Varlılar üçün özəl qəbiristanlıq təklifi Hadisə

Varlılar üçün özəl qəbiristanlıq təklifi

Musa Quliyev: "Yaxınlarını öz xərcləri ilə dəfn etmək, baş daşlarını xüsusi formada hazırlatmaq, ailə qəbiristanlığı salmaq istəyənlər özəl qəbiristanlıqları seçə bilərlər"

Azərbaycanda dünyasını dəyişən insanların dəfni ilə bağlı bütün xərclərin dövlət və bələdiyyələr tərəfindən ödənilməsi təklif edilir. Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev "Trend"ə bildirib ki, mövcud qanunvericiliyə əsasən, qəbir yerləri icra hakimiyyəti orqanları, yaxud bələdiyyələr tərəfindən vətəndaşlara verilir.
Ancaq qəbirin hazırlanması, qəbir daşının sifarişi, qoyulması, ümumiyyətlə, dəfn prosesinin təşkili xərclərini vətəndaşlar ödəyirlər.
MM üzvünün sözlərinə görə, Azərbaycan dövləti sosial müdafiəsi zəif olan insanlara dəfn üçün müavinət verir. Amma deputat hesab edir ki, dəfn müavinətininin verilməsi ilə yanaşı, dəfn prosesinin özünün də dövlət və bələdiyyə tərəfindən həyata keçirilməsi daha yaxşı olardı. Bu, xüsusilə aztəminatlı və orta təbəqəyə aid olan insanlar üçün dövlət və bələdiyyə tərəfindən göstərilmiş böyük dəstək olar: "Vətəndaşların əziyyət çəkməməsi üçün yaxsı olardı ki, biz dəfn işinin də bütün xərclərinin dövlətin və bələdiyyələrin üzərinə qoyaq. Bununla bağlı xüsusi xidmət yaradıla bilər və dəfn işi xərclərini - məsciddən başlamış dəfnə qədər olan xərcləri dövlət, bələdiyyə öz üzərinə götürə bilər".
M.Quliyev deyib ki, ilkin mərhələdə bələdiyyələrin fondlarına uyğun olaraq, vətəndaşlar həmin xərclərin bir hissəsini müqavilə əsasında ödəyə bilərlər: "Amma daha yaxşı olardı ki, bu xərclərin hamısını dövlət və ya bələdiyyə öz üzərinə götürsün. Bütün bunların hamısı üçün də müəyyən hüquqi əsaslar yaradılmalıdır".
Deputat bildirib ki, Azərbaycanda həm dövlət, həm bələdiyyə, həm də özəl qəbiristanlıqlar yaradılmalıdır. Dövlət və bələdiyyə qəbiristanlıqlarında vahid standartlar tətbiq edilməli, islam qaydalarına uyğun olaraq, vahid başdaşı formaları qoyulmalıdır. Ancaq özəl qəbiristanlıqlarda bu standartlar tətbiq olunmaya da bilər. Yaxınlarını öz xərcləri ilə dəfn etmək, baş daşlarını xüsusi formada hazırlatmaq, ailə qəbiristanlığı salmaq istəyənlər özəl qəbiristanlıqları seçə bilərlər.
Azərbaycanda bu sahədə Türkiyə təcrübəsinin tətbiqini mümkün sayan M.Quliyevin fikrincə, Azərbaycanın böyük şəhərlərinin daxilində yerləşən qəbiristanlıqların çoxunun genişlənməsi imkanı yoxdur. Buna görə də qəbiristanlıqlar şəhərdən kənarda salınmalıdır.
Bundan əlavə, dövlət, bələdiyyə, özəl qəbiristanlıqlarının statusları müəyyənləşməli, qəbiristanlıqların harada və hansı ölçüdə salınmalı olması, onun sərhədlərinin qorunması, yaşıllaşdırılması kimi məsələlər qanunvericiliklə müəyyən edilməlidir.