Bakıda gecə quldurluğu Hadisə

Bakıda gecə quldurluğu

Maskalı şəxslər bankomatı partladaraq, içindəki pulu oğurladılar

Bakının Bilgəh qəsəbəsində Qocalar evinin yaxınlığında yerləşən bankomatda partlayış baş verib. Hadisə ötən gecə 23:00 radələrində qeydə alınıb. Hazırda partlayış baş verən ərazi hüquq-mühafizə orqanlarının nəzarətinə götürülüb.
Partlayışın hansı səbəbdən baş verdiyi araşdırılır. Hadisə şahidləri, həmçinin ölən və xəsarət alanların olmadığını bildiriblər. Şahidlərin daha sonra bildirdiklərinə görə, maskalı şəxslər bankomatı partlatmazdan öncə bankomatın yaxınlığındakı ticarət obyektlərini mühafizə edən şəxsin əl-qolunu bağlayaraq hadisə yerindən uzaqlaşdırıblar. Bundan sonra isə bankomatı partladıblar.
Partlayış nəticəsində ətrafdakı avtomobillərə və ticarət obyektlərinə maddi ziyan dəyib.
Hüquq-mühafizə orqanlarından "Trend"ə bildiriblər ki, bankomatda 491 manat məbləğində vəsait olub. Hazırda faktla bağlı Sabunçu rayon Polis İdarəsində istintaq tədbirləri aparılır.
Qeyd edək ki, partladılan bankomat yeni növ bankomat deyil. Yeni model bankomatların orta qiyməti təxminən 20 000 manatdır.