Kimyəvi silaha qarşı mübarizə sahəsində dövlətin vəzifələri müəyyənləşir Hadisə

Kimyəvi silaha qarşı mübarizə sahəsində dövlətin vəzifələri müəyyənləşir

Kimyəvi silaha qarşı mübarizə sahəsində dövlətin vəzifələri müəyyənləşir.
APA-nın məlumatına görə, bu, Milli Məclisin Müdafiə, Təhlükəsizlik, və korrupsiya ilə mübarizə komitəsində müzakirə edilən və plenar iclasa tövsiyə olunan “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, kimyəvi silaha qarşı mübarizə sahəsində dövlətin vəzifələrinə aşağıdakılar aiddir:
- kimyəvi maddələr üzrə idxal, ixrac, tranzit əməliyyatlarını həyata keçirən müəssisələrin mərkəzləşdirilmiş, qaydada qeydiyyatımın aparılması;
- Konvensiyanın “Kimyəvi maddələr üzrə Əlavəsi”ndəki 1, 2 və 3 saylı siyahılarında qeyd edilmiş kimyəvi maddələri Konvensiyaya uyğun olaraq, bu Qanunla yol verilən məqsədlər üçün idxal, ixrac və tranzit nəql edən müəsisələr haqqında illik bəyannamələrin hazırlanması və Kimyəvi Silahların Qadağan Edilməsi üzrə Təşkilata təqdim edilməsi üçün Milli Orqana verilməsi;
- yerlərdə monitorinqlər aparmaqla, Konvensiyanın “Kimyəvi maddələr üzrə Əlavəsi”ndəki 1, 2 və 3 saylı siyahılarında qeyd edilmiş kimyəvi maddələrin saxlanma rejiminə necə əməl olunmasının yoxlanılması və kimyəvi silahların məhvinə nəzarət;
- Konvensiyada göstərilməyən konkret üzvü kimyəvi maddələrin idxal, ixrac və tranzit nəql edən müəssisələr haqqında illik bəyannamələrin hazırlanması və təşkilata təqdim edilməsi üçün Milli Orqana verilməsi;
- Konvensiyaya uyğun olaraq, beynəlxalq monitorinqlərin aparılması üçün Milli Orqan tərəfindən lazımi təşkilatı tədbirlərin görülməsi;
- İdxalına və ya ixracına dair illik bəyannaməsi verilməli olan bütün məlumatların gömrük sənədləri vasitəsilə yoxlanılması;
- kimyəvi silaha qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq.
Qeyd edək ki, Milli Orqan – milli əlaqələndirmə mərkəzi kimi konvensiya ilə təsis olunmuş Kimyəvi Silahların Qadağan Edilməsi üzrə Təşkilata və Konvensiyanın iştirakçısı olan digər dövlətlərlə səmərəli əlaqələrin həyata keçirilməsini təmin edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandır (qurumdur).