Rüşvətdən günahlandırılan dekan müavini işdən çıxarıldı Hadisə

Rüşvətdən günahlandırılan dekan müavini işdən çıxarıldı

BDU-da tələbənin şikayətilə bağlı komissiya yaradıldı

Bakı Dövlət Universitetində tarix müəlliminin ondan rüşvət tələb etdiyini iddia edən 4-cü kurs tələbəsinin qalmaqallı çıxışından sonra rektorun əmri ilə həmin fakültənin dekan müavini Asif Bayramov vəzifəsindən uzaqlaşdırılıb.
İşindən azad edilənlər sırasında 4-cü kurs tələbəsi Rəhilə Kiçiyevanın tyutoru olan Xanəliyev Cəfər də var. Onun kəsiri olan tələbəni yanlış növbəyə yazması və buna görə tələbədən rüşvət alması əsas gətirilərək işindən uzaqlaşdırıldığı deyilib.
Lakin belə fikirlər də səslənir ki, aparılan "islahat"lar əslində universitetin, xüsusən də tarix fakültəsinin adının rüşvət məsələsində hallanması ilə bağlı olub.
"BDU-nun Tarix fakültəsinin 4-cü kurs tələbəsi Ramilə Kitçiyevanın özünün də etiraf etdiyi kimi, dekan müavini Asif Bayramovun işdən çıxarılması onun şikayəti ilə əlaqəli deyil". Bunu Bakı Dövlət Universitetinin (BDU) Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova bildirib.
Onun sözlərinə görə, Tarix fakültəsinin dekan müavini Asif Bayramov səhhəti ilə əlaqədar tutduğu vəzifədən çıxmaq üçün müraciət edib: "Cəfər Xanəliyevin isə fakültənin tyutoru vəzifəsindən xaric olunması ilə bağlı əmr yoxdur. Tələbənin qaldırdığı şikayət ilə əlaqədar BDU-da AMEA-nın müxbir üzvü Vasif Babazadənin rəhbərliyi ilə komissiya yaradılıb. Hazırda komissiya şikayətin araşdırılması istiqamətində işə başlayıb və yaxın günlərdə bununla bağlı mətbuata açıqlama veriləcək".
Asif Bayramov özü isə "Axar.az"a açıqlamasında işdən çıxarılması ilə bağlı məlumatın yalan olduğunu deyib: "Boş-boş söhbətlərdir. İşdən çıxarılmamışam. Hamısı yalan məlumatlardır".
Qeyd edək ki, dünən Təhsil Nazirliyinə daxil olan zənglərin statistikası açıqlanıb. Statistikaya əsasən, son ay yarım ərzində Telefon Məlumat Mərkəzinə 7889, Vətəndaşların Qəbulu Mərkəzində isə bir ayda 5663 vətəndaşa xidmət göstərilib. Müraciətlərin böyük əksəriyyəti sorğu xarakterli olub.
Hər iki mərkəzə daxil olan 13552 müraciətdən 6585-i dərhal cavablandırılıb və operativ həll edilib. 6967 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.
Mərkəzlərə daxil olan müraciətlərdə daha çox təhsil sənədlərinin alınması, diplomların tanınması üçün tələb olunan sənədlərin siyahısı, məktəbəqədər və ümumi təhsil, işə qəbul, təhsil müəssisələrinin təmiri və bərpası ilə bağlı məsələlər əksini tapıb. Şikayət xarakterli müraciətlər xüsusi proqram vasitəsilə qeydiyyata alınıb və nazirliyin müvafiq struktur bölmələrinə yönəldilib.
Məlumat üçün onu da qeyd edək ki, cari ilin fevralında Telefon Məlumat Mərkəzinə 3090 zəng daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 dəfə çoxdur.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə vətəndaşlar tərəfindən həftənin bazar ertəsi, çərşənbə axşamı və cümə axşamı günləri, saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək daha çox müraciət olunub.