"Məqsəd ilk növbədə, vətəndaşların təhlükəsizliyi, sağlamlığı və onların rifahıdır" Hadisə

"Məqsəd ilk növbədə, vətəndaşların təhlükəsizliyi, sağlamlığı və onların rifahıdır"

Azərbaycan 2020-ci ilə yaxşı templə başlayıb. Belə ki, hələ bu ilin əvvəlində sosial-iqtisadi sahələrdə nəzərə çarpan müsbət göstəricilər Azərbaycanda islahatların davam etdirilməsinin yaxşı nəticələrə gətirib çıxaracağını deməyə əsas verirdi. Lakin COVID-19 pandemiyası dünya iqtisadiyyatı ilə yanaşı Azərbaycan iqtisadiyyatı üçün də böyük problemə çevrildi.

Bunu Avrasiya.net-ə Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov bildirib.

Xatırlayırsınızsa, Prezident İlham Əliyev bu ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə nitqində pandemiyanın iqtisadiyyata mənfi təsirinin qaçılmaz olduğunu diqqətə çatdırmışdı. Lakin təqdirəlayiq haldır ki, Azərbaycan Prezidenti yaranmış vəziyyətlə əlaqədar büdcədə zəruri olmayan layihələrin dayandırılması və ixtisara salınması barədə göstəriş versə də, sosial sahədə heç bir proqramın ixtisar edilməyəcəyini bildirmişdi. Elə də oldu, social proqramlar ertələnmədi, təxirə salınmadı. Bu bir daha onu göstərir ki, ölkəmizdə aparılan siyasətin ana xəttini Azərbaycan Respublikasının vətəndaşlarının rifahı tutur və görülən hər bir iş məhz vətəndaşların social rifahının yaxşılaşdırılmasına yönəlib. Hazırda ünvanlı sosial yardım alan insanların sayı 70 mindən çoxdur. Pandemiyaya görə 190 manat məbləğində yardım alanların sayı isə qat-qat çoxdur:

"Onu da qeyd edim ki, bu gün bütün dünyanın gözəgörünməz düşmənə qarşı (COVID-19) mübarizə apardığı bir şəraitdə cənab Prezident məcburi köçkün və şəhid ailələrini də unutmadı, minimum 7 min köçkün ailəsinin və minimum 1500 şəhid ailəsinin yeni mənzillərlə təmin ediləcəyini bildirdi. Bu Azərbaycan dövləti tərəfindən bütün sahələrə göstərilən diqqətin, qayğının nəticəsidir.
Bundan əvvəl isə Prezident İlham Əliyev 2019-cu ildə dövlət qulluqçularının, hərbi qulluqçuların, hüquq-mühafizə orqanı əməkdaşlarının və digər xüsusi rütbəli şəxslərin, müəllimlərin, habelə dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan işçilərin əmək haqlarının, eləcə də minimum əməkhaqqının artırılması barədə sərəncamlar vermişdi".

MHP sədri onu da bildirib ki, ölkə başçısı tərəfindən aparılan sosial-iqtisadi siyasət Azərbaycan vətəndaşının, onun sosial təminatının və rifahının dayandığını özündə növbəti dəfə bariz şəkildə ehtiva edən bu qərarlar ümumilikdə iki milyondan çox insanı əhatə etməklə, həm dövlət orqanlarında, həm də özəl sektorda çalışan şəxslərin maddi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına hesablanıb:

"Prezidentin ilin əvvəlindən həyata keçirdiyi sosial paketin əhatə dairəsi 3 milyard manatdan artıqdır. Bu paketlər nəticəsində keçən il minimum aylıq əməkhaqqının 180 manatdan 250 manata çatdırılması, dövlət qulluqçularının aylıq vəzifə maaşlarının 50 faiz artırılması, hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əmək haqlarının 40 faiz artırılması, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşlarının orta hesabla 20 faiz artırılması, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşlarının orta hesabla 40 faiz artırılması mümkün oldu".

Bilirsiniz, Prezident İlham Əliyev tərəfindən qəbul edilən qərarlar qlobal iqtisadiyyatda baş verən neqativ meyllərin, eləcə də pandemiyanın ölkə əhalisinin sosial təminatına mənfi təsirini minimallaşdırmağaimkan verir. Sosial-iqtisadi paketlər əhalinin zərərlərinin minimum endirilməsinə, iqtisadi aktivliyin artmasına öz töhfəsini verəcək. Əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır. Odur ki, əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün yeni sosial paket hazırlanır. Hazırlanan dövlət dəstəyi proqramı barədə bu ilin mart ayının sonunda dövlət başçısına məlumat verən Iqtisadiyyat naziri Mikayıl Cabbarov pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 44 min sahibkarlıq subyektində çalışan 304 min muzdlu işçinin əməkhaqlarının ödənilməsi üçün birbaşa maliyyə dəstəyi proqramını Prezidentə təqdim etdi. Bəlli oldu ki, 9 istiqamət üzrə proqram hazırlanıb:

"Birinci və ikinci proqramlar pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 292 min fərdi mikrobiznes subyektinə və fərdi sahibkarlara maliyyə dəstəyi proqramlarıdır. Üçüncü proqram pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri, imtiyazları və tətilləri proqramıdır. Bu, əhatəli proqramdır. Burada əhatə dairəsi, ilk növbədə, mənfi təsir altında olan sektorlara ünvanlansa da, onların bəziləri daha da genişdir. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə yeni verilən bank kreditləri üzrə kredit zəmanəti dəstəyi proqramı(dördüncü proqram) da çox əhəmiyyətlidir. Bu proqramın həcmi 500 milyon manat təşkil edir. Beşinci proqram pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit zəmanət dəstəyi proqramıdır. Bu, daha da böyük həcmdə olan - 1 milyard manatlıq bir proqramdır. Burada həm qismən dövlət büdcəsinin, həm də ki, Sahibkarlığın İnkişafı Fondunun vəsaitlərinin cəlb edilməsi nəzərdə tutulur. Altıncı istiqamət olaraq əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün sosial paket dövlət başçısına ayrıca təqdim ediləcək. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramı da gündəlikdədir".

Ə.Hüseynovun fikrincə, həmçinin ipoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyi proqramı səkkizinci istiqamət kimi müəyyənləşdirilib. Doqquzuncu proqramın istiqaməti əhalinin kommunal ödənişlərə, ilk növbədə, elektrik enerjisinə mövsümü nəzərə alaraq dəstək proqramıdır. Qeyd edilir ki, insanlar evdə daha çox vaxt keçirdiyinə görə elektrik enerjisi sərfiyyatı artır. Ona görə də burada limitlərin genişləndirilməsi təklif olunur:

"Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu proqramlar, paketlər genişmiqyaslı iqtisadi və sosial paket həm iqtisadi sahədə artan dinamikaya müsbət təsir göstərəcək, eyni zamanda, həssas təbəqəyə aid olan vətəndaşları bu böhrandan qoruyacaq. Məqsəd ilk növbədə, vətəndaşların təhlükəsizliyi, sağlamlığı və onların rifahıdır. Təqdim edilən təkliflər genişmiqyaslıdır və bu gün pandemiyadan zərər çəkmiş sahələrdə işləyən vətəndaşların maraqlarını nəzərə alır, onlara əməkhaqlarının əhəmiyyətli hissəsi müvəqqəti olaraq dövlət tərəfindən ödəniləcək. Məlum məsələdir ki, bu proqramlar postpandemiya dövründə inkişafa hesablanıb. Yəni hökumət sağlam, dayanıqlı və rəqabətqabiliyyətli yeni iqtisadiyyatın formalaşmasına çalışır. Ümid edirik ki, bu proses tezliklə öz müsbət nəticələrini verəcək".