidələr aparıldı. Mart ayının sonunda gursululuq dövrünün proqnozu da veriləndə biz qeyd etmişdik ki, 2014-cü ilin gursululuq dövründə çaylarda sululuğun normadan az olacağı gözlənilir. O ki qaldı yay dövründə, bəzi çaylar var ki, havalar isti keçəndə onlarda quruma prosesi baş verir. Buna yağmursuz hava şəraiti, yüksək tempratur səbəb olur ki, çaylarda buxarlanma prosesi baş verir, çaylar quruyur.
Bunu Azərbaycanda quraqlığın göstəricisi hesab etmək olar. Ona görə ki, tək Qəbələ və İsmayıllı rayonları deyil, respublikanın əksər çaylarında, o cümlədən Kür, Araz, Qanıx çayında və s. sululuq səviyyəsi xeyli aşağıdır. Bu ilin iyul ayında Qəbələ, İsmayıllı, hətta Oğuz rayonlarına düşən yağıntı normadan dəfələrlə aşağı olubdur. Avqustun ilk on günlüyündə demək olar ki, yağıntı düşməyib. Havalar isti keçir, çaylarda buxarlanma prosesi gedir deyə, yağış suyu ilə qidalanan bəzi çaylarda quruma prosesi baş verir. Qəbələ, İsmayıllı ərazisinə axan Tikanlıçay, Türyançay, Həmzəliçay, Dəmiraparançay, Vəmdamçay, Girdimançayda və s. bəzilərində quruma baş verib. Ancaq onlar arasında elə çaylar var ki, yuxarı hissələri axıntılıdır. Sadəcə olaraq, su aşağı hissələrinə gəlib çata bilmir".
Azərbaycanda builki quraqlığın nəticələri öz təsirini növbəti illərdə də göstərəcək. Quraqlıq nəticəsində bu il qurumuş çoxillik bitkilər ən azı 5 ildən sonra normal məhsul verə biləcək. Kənd təsərrüfatı elmləri namizədi Ənvər Əliyev Trend-ə bildirib ki, bu il Azərbaycanın ən çox mənimsənilən ərazilərindən olan Böyük Qafqazın şimal-şərq yamacında - Altıağacdan Qusara qədər olan ərazilərdə tədqiqatlar apararkən əvvəlki illərdən tamamilə fərqli mənzərəni görüblər. Həmin ərazilərdə ciddi quraqlıq müşahidə edilib, bitki kütlə ehtiyatı azalıb. Quraqlığın bütün respublika ərazisində müşahidə edildiyini söyləyən alimin sözlərinə görə, Böyük Qafqazın cənub yamacının şərq hissələrində - Şamaxıda, Qobustanda, İsmayıllının aran hissəsində, Şirvan düzənliyində quraqlıq ciddi fəsadlar yaradır: "Əgər vəziyyət belə davam etsə, Ağsu, Göyçay, Şamaxı, Ağdaşın və İsmayıllının aran hissələrindəki fərdi təsərrüfatlar - minlərlə hektar sahəni əhatə edən meyvə bağları quraqlıqdan ciddi şəkildə ziyan çəkəcək".
Ə.Əliyev deyib ki, Böyük Qafqazın cənub yamacındakı rayonlarda çoxillik bitkilər quruyur: "Ağsu rayonunda elə ərazilər var ki, orada həyətyanı sahələrdəki ağaclar artıq quruyur. Ağaclar quruduqda isə həmin ağaclardan ən azı 5 il məhsul götürmək problem yaradacaq. Elə rayonlar var ki, orada üzüm, nar və digər meyvə ağacları qurumaq təhlükəsi yaşayır. Bu problem Böyük Qafqazın cənub yamacında özünü daha çox göstərir. Ağsuçay, Girdimançay, Pirsaatçay hövzəsinə aid olan ərazilərdəki fərdi təsərrüfatlarda da həmin vəziyyətlə rastlaşdıq".
Onun sözlərinə görə, Pirsaatçay və Ağsuçayın suyu ümumiyyətlə quruyub, Girdimançayda isə su ehtiyatı 3 dəfəyədək azalıb. Buna görə də bu il Ağsuçay, Göyçay, Girdimançay, Pirsaatçay hövzələrinin əhalisi suyun olmamasından ciddi şəkildə ziyan çəkir.
Quraqlığın yaratdığı digər problemdən də danışan Ənvər Əliyev bildirib ki, quraqlıq nəticəsində Quba-Qusar bölgəsinin yay otlaqlarında bitkinin yerüstü hissəsi ciddi şəkildə azalıb. Bu isə heyvandarlıq sahəsində ciddi problemlərin yaranacağından xəbər verir. Buna görə də növbəti qış ayları üçün heyvanların yem ehtiyatının toplanmasına ciddi diqqət yetirmək lazımdır.
Alimin sözlərinə görə, bundan sonra payızın yağıntılı və bir qədər uzun davam etməsi vəziyyəti nisbətən düzəldə bilər. Bununla da əhaliyə nisbətən az ziyan dəyər.
Qeyd edək ki, BMT-nin Minilliyin İnkişaf Hədəfləri hesabatında Azərbaycan da daxil olmaqla region ölkələrini su qıtlığının gözlədiyi barədə xəbərdarlıq edilmişdi. Bildirilirdi ki, hazırda Qafqazda və Mərkəzi Asiyada bərpa olunan su resursları azalır və bu da regionu su qıtlığı ilə təhdid edir.

Ülviyyə Tahirqızı