Bomj və fahişənin hörməti Hadisə

Bomj və fahişənin hörməti

Nicat Göyüşlü

O xalqların ki, qədim tarixə söykənən, əsrlərin sərt sınağından süzülüb göz yaşı kimi dum-duru su saflığında günümüzə qədər gəlib çıxan milli-mənəvi dəyərləri, zəngin tarixi ənənələri, ədəbiyyatı, musiqisi, milli-mental dəyərləri var, bilavasitə xoşbəxt sayılırlar. Dövrümüzün bu çağında da həmin toplumların qəddini düz saxlayan, onları ayaqda tutan məhz sadalanan zənginliklərdir. Bəzən isə hər sahədə olduğu kimi dəyərlər mövzusunda da ifrata can atırıq. Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi, dahi şairimiz Nizami Gəncəvi də ifratın kökünü baltalayan ifadələrlə ürəkləri bu gün də fəth etməkdədir.

Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir su da.

Dəfələrlə mental dəyər fanatlarının bizi gedə biləcəyimizin tam əksinə, başqa səmtə çəkməsinin şahidi olmuşam. Bir də görürsən özünə hörmət qoymayan, özündən qat-qat böyük, qoca kişini ələ salan birisi, başqa situasiyada oğlu yaşında müəssisə rəhbərinin qarşısında quyruq bulayır. Sənin də sözün beləsi ilə çəpləşəndə olursan kobud, dönbilməz, leksikonda hər nə qədər qalınqabırğalılığı ifadə edən söz varsa, o. Nədi-nədi o təlxəyin də hardasa sözünə qəlbi qırılmasın deyə irişənlər var, özü kimi bir neçə işbilməzin yanında sözü keçir. Mərdi qova-qova namərd edən xəstə təfəkkürlü, il boyu millətin qanını sovurmaqla məşğul olan, amma işinə gəlməyəndə mental dəyərlərdən ağızdolusu dəm vuran ağzıgöyçəklər təlxəyi tənbeh etdiyinə görə səni elə tənqid atəşinə tuturlar ki, haqlı olduğunu bilə-bilə özünü dörd divar arasında olan tək-tənha, çarəsizlik girdabında zarıyan məzlum kimi hiss edirsən. "Böyükdür, hər nə desə baş üstə deyərək cavab qaytarmamağa, ona hörmət etməyə çalış", - kimi "zəngin" söz sıralamasından sonra "mən bir yana, böyük özü-özünə nə qədər hörmət qoyur?" sualını vermədən ruhun parçalanır, başın dumanlanır, beynində çizdiyin o dörd divar arasına dünyanın pisliklərini həbs edib bəşəriyyəti sonsuzadək azadlığa çıxarmağa fövqəl güc axtarırsan, amma Uca yaradanın mənfi düşüncəliləri, pisləri yaxşı olanları dəyərləndirə bilmək üçün göndərdiyini yəqinləşdirib bir qədər dinclik tapırsan.
Bir də baxırsan ki, növbəti həmlə bir nəfər ərköyün, danışığını, davranışını bilməyən, saqqızı çiynəyəndə ağız boşluğundakı orqanik çıxıntıların hansı ölçüdə olmasını asanlıqla yəqinləşdirdiyin qız uşağından gəldi. Mental dəyərlərin "carçıları" yenə işə düşür. Haqlı və ya haqsızsan, bu önəmli deyil. Əsas olan qarşındakının qadın olmasıdır və o səni təhqir etsə də, dinməməlisən, çünki "mentalitet"i ayaqlamış olarsan.
Demək istəyirsən ki, ay özündən bixəbər qafil, kişi qeyrətini çəkməyəni, qadın abırını, ismətini, namusunu qorumayanı müdafiə etmək nə vaxtdan mental dəyərlərin ana xəttini təşkil edir, lakin dilin sanki boğazında pərçimlənir. Demək istədiyin başqa bir sual: əgər belədirsə, onda küçələrdə yatan alkaşı, traslardan "çörək pulu" çıxan fahişələri birini səndən böyük olduğuna görə, digərini də qadın olduğuna görə hər anbaşı qaya parçası kimi başımıza çırpdığın mental dəyərlərini əsas gətirərək niyə müdafiə və niyə onlara da hömət tələb etmirsən? Bəsit bir cavabı var: çünki onlar özləri özlərinə hörmət qoymurlar.
P.S milli-mənəvi və mental dəyərlərimizin təbliğində yaxından iştirakım olduğuna görə əminliklə deyə bilərəm ki, bu zənginliklərimizlə fəxr etməyə dəyər, amma hər şeyin bir ölçüsü, meyarı var.