Professor Murad Hüseynov: “Biz karantin günlərində...” Hadisə

Professor Murad Hüseynov: “Biz karantin günlərində...”

Bu gün bütün dünya, eləcə də ölkəmiz ağır sınaq qarşısındadır. Azərbaycan tarixboyu çətin sınaqlardan üzüağ çıxıb. İnanıram ki, bu çətinlikləri də birlikdə adlayacağıq. Bilirsiniz ki, bu gün dünya koronovirusla mübarizə aparır. Belə bir həssas məqamda ölkəmizdə də bu virusla mübarizənin yüksək səviyyədə təşkili üçün lazımi qərarlar qəbul olunub. Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva xalqa müraciət ediblər. Biz bu müraciətlərə dəstək olmalı və gələcəyimiz naminə həmrəylik nümayiş etdirməliyik. Gəlin ölkə başçısının çağırışına, dövlətimizin həyata keçirdiyi vacib qabaqlayıcı tədbirlərə dəstək olaq, karantin günlərini evdə keçirək. Sosial izolyasiya aksiyasında məsuliyyətlimizi hiss edək.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Beynəlxalq Muğam Mərkəzinin (BMM) direktoru, Xalq artisti, professor Murad Hüseynov deyib. #evdəqal...biz birlikdə güclüyük! şüarına dəstək olaraq görkəmli pianoçu vətəndaşlarımızı həmrəy olaraq sosial izolyasiya aksiyasında məsuliyyətli olmağa dəvət edib. O, insanları koronavirusdan qorunmağa çağırıb: “Həyat gözəldir və biz öz həyatımızı qorumağı bacarmalıyıq. Evimizdə oturaq, ailə üzvlərimizlə daha çox birlikdə olaq. Bu da fürsətdir. Həyatı sevək. İnanıram ki, xalqımız bu bəlanı özündən sovuşduracaq. Həyat yenidən öz axarına düşəcək. Sağlam günlər naminə evdə oturaq və sevdiklərimizin həyatına dəyər verək. Bu karantin günlərində mədəniyyət müəssisələri çalışmırsa, bu da insanlarımızın qorunması üçündür. Ümid edirəm ki, tezliklə Beynəlxalq Muğam Mərkəzinin qapıları tamaşaçılar üçün açılacaq və bir-birindən maraqlı layihələrlə yenidən muğamsevərlərlə görüşə gələcəyik”.
Direktor diqqətə çatdırıb ki, Beynəlxalq Muğam Mərkəzi karantin günlərində yeni onlayn layihələrə start verərək tamaşaçılarla görüşə gəlir. Bu günlərdə Mədəniyyət Nazirliyi mədəniyyətimizin təbliği istiqamətində bir çox yeni onlayn layihələrin reallaşdırılmasını həyata keçirdi. Nazirlik tərəfindən bir neçə yeni layihələr təqdim edildi. Bütün bu addımlar səmərəli mədəni aktivliyə və yaradıcı ruhun davamlılığına xidmət edir. BMM də öz növbəsində, karantin günlərində evdə olan vətəndaşlarımıza bütün mümkün vasitələrdən istifadə edərək Azərbaycan mədəniyyətinin, muğam sənətimizin zənginliyini çatdırmağa çalışır. Mütəmadi olaraq müxtəlif konsert, elmi nəzəri və tədqiqat xarakterli layihələrlə tamaşaçıların görüşünə gələn BMM onlayn şəkildə öz “Facebook” və “Instagram” səhifəsindən izləyicilərə mədəni xidmət göstərməkdədir.
“Mərkəz tərəfindən bir neçə layihələr təqdim edilir ki, bunlardan birincisi BMM-nin solistlərinin ifalarıdır . İfalar gündəlik olaraq səhifələrdə yer alır, bundan əlavə Beynəlxalq Muğam Mərkəzinin foyesində büstləri bərqərar olan muğam korifeyləri və muzey hissəsindən qədim musiqi alətləri ekspozisiyasından mühazirələr təqdim olunmaqdadır və bu layihələr də maraqla qarşılanır. Layihələrin məqsədi insanları incəsənətə, muğam irsimizə bir addım daha yaxın etmək və milli musiqi alətlərimiz, muğam korifeylərimizi böyük auditoriyaya tanıtmaqdır.
Bu günlərdə Beynəlxalq Muğam Mərkəzi #evdəqal kampaniyasına töhfə olaraq daha bir video həsr etdi. Mərkəzin hazırladığı videoda xanəndələr "Qarabağ şikəstəsi"ni ifa edib. Bu videotəqdimat cəmiyyət tərəfindən böyük maraqla qarşılandı. Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının "Bizi birləşdirən dəyər” layihəsində də Beynəlxalq Muğam Mərkəzi yaxından iştirak edir. Layihənin ilk efirləri məhz Mərkəzdən canlı olaraq yayımlandı və bu fəaliyyət bu gün də davam etməkdədir. BMM-nin solistləri, xanəndələrin ifaları bu layihə çərçivəsində canlı olaraq saat 19:00-da BMM səhnəsindən Mədəniyyət kanalı vasitəsilə yayımlanır”,- deyə Beynəlxalq Muğam Mərkəzinin direktoru vurğulayıb.
Xalq artisti deyib ki, rəhbərlik etdiyi mərkəzin kollektivi koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq irəli sürdüyü təşəbbüsə qoşulub. Mərkəz ölkə başçısının “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” müvafiq Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 3000 manat vəsait köçürüb.
“Biz karantin günlərində də daimi olaraq fəaliyyətdəyik. Onlayn şəkildə əməkdaşlarla əlaqə yaradır, müxtəlif layihələrin daha mükəmməl yerinə yetirilməsi üçün fikir mübadiləsi aparır, işimizi davam etdirməkdəyik. Demək olar ki, hər gün növbəti layihələrimizi müzakirə edir, “Mədəniyyət” kanalı ilə çıxış edəcək solistlərimiz, muğam korifeylərimizlə bağlı məlumatların ötürülməsi, eləcə də mətbuatla işin davamlı olmasına çalışırıq.
Mərkəzin kollektivi dövlət tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər, xalqımızın həmrəyliyi, hər bir vətəndaşın məsuliyyətli davranışı sayəsində ölkəmizdə bu virusun geniş miqyasda yayılmasının qarşısının alınacağına inamlarını ifadə edirlər”, -deyə Murad Hüseynov fikirlərini tamamlayıb.