Karantin günlərinin sınağı həyat eşqini daha da gücləndirəcək Hadisə

Karantin günlərinin sınağı həyat eşqini daha da gücləndirəcək

Bir aydan artıqdır ki, koronavirus girdabında çarpışan dünyada həyatın axarı dəyişib. Qorxulu infeksiyaya yoluxmamaq üçün hamı kimi ədəbiyyat adamları da günlərini bağlı qapı arxasında keçirirlər. Yazıçı Narıngül də son günlər yaşadığı karantin rejimi haqqında danışıb. O, AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Hərdən mənə elə gəlir ki, koronavirus dünyanın ən uzun yuxusudur. Bir gün ayılıb görəcəyik ki, hər şey əvvəlki vəziyyətində, dünya əvvəlki sahmanındadır. Amma bu gün dünyamızın müdafiəsi və sağlamlığımız bizdən evdə qalmağı tələb edirsə, bu tələbi yerinə yetirməliyik.
İlk gündən karantin qaydalarına riayət edirəm. Evdə olduğum günlərdə vaxtımın xeyli hissəsini sosial şəbəkələrdə keçirirəm. Bu, pandemiya başlamamışdan əvvəl də belə idi. Bu bir faktdır ki, virtual dünya həyatımızda özünə yer edib. Ən müxtəlif xəbər, məlumat və yazıları məhz oradan izləyir, elektron kitablar oxuyuram.
Çox darıxan olduğuma görə qapalı məkanlarda sıxılıram. İctimai binada yaşadığımdan mənzilimizin pəncərəsi həm də monitoru əvəz edir. Həmişə evin içindən daha çox, pəncərənin o üzündəki həyat mənə maraqlı gəlir. Bir yazıçı kimi insanların hərəkətini, qaynarlığını, onların rəngarəng dünyalarını sevir və müşahidə edirəm. İlk günlər pəncərəmin o tərəfindəki sakitlik məni məyus edir, darıxdırırdı. Amma tədricən özümə məşğuliyyət tapdım. Xeyli vaxt idi ki, yarımçıq işlərim vardı, onları tamamlamaq lazım idi. Neçə vaxtdan bəridir ki, yazıb bitirdiyim, amma redaktəsini yarımçıq qoyduğum “Günəş üzlü qadın” kitabımı nəşrə hazırladım. Kitaba yeni povest və hekayələri daxil etmişəm. Karantin bitəndən sonra nəşriyyata təqdim edəcəyəm. Xeyli yarımçıq yazılarım da var və onların üzərində işləyirəm”.
Yazıçı evdə qaldığı günlərdə əvvəllər oxusa da, Qabriel Qarsiya Markesin “Yüz ilin tənhalığı”, Paulo Koelyonun “Kimyagər” və Əjdər Olun “Lo” romanlarını təkrar mütaliə edib. O, qarşıdakı günlərdə dünya ədəbiyyatı xəzinəsindən daha bir neçə kitabı oxumağı da nəzərdə tutub. Həmsöhbətimiz deyib: “Ümumiyyətlə, yaradıcı adamlar karantin günlərini daha asan keçirirlər. Yarımçıq əlyazmalar, çoxdan planlaşdırdığım, lakin vaxt qıtlığı ucundan həll edə bilmədiyim işlər, mütaliə etmək istədiyim kitablar, izləmək istədiyin filmlər çoxdur. Koronavirus həyatı arzu etmədiyimiz dövr olsa da, zaman baxımından yaradıcılıq üçün əlverişli məqamdır. Bundan başqa mütəmadi olaraq televiziya kanallarında milli filmləri izləməkdən də məmnunluq duyuram. Necə deyərlər, çətin günün ömrü az olar. Ümid edirəm ki, bəşəriyyət karantin günlərində dözüm və mətinlik göstərərək virus infeksiyasına qalib gələcək, yaşamaq uğrunda apardığımız mübarizədə qazandığımız keyfiyyətlər həyatı bizə daha da sevdirəcəkdir”.