Tıxacda qalmışdım... Hadisə

Tıxacda qalmışdım...

Bakıda işə və görüşə gecikənlərin adətən bir hörmətli səbəbi var; tıxacda qalmışdım. Tıxac Bakının bəlasıdır, baş ağrısıdır, həllini illərdir gözləyən problemidir, az qala atributudur. Əslində dünyanın bütün meqapolislərində tıxacların olması təbiidir. Amma dərd odur ki, Bakıda tıxaclar yalnız mərkəzdə və pik saatlarında deyil, şəhərin istənilən yerində, istənilən anında yarana bilər. İndiyə kimi görülmüş bütün tədbirlər tıxac probleminə əncam çəkə bilməyib.
Tıxacları aradan qaldırmaq üçün Bakıda nəqliyyatı intellektual idarəetmə sistemi də tətbiq edilib. Bu sistemin işləməsi üçün paytaxt ərazisində 450 kilometr elektrik xətləri, 320 kilometr isə fiber-optik rabitə xətləri çəkilib. Küçə və prospektlərdə 1612 ədəd, avtobuslarda 2096 ədəd, mərkəzi sistemdə isə 378 ədəd avadanlıq quraşdırılıb. Bu avadanlıqların sırasında 181 server, 18 şəbəkə bloku, 73 operator avadanlığı, 100 ofis idarəetmə avadanlığı, dünyada ən iritutumlu 6 UPS var. Bunlardan başqa, Mərkəzdə 600 rəqəmsal görüntünü əks etdirən, dünyada ən böyük - 120 kvadratmetr sahəsi olan monitor quraşdırılıb. Monitor vasitəsilə 150 yol kəsişməsində nəqliyyatın hərəkət vəziyyəti, eləcə də 2 min avtobusun idarə edilməsi ilə bağlı məlumatı 192 kamera vasitəsilə əldə etmək mümkündür. Bundan əlavə, Daxili İşlər Nazirliyinin 600 kamerasının qeydə aldığı görüntülərin də monitorinqi bu mərkəzdə aparılır. Amma tıxac problemi çözülməyib.
"İqtisadi forum" jurnalının məlumatına görə, İBM "sürücülər üçün əlverişli olmayan şəhərləri"n reytinqini tərtib edərkən 5 qitəni əhatə edən 20 meqapolisdə 8 mindən çox sürücü arasında sorğu aparıb. Sorğuya görə, respondentlərin 87 faizi son 3 ildə yol tıxacına düşüblər və bu tıxaclarda orta hesabla 1 saat itiriblər. Sorğunun nəticəsi balla qiymətləndirilib. Reytinq cədvəlinə görə, ən çox bal toplayan şəhərlər yüksək tıxac olan, sürücülər üçün əlverişsiz olan şəhər hesab olunur. Şəhərlər 100 bal sistemi ilə qiymətləndirilib. Ən pis göstərici 100, ən yaxşı göstərici isə 1 bal hesab olunub.
Qiymətləndirmə nəticəsində ən problemli şəhərlər Pekin, Mexiko, Yohannesburq və Moskva olub. Tədqiqata görə, Pekin və Mexiko 99, Yohannesburq 97, Moskva isə 84 bal toplayıb. Ən yaxşı nəticə Stokholm, Melburn, Hyuston və Nyu-Yorkda qeydə alınıb. Bu şəhərlər uyğun olaraq 19, 17, 17 və 15 bal toplayıb. Reytinqin tərtibində 10 göstəricidən, o cümlədən yola sərf olunan və tıxaclarda gözləmə vaxtından istifadə olunub. Tıxaclarda gözləmə vaxtına görə ən yaxşı göstərici Melburn, Stokholm və Buenos-Ayres nümayiş etdirib. Bu şəhərləri təmsil edən respondentlərin 25 faizi heç vaxt tıxacda olmadıqlarini bildiriblər.
Reytinq tərtibçiləri Moskva sürücülərini dünyada ən səbirli sürücüsü hesab edirlər. Respondentlərin sözlərinə görə, son 3 ildə tıxacda itirilən maksimum vaxt 2,5 saat olub ki, bu da orta göstəricidən 2 dəfə azdır. Dünyanın tıxac praktikasında maraqlı məqamlar yaşanıb. İndiyə qədər ən uzun tıxac 1980-ci ildə Fransada Paris və Lion arasında olub. Onun uzunluğu 176 kilometr imiş. Bu tıxac bir həftəyədək davam edib. Dünyada tıxacın uzunluğuna görə ikinci yeri isə 1993-cü ildə Almaniyada Hamburq yaxınlığında yaşanan 160 kilometrlik tıxac tutur.
Türkiyədə İstanbul (Bosfor) boğazının Anadolu sahilində yaranmış bir tıxacda avtomobil şoferləri bezib çölə çıxıblar və yolun yanındakı boş ərazidə futbol oynayıblar. Bu görüntülər dünyaya yayılmışdı. Hətta bəzi mətbu orqanlar bu aksiyanın tıxac probleminə qarşı bir flaşmob olduğunu da iddia edirlər. Avstraliyada isə pik saatlarında tıxaclar səbəbindən motosiklet və bu kimi vasitələrdən istifadə edilir. Bir dəfə isə Avropada baş verən tıxac 11 saat davam edib. Maraqlısı odur ki, həmin gün məktəblər bağlı olub və ancaq 1-ci siniflər dərsə getməli imiş. 11 saat tıxacda qalan şagirdlər dərsə də gedə bilməyiblər.
Daha bir maraqlı hadisə isə Türkiyənin Suriya sərhədində baş verib. Gömrükdə yaranmış problem səbəbindən 40 km-lik tıxac yaranıb. Maşınlar 72 saat hərəkət etməyib. Braziliyanın ən böyük şəhəri olan San Pauloda pik saatlarda tıxacların uzunluğu isə 180 kliometrə qədər çatır. Qeyd edək ki, San Pauloda tıxaclar ən az 4 saat davam edir. 11 milyon insanın yaşadığı şəhərdə bəzi iş adamları nəqliyyat vasitəsi kimi helikopterdən istifadə edir.
Mütəxəssislər deyir ki, tıxac ekologiyanın çirklənməsində əhəmiyyətli rol oynayır. Belə ki, avtomobillərdə işlənmiş qazın tərkibində 200-ə qədər maddə olur. Aparılan araşdırmalar göstərir ki, normal benzinlə normal rejimdə işləyən mühərrikin işlənmiş qazlarının tərkibində 2,7 faiz karbon oksid olur. Hərəkət zamanı sürət azalırsa, bu göstərici 4 faizə kimi artır. Aşağı sürətdə və dayandıqda isə karbon oksidin həcmi 7 faizə çatır. Bu isə o deməkdir ki, tıxaclarda uzun müddət dayanan avtomobillərdən ətraf mühitə daha çox karbon oksid atılır. Yəni, hava daha çox çirklənir.
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirir ki, yanacağın tərkibi ideal vəziyyətdə olanda orada karbon dörd oksid və su kimi iki yanma məhsulu alınır: "Atmosferdə olan karbon dörd oksidin 70 faizini nəqliyyat vasitələri buraxır. Yəni, avtomobilin mühərriki ideal vəziyyətdə olsa belə, ətraf mühiti çirkləndirir. Amma mühərrikdə və ya yanacaqda problem olanda müəhərrikdən çıxan işlənmiş qazlarda zərərli maddələr artır. Həmin zərərli maddələr 4 qrupa bölünür. Birinci təhlükəlisi karbon iki oksiddir (dəm qazı). Bundan sonra azot oksidləridir. Tüstü də bura daxildir. Ən təhlükəlisi isə benzoprindir. Bu, məhz yanacaqla bağlı maddədir. Yanacaq normal olsa, benzoprin əmələ gəlmir. Əgər yanacağın tərkibində benzol qrupu yoxdursa, benzoprin yaranmır. Düzdür, maşının dinamikasının da mühərrikə təsiri var. Hər bir halda maşın işləyəndə havadakı oksigeni istismar edir. Avtomobil bir yerdə dayananda həmin ərazilərdəki oksigen azaldığından, oksigen çatışmazlığı səbəbindən yanma tam baş vermir. Dəm qazı da natamam yanma məhsuludur. Yanma normal getsə karbon iki yox, karbon dörd oksid əmələ gəlir. Dəm qazı fotosintez prosesini pozur, heyvanlarda qırmızı qanı məhv edir. İnsanın olduğu qapalı yerdə isə dəm qazının miqdarı 4%-dən çox olarsa, insan ölə bilər. Ancaq açıq ərazidə o qədər problem deyil".
Ekspert deyir ki, tıxacda dayanan avtomobil oksigeni yüksək dərəcədə istismar edir və oksigen çatışmazlığı yaranır: "Bu səbəbdən də dəm qazı artır. Hərəkət edəndə isə maşın hər dəfə yeni hava kütləsinin içinə daxil olur. Mühərrikə həm yanacaq, həm də təmiz hava gəlir. Eyni zamanda dayanan mühərrikdə iş rejimi pozulur. Çünki yanma prosesi müəyyən tezliklərlə gedir. Maşın dayananda dirsəkli valın sürəti ən minimuma enir. Belə vəziyyətdə də yanma normal getmir".
Ərşad Hüseynov qeyd etdi ki, mühərrik aşağı və həddən artıq yüksək dövrlərdə müəyyən dövlərlə işləyəndə yanma tsiklində problem yaranır: "Avtomobilin sürəti artanda yanacaq daha çox gəlir, oksigen ilə yaxşı qarışa bilmir. O zaman da dəm qazı artmağa başlayır. Vyana Konvensiyasında, yol hərəkəti qaydalarında da iki məsələyə xüsusi fikir verilir. Hər ikisinin təyinatı həm də ekolojidir. Birincisi odur ki, dayanmış nəqliyyat vasitəsinin mühərriki mütləq söndürülməlidir. Qapalı yerdə mühərrik söndürülməzsə, hətta ideal yanacaq, ideal mühərrik belə insanı boğub öldürə bilər. İkinci şərt isə sürət rejiminin müəyyən edilməlidir. Bunun ekoloji tərəfi ilə yanaşı, təhlükəsizlik tərəfləri də var. Avropa ölkələrində tövsiyə olunur ki, 100 km/saatdan artıq maşın sürülməsin. Yüksək sürətdə yanacaq çox işlənir və yanma prosesi pis gedir. Mühərrikə hava az, yanacaq çox gəlir".
Mütəxəssis qeyd etdi ki, keçmişdə dəm qazının miqdarı faizlə müəyyən edilirdi: "Amma Avro standartında dəm qazının miqdarı kilometr qət edərkən avtomobilin havaya buraxdığı zərərli qazın miqdarı ilə hesablanır. "Avro-4" standartının tələbi budur ki, 1 km-də avtomobilin atmosferə buraxdığı dəm qazının miqdarı benzin mühərrikində 1 qramdan artıq olmamalıdır. Dizel mühərrikində isə 0.5 qramdan artıq zərərli sayılır. Ona görə də tıxacda dayanan avtomobil həmin standartı mütləq pozur".
Mütəxəssislər deyirlər ki, iri şəhərlərdə tıxacların aradan qaldırılmasının əsas yollarından biri ictimai nəqliyyatın fəaliyyətinin yaxşılaşdırılmasıdır. Yəni, ictimai nəqliyyat nə qədər yaxşı işləyərsə, şəxsi avtomobillərindən istifadə edənlərin sayı bir o qədər azalar. Bir çox iri şəhərlərin yol-nəqliyyat infrastrukturundakı nümunəvi vəziyyət də təsdiqləyir ki, bu üsul tıxacların qarşısının alınmasında ən səmərəlisi, ən asanı və ən az maliyyə tələb edənidir.
Təhlükəsiz Yol Alyansının koordinatoru Əliməmməd Nuriyev hesab edir ki, doğrudan da bu problemin aradan qaldırılmasında ictimai dəstəyə böyük ehtiyac var: "Tıxac bütün dünyanın böyük şəhərlərinin problemidir. Ancaq həmin şəhərlərdə bütün mümkün vasitələrdən istifadə edərək çalışırlar ki, problem aradan qaldırılsın. Nəzərə alaq ki, insanların gəlirləri artdıqca onlar daha çox iki şeyi almağı düşünür: birinci mənzil, ikinci isə avtomobil. Azərbaycanda isə əhali mənzildən də daha çox avtomobil almağı düşünür. Təəssüf ki, bizdə avtomobil sahibi olmaq xüsusi bir imtiyaz kimi də sayılır. Bununla yanaşı, məsələnin texniki tərəfləri də var. Küçələrin darlığını və parketmə məsələsini bura aid etmək olar. Şəhərin lazımı yerlərində maşın saxlamaq üçün dayanacaqların olmaması da tıxacı yaradan başlıca amillərdəndir". Bu istiqamətdə geniş maarifləndirməyə ehtiyac olduğunu deyən Əliməmməd Nuriyev bildirdi ki, belə təbliğatla insanların avtomobil mədəniyyətinə olan düşüncələrini dəyişmək mümkündür: "Bizdə insanlar hər yerə avtomobillə getməyi xoşlayır. Əhaliyə izah etmək lazımdır ki, tıxaclarda itirilən vaxtın əvəzini həmin yerə alternativ nəqliyyat vasitəsi ilə getməklə çıxmaq olar. Burada bir problem də ictimai nəqliyyatın normal işləməməsi ilə bağlıdır. Əvvəlcə biz bu problemi həll etməliyik ki, sonra əhaliyə bu vasitələrdən istifadə etməyi təbliğ edək. İctimai nəqliyyatı idarə edən şəxslərin qeyri-peşəkarlığı bu məsələdə əlavə problem yaradır. Birinci növbədə Nəqliyyat Nazirliyi nəqliyyatın intellektual idarəetmə mexanizminin normal işləməsini təmin etməlidir. Bundan sonra təbliğat aparılmalıdır ki, əhali mümkün qədər şəhər daxilində şəxsi avtomobillərindən az istifadə etsin. Nəqliyyat mədəniyyətini artırmaqla biz tıxaclar probleminə müsbət tohfəmizi verə bilərik. Mühüm dövlət strukturları, təhsil müəssisələrinin paytaxtın mərkəzindən kənara çıxarılmasının da bu məsələyə çox müsbət təsiri ola bilər".

Ülviyyə Tahirqızı