15 il tətbiqi gecikən qanun Hadisə

15 il tətbiqi gecikən qanun

İcbari tibbi sığorta bizə nə verəcək?

Cavid

Gələn ildən Azərbaycanda icbari tibbi sığortanın tətbiqi planlaşdırılır. Bununla da 1999-cu ildən səhiyyə gündəminin bir hissəsini zəbt etmiş bu problemin həll ediləcəyi güman edilir. Bu sığorta növünün tətbiqinin yalnız səhiyyəyə deyil, eyni zamanda digər sektorlara, o cümlədən əhalinin xərclərinin strukturuna da müsbət təsirləri var.
Xəstələndikdə ciddi maliyyə problemləri ilə üzləşdiyimiz zaman yadımıza ilk düşən və təəsüflə qeyd etdiyimiz bir məqam olur. Kaş ki, tibbi sığortam olaydı. Çünki əgər saqlamlığımızı sığorta etdirsək, nəinki ölkə daxilində, hətta bir çox xarici ölkələrdə də yüksək tibbi xidmətlərdən yararlana bilərik. Belə bir imkanı isə biz ən tezi gələn ildən başlayaraq əldə edə biləcəyik. Nəhayət ki, hökumət ölkədə əhalinin icbari tibbi sığortalanması istiqamətində tədbirlərə start verib. Artıq bununlla bağlı işçi qrup da yaradılıb.
Onu da qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması haqqında sərəncamdan 5 ildən çox müddət keçməsinə baxmayaraq, agentlik hələ də yaradılmayıb. Məhz bu sistemin işləməməsi səbəbindən 7 ildir ki, dövlət büdcəsindən icbari tibbi sığortanın tətbiqinə ayrılan 181 milyon manatdan çox vəsait istifadə olunmadan geri qaytarılıb.
Ekspert Pərviz Heydərovun sözlərinə görə, Azərbaycan bu mexanizmin yerinə yetirilməsi üçün hazırda Almaniya, Hollandiya, Norveç və Rusiyanın təcrübəsini öyrənir. Əslində ortada hər şey var: siyasi qərar, qanun, icra-nəzarətedici orqanlar. Deməli, qalır səhiyyə sahəsində islahatların inkişafını nəzərdə tutan icbari tibbi sığortanın tətbiqini sürətləndirmək və sistemi işə salmaq. Ən əsası isə illərdir istifadəsiz qalan vəsaitlərin düzgün ünvanına çatmasıdır. Bəlkə məhz ondan sonra yüzlərlə imkansız vətəndaşlar ağır xəstəliyi yenib öz sağlamlığına qovuşarlar.
Ekspert bu məsələdə ABŞ-ı da misal çəkib. Bildirib ki, Obama hökumətinin təklifinə əsasən, ABŞ əhalisi nəhayət ki, 2014-cü ilin yanvarın 1-dən məcburi tibbi sığortalanmaya cəlb olunmalı idi. Qeyd edək ki, nə qədər qəribə görünsə də dünyanın bir nömrəli inkişaf etmiş ölkəsində sözügedən məsələ hələ də həllini tapmayıb.
Hərçənd, bu sahədə bir neçə il öncədən tələb olunan hər cür hüquqi baza yaradılıb. Ancaq respublikaçılar hesab edirlər ki, sözügedən mexanizm işə düşdüyü təqdirdə işəgötürənlərin xərcləri, o cümlədən dövlətin sosial məsuliyyəti artacağından bunu, ən azı 1 il sonraya qədər təxirə salmaq lazımdır: "Eyni vəziyyət bizdə də hökm sürür. Belə ki, icbari tibbi sığorta ilə bağlı ölkəmizdə bütün zəruri hüquqi-normativ baza yaradılsa da, hətta maliyyə mənbələri müəyyən edilməklə müvafiq mexanizm işlənib hazırlansa da, bunlar hamısı "kağız üzərində" qalır. O səbəbdən ki, hər hansı bir işin bütün detallarını və mexanizmini işləyib hazırlamaq onun hələ, tətbiq olunduğu demək deyil. Bunun üçün əslində, müvafiq şərait lazımdır. Məsələn, qanunla icbari tibbi sığorta sisteminin maliyyələşdirilməsinin üç mənbə - dövlət büdcəsi, işəgötürənlər və işçilər tərəfindən həyata keçiriləcək ödənişlər hesabına formalaşacağı nəzərdə tutulsa da, dövlət büdcəsi sarıdan bunun üçün heç bir problem yoxdur. Yeri gəlmişkən, nə qədər qəribə olsa da son bir neçə ildir ki, ölkədə büdcədən icbari tibbi sığortanın tətbiqi üçün vəsait də ayrılır. Belə ki, 2009-cu ildə bu rəqəm 50 milyon manatdan bir qədər çox təşkil edirdisə, istifadə olunmadığı üçün sonrakı illərdə tədricən azaldıldı. Və cari ilin büdcəsində bu ayırmalar 10 milyon manat təşkil edib. Özü də çox təqdirəlayiq haldır ki, dövlət büdcəmizdə bu xərc ayrıca maddə ilə göstərilir.
Ancaq sual olunur ki, mexanizm işləmədiyi halda bu məbləğ lap, 100 milyon manat təşkil etsə də xeyri varmı? Təbii ki, yox... Bəs işəgötürənlər ilə işçilər üzrə həmin ödənişlər necə həyata keçiriləcək?
Ölkəmizdə xüsusən də, büdcə təşkilatlarında çalışanların əməkhaqqlarının səviyyəsinə görə, onlardan tutulan fiziki şəxslərdən gəlir vergisi ilə sosial ayırmaların kifayət qədər ağır yük təşkil etdiyi məlumdur.
Üstəlik onu da nəzərə almaq vacibdir ki, sosial ayırma üzrə işəgötürən ilə işçilər arasında ödənişin bölünmə nisbəti 22+3% təşkil etdiyindən birincilərin yükü daha ağır təşkil etdiyindən işçilərlə əmək müqavilələrinin bağlanması da ciddi problem kəsb edir.
Odur ki, sözügedən mexanizm işə düşdüyü təqdirdə işəgötürənlərin üzərinə əlavə olaraq tibbi sığorta ödənişinin də yüklənməsi əməkhaqqların leqalaşdırılması üçün həyata keçirilməli olan tədbirlərlə də tərs mütənasib təşkil edəcək. Digər məqam isə ondan ibarətdir ki, ölkəmizdə səhiyyə sisteminin mövcud vəziyyəti islahata məhkumdur. Xəstəxanaların və klinikaların yüksək səviyyədə modernləşdirilməsi, ən müasir avadanlıqların alınıb gətirilməsi icbari tibbi sığortanın tətbiqi üçün əsaslı şərt deyil. Bunun üçün səhiyyə işçilərinin sosial vəziyyəti, o cümlədən əhalinin yaşayış durumu da yüksək səviyyədə olmalıdır ki, keyfiyyətli tibbi xidmətdən istifadəyə imkan yaransın. Ən nəhayət, icbari tibbi sığortanın tətbiqi üçün də ölkədə sığorta bazarı inkişafı etməli və sığorta fəaliyyəti gəlirli olmalıdır. Bütün bunların zəruriliyi ondan irəli gəlir ki, ölkəmizdə sığorta anlayışı hər bir vətəndaş tərəfindən başadüşülən və qəbul edilən olsun.
Nə qədər ki, vətəndaşların səhiyyə xidmətindən istifadəyə çəkdikləri və sərf etdikləri xərclər onların gəlirləriylə tərs mütənasib təşkil edəcək, ölkəmizdə icbari tibbi sığorta mexanizminin tətbiqi mümkün olmayacaq".
Onu da bildirək ki, Azərbaycanın səhiyyə sisteminin inkişafına xidmət edəcək bu sistem səhiyyəmizi köklü surətdə dəyişəcək. Bu sistemin tətbiqi ilə səhiyyə sistemində islahatlar aparmaq istəyən Azərbaycan onun tətbiqi üçün artıq müəyyən hazırlıq işləri də görüb.
Səhiyyə nazirinin müavini Elsevər Ağayevin bildirdiyinə görə, icbari tibbi sığorta işçilərin əməkhaqqından ayırmalardan tutmuş tibb müəssisələrinin akkreditasiyasına kimi müxtəlif parametrləri əhatə edən çoxşaxəli prosesdir: "Ümumiyyətlə, hər bir ölkə tibbi sığortaya fərqli şəkildə yanaşır. Səmimi bildirim ki, ölkələrin əksəriyyətində tibbi sığorta problemlə qarşılanır. Mənə elə gəlir ki, Azərbaycanda da icbari tibbi sığortanın tətbiqinə hərtərəfli, bütün parametrlər nəzərə alındıqdan sonra başlamaq lazımdır. Ancaq bu, yalnız səhiyyənin və yalnız Səhiyyə Nazirliyinin əlində olan məsələ deyil".
İcbari tibbi sığortanın Azərbaycanda tətbiqini səhiyyə sisteminin inkişafı üçün çox əhəmiyyətli sayan Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib ki, bu sistem tətbiq edildikdən sonra səhiyyə sektorunda çox böyük dəyişikliklər olacaq.
Onun sözlərinə görə, dünyanın əksər ölkələrində səhiyyə xidmətlərinin maliyyələşdirilməsi icbari tibbi sığorta vasitəsilə həyata keçirilir: "Bəzi ölkələrdə bizim sovet dövründə olan model fəaliyyət göstərir - səhiyyə xidmətləri tam pulsuz olur və bütün xərclər tam olaraq, dövlət tərəfindən ödənilir. Məsələn, Norveçdə, İngiltərədə sistem belədir. Ancaq bəzi ölkələrdə dövlət və bələdiyyə səhiyyə sistemi pulsuz, özəl səhiyyə isə tam pulludur. Bunlardan ən yaxşısı icbari tibbi sığorta modelidir ki, burada həm özəl, həm bələdiyyə tabeliyində olan tibb müəssisələri icbari tibbi sığorta vasitəsilə maliyyələşə bilər".
Millət vəkilinin sözlərinə görə, ölkədə gələn ildən icbari tibbi sığortanın tətbiq edilə bilməsi üçün lazımı şərait var: "Bu gün Azərbaycanda icbari tibbi sığortanın tətbiqi üçün qanunvericilik baxımından da heç bir problem yoxdur və bu sahədə qanunvericilik bazası kifayət qədər mükəmməldir. 1999-cu ildə Milli Məclis tərəfindən "İcbari tibbi sığorta haqqında" qanun qəbul olunub. 2007-ci ildə isə ona əlavə və dəyişikliklər edilib. Ölkə prezidentinin sərəncamı ilə Dövlət İcbari Tibbi Sığorta Agentliyi yaradılıb. Bu iş üçün hər il büdcədən maliyyə vəsaiti ayrılır. Ölkədə bu sistemin tətbiq edilməməsi üçün iki obyektiv səbəb ola bilər ki, onların da hər ikisi artıq aradan qalxıb. Bunlar səhiyyə müəssisələrinin maddi-texniki bazasının zəif olması, ölkənin hər yerində kifayət qədər keyfiyyətli xidmət göstərə biləcək səhiyyə müəssisələrinin olmaması idi. Ancaq artıq son illər ərzində bu sahədə çox ciddi islahatlar aparılıb. Demək olar ki, ölkənin bütün regionlarında, hətta rayonlarında müasir tələblərə cavab verən Müalicə Diaqnostika mərkəzləri, klinikalar var. Yeni tikilən və əsaslı təmir olunan tibb müəssisələrinin də müasir avadanlıqlarla təminatı yüksək səviyyədədir. Eyni zamanda, ölkədə kifayət qədər kadr potensialı var. Bu baxımdan icbari tibbi sığortanın tətbiqiə maneələr artıq aradan qaldırılıb. Ancaq başqa maneə sığorta şirkətlərinin şəbəkəsinin zəif olmasıdır. Bu problemi də aradan qaldırmaq üçün kifayət qədər işlər görülür".
Musa Quliyev hesab edir ki, bu sistem tətbiq olunduqda tibbi xidmətin keyfiyyəti istər-istəməz yüksələcək. Çünki bu sistemin tətbiqi ilə bu prosesdə iştirak edən tərəflərin də maraqları artacaq.
İcbari tibbi sığortanı səhiyyə sisteminin maliyyələşməsinin ən mükəmməl forması sayan millət vəklilinin sözlərinə görə, işəgötürən müəssisə icbari tibbi sığorta ayırmalarının sərfəli xərclənməsində, işçinin çox xəstələnməməsində, işçi xəstələndikdə də onun çox qısa vaxt ərzində müalicə olunması və işə geri qayıtmasında maraqlı olacaq. İcbari tibbi sığorta agentliyi xəstə olan şəxsin əlavə müayinələrə cəlb olunmamasına, onun reseptində əlavə dərmanların yazılmamasına, müalicə müddətinin həddindən artıq uzadılmamasına, bir sözlə əlavə vəsaitlərin xərclənməməsinə çalışacaq. Səhiyyə müəssisəsinin marağı isə yaxşı, keyfiyyətli tibbi xidmət göstərə bilmək olacaq. O çalışacaq ki, icbari tibbi sığorta şirkəti yaxşı xidmət göstərən tibbi müəssisəsi kimi onunla yenidən müqavilə bağlasın, seçim zamanı başqa tibb müəssisəslərinə üstünlük verməsin. Nəticədə isə bu sistemin tətbiqindən tərəflərin hər biri fayda götürəcək və "udacaq".
M.Quliyev bildirib ki, bu sistemin tətbiqi dövlətin də "udmasına" səbəb olacaq. Çünki ölkədə göstərilən keyfiyyətli tibbi xidmətlərin sayı artacaq, dövlətin səhiyyə sektoruna ayırdığı xərclər ilbəil azalacaq. Səhiyyə xərclərinin maliyyələşdirilməsinin böyük bir hissəsi işəgötürənlərin hesabına icbari tibbi sığorta şirkətləri tərəfindən həyata keçiriləcək.
Sistemdən ən çox faydalananlar isə əhali, başqa sözlə xəstə şəxslər olacaq. Çünki xəstə az vəsait ödəməklə keyfiyyətli xidmət ala biləcək. Bununla yanaşı, xəstənin lazımsız müayinələrdən keçməsinə ehtiyac qalmayacaq, ona əlavə dərmanlar yazılmayacaq: "Təəssüf ki, bu, hazırkı praktikada var. Lazım olub-olmamasından asılı olmayaraq, pul almaqdan ötrü həkimlər xəstələri lüzumsuz müayinələrə göndərir, ona artıq dərmanlar yazırlar".
Millət vəkilinin sözlərinə görə, ancaq icbari tibbi sığorta olduqda hər bir tibbi sığorta şirkətinin özünün ekspert həkimləri olacaq və onlar belə halların baş verməməsinə nəzarət edəcəklər.