“Vaqif ölümlə zarafatlaşa-zarafatlaşa da getdi” Hadisə

“Vaqif ölümlə zarafatlaşa-zarafatlaşa da getdi”

Dünən xalq şairi Vaqif Səmədoğlu Birinci Fəxri Xiyabanda torpağa tapşırılıb.
Şairin dəfn mərasimində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək, Vaqif Səmədoğlunun vəfatını Azərbaycan mədəniyyəti və ədəbiyyatı üçün böyük itki kimi dəyərləndirib: "Vaqif Səmədoğlunun itkisi çox ağırdır. Xalq bu itkinin ağırlığını uzun zaman yaşayacaq. Onun özünəməxsus ömür yolu olub. Vaqif Səmədoğlu heç kimə bənzəməyən bir ömür yaşayıb. Artıq onun ömrü əbədiyyətə qovuşdu. Bundan sonra zaman onun xeyrinə işləyəcək. Vaqif Səmədoğlu zaman-zaman poeziyamızda, musiqimizdə, insanların ürəyində yaşayacaq.
Yazıçı Kamal Abdulla Vaqif Səmədoğlunun yoxluğunu qəbul etmədiyini və onun həmişə yaşayacağını bildirib: "Vaqif Səmədoğlunun itkisi böyük itkidir, amma o, həmişə bizimlə bərabər yaşayacaq".
Millət vəkili Nizami Cəfərov bu itkinin hələ bizləri çox ağrıdacağını bildirib: "Vaqif Səmədoğlunun itkisi ədəbiyyatımızın itkisi sayılır. Amma o, fiziki ömrünü başa vurdu, ruhən bizimlə yaşayır".
Xalq şairi Nəriman Həsənzadə yaxın dostunu kövrələrək yad edib:
"İsa Muğannanın ardınca Vaqif də getdi. Əslində, o, əbədiyyətə qovuşdu, irsi isə yaşayır. Elə adamlar var ki, bir dəfə doğulur, bir dəfə yaşayır, amma Vaqif hər zaman yaşayacaq. Əslində, o, şair olmasaydı da, bizlər üçün əziz adam idi. Çünki Səməd Vurğunun yadigarıdır. Özünü sevdirən insan idi. Çox zarafatcıl idi, hətta ölümün özüylə belə zarafatlaşırdı. Elə ölümlə zarafatlaşa-zarafatlaşa da getdi".

Vaqifsizlik …

Millət vəkili, şair Sabir Rüstəmxanlı: "Vaqif sevgi dolu insan idi. Onun qədər həyatı sevən ikinci bir adam tanımıram. Oturuşunda-duruşunda nə qədər ciddi olsa da, daxilən o qədər yumoru sevən, zarafatcıl bir insan idi. Ömrünün son günlərində tez-tez ölümdən danışırdı, ağrısını-acısını dilə gətirirdi. Bu da təbii idi, çünki ağır xəstəliyə düçar olmuşdu. Onunla sonnucu dəfə təyyarədə qarşılaşmışdıq. O, müalicəyə gedirdi. Dedi ki, Sabir, çox ağrıyıram. Mən də ona təsəlli verdim. Əslində, ölümdən qorxan adam deyildi. Çünkü ölümsüzlüyünü hamıdan gözəl bilirdi. Elə buna görə də ölümdən çox danışırdı, çox yazırdı. Son yüzilin ən fərqli düşüncələrini özündə birləşdirən adam idi Vaqif. Milliyyətçi idi və əsl vətənpərvər idi. Səməd Vurğunun yadigarını və ədəbiyyatımızda böyük bir söz adamını bu gün itirdik. Əslində, fiziki mənada itirdik, Vaqif hər zaman bizimlədir.
Yazıçı Seyran Səxavət: "Daha mən Vaqifi məclislərdə görməyəcəyəm, bir də bizimlə birgə tost deməyəcək, danışıb-gülüb, yumorları ilə bizi güldürməyəcək. Amma Vaqif həmişə yanımızda olacaq. Əlbəttə, gözəl ruhu ilə. Vaqif ədəbiyyatda böyük insan idi. Vaqif sağlığında sevgi qazanan və adını əbədiyyətə yazan adam idi. Onun bütün yazıları özünə oxşayır. Hamısı təbii, səmimidir, özüdür. Bayatılarımıza bənzəyir onun şeirləri, sanki saf bir su damlasıdır. Vaqif yenə yaşayacaq, yenə danışacaq, yenə ürəkləri fəth edəcək. Məni incidən onun həm də fiziki yoxluğudur. Bu yoxluq məni çox göynədir. Xəstə vaxtlarında onunla görüşmək istədim, amma alınmadı. Əslində bu görüş məni çox incidəcəkdi, çünki Vaqifi o vəziyyətdə görmək mənə asan olmayacaqdı".
Bəstəkar Cavanşir Quliyev Vaqif Səmədoğlunun timsalında həm böyük ədəbiyyat adamını, həm də yaxın dostunu itirdiyini deyir: "Vaqiflə dost idik. Onunla birgə əməkdaşlığımız da çox olub. Keçən il onun "Generalın sonu" pyesinə bir musiqi bəstələdim. Yeni bir şeirinə musiqi yazdım. Ömrü bir az da uzun ola bilərdi. Çünki həkimlər hələ onun bir neçə il də yaşayacağını demişdilər. Özü ərköyünlük etdi. Bu da tale işidir, əcəl gələndə heç kimlə hesablaşmır. Vaqif əsl dost idi, gözəl insan idi. O qədər xatirələrimiz var ki… Çətindir, çox çətindir. Mən onun ölüm xəbərini eşidəndə inanmadım".
Xanəndə Canəli Əkbərov deyir ki, Vaqif Səmədoğlunun timsalında böyük ədəbiyyat adamını itirdik: "Səməd Vurğunun yadigarını bu gün son mənzilə yola salacağıq. Vaqif Səmədoğlu ədəbiyyatımızda sonuncu mogikanlardan idi. Bu ağrını hələ uzun müddət unuda bilməyəcəyik. Amma təsəllimiz də var ki, onun poeziyası əsrlər boyu yaşayacaq".
Flora Kərimova: "O təkcə yaxın dostlara məxsus insan deyildi. Vaqif bütün bir millətin, bütün bir xalqın şairi idi. Azərbaycan torpağına fərəh gətirən, sözün həqiqi mənasında, əsl vətəndaş idi. Vaqifin hər cür fitri istedadından danışmaq olar. Vətənini sevən, beli bükülməyən, fikirlərini kiməsə xoş gəlmək üçün dəyişməyən, sağlam düşüncəli, sağlam təfəkkürlü insan idi. Vaqif heç vaxt mühitə uyğunlaşmağa çalışmırdı. Mühitə bənzəyib xırdalanacaq adamlardan deyildi. Onun kimi insanlar, yəni dahilər heç vaxt ölmürlər. Vaqif müəllimin əvəzi yoxdur, ola da bilməz".
Vidadi Babanlı: "Vaqif Səmədoğlu şən, mehriban və olduqca səmimi insan idi. Ürəyiaçıq insan idi, heç kimin əleyhinə söz deməzdi. Badalaq qurmaq kimi hisslər onda heç vaxt olmayıb. Bu cür gözəl xasiyyətli insanın eyni zamanda əsərləri də özünə bənzəyirdi. Onun "Bəxt üzüyü", "Yaşıl eynəkli adam" məzhəkələri, komediyaları buna əyani sübutdur. Hər iki filmi çox sevildi, o əsərlərdən razı qaldılar və demək olar, günü bu gündə hər kəs o filmlərdən sitatlar deyir. Bu, demək, özünün təbiətində var imiş ki, onun komediyaları onun zarafatları əsərlərinə də keçir. Ümumiyyətlə, çox yazıçıların övladları sənətə gəlib, atalarının yolunu davam etdirirlər, amma uğur qazana bilmirlər. Vaqif isə uğur qazandı. Çünki, o atasının yolu ilə, o yazdığı səpkidə yazmadı, atasının dəsti-xətti ilə getmədi. Vaqifin öz yolu oldu. Əgər atasının yolu ilə getsəydi, yaddaşlarda qalmazdı. Allah rəhmət etsin, çox gözəl insan idi. Biz Vaqiflə çox tədbirlərdə bir yerdə olmuşuq. Səhv etmirəmsə, Moskvada bir tədbirdə olanda, tədbir iştirakçılarından bir rus gəlib bizlə görüşdü. Vaqifə yaxınlaşanda ona "Səməd" deyə müraciət etdi. Görünüşcə də Vaqif atasına çox bənzəyirdi. O da gülə-gülə "Səməd atam idi, mən oğluyam" – dedi. Yusif Səmədoğlu da gözəl insan idi, Amma onda yumor çatışmırdı, daha aristokrat insan idi. Sənəti ilə yanaşı, insanlığı ilə də yaddaşlarda qalacaq. Çünki ikisi də bir-birini tamamlayırdı".
Baba Vəziroğlu: "Artıq ətrafımda çox az insan qalıb. Düzdü, yaşımız arasında fərq böyük idi. Amma mən hər zaman özümdən böyük ədəbi nəslin nümayəndələri ilə oturub-durmuşam, onlarla dostluq-yoldaşlıq etmişəm. Onların sırasında Vaqif Səmədoğlu mənim ən yaxın dostlarımdan biri olub. Mən ona hər zaman "ustad" deyirdim. Həyatda da çox yaxın dost idik. Bizi bir-birimizə çox cəhətimiz bağlayırdı. Tədbirlər, xarici səfərlər, fikirlərimiz üst-üstə düşürdü. Mən də çox zarafatcıl insanam. Cavanlığımız, yeyib-içməyimiz də bir olub. İkimiz də həyatdan həzz almağı bacarırdıq. Mən onların ailəsi ilə çox yaxın idim. Yusif müəllimlə, Aybəniz xanımla çox yaxşı ünsiyyətimiz var idi. Vaqif Səmədoğlu Səməd Vurğun ailəsinin sonuncu yetirməsi idi. Azərbaycan poeziyası böyük bir şairini itirdi. Mən onun qədər həyatsevər insan görmədim. Onun ölümlə zarafatlarını görənlər təəccüblənməsinlər. O, ölümdən qorxmurdu. Allaha şeirlərində deyirdi ki, "mən gəlim, ya kimisə göndərirsən?" Hər mövzuda qəribə bir yumoru var idi. Ölümü onun qədər sevən ikinci bir insan ola bilməz. Bu gün Vaqifin ölümünü qəbul edə bilmirəm. Mən onu ölü kimi xatırlamıram. Elə bilirəm, sağdı. Deyirdim, "niyə atan saz çalanda ordenlərin hamısını döşünə taxırdı?". Vaqif deyirdi ki, gedəndə atamın özündən soruşacam. Elə bilirəm, o sualın cavabını almağa gedib".
Aqşin Yenisey: Ruhu şad olsun. Sufilikdə "məlucluq" deyilən bir son məqam var. Mənası budur ki, əgər sufi bütün həyatı boyu əsl sufi kimi yaşayıbsa, o ölmür, Tanrı onu cəzb edir. Mənim inancıma görə, əsl sufi kimi Vaqif Səmədoğlu da ölmədi, Tanrının cazibəsi apardı onu. Vaqif bəylə həyatda bircə dəfə təsadüfən görüşmüşdük. Bizim görüş yerimiz ayrı yer idi, ünvanını nə o bilirdi, nə mən. Slavyan universitetində işləyərkən bir gün Əsəd Qaraqaplan əlində telefon başılovlu gəldi ki, Vaqif Səmədoğlu səninlə danışmaq istəyir. Şair yüz ilin dostu kimi telefonda qısaca söylədi ki, hazırlaşın, gəlib sizi götürürəm, gedirik yeyib-içməyə. İş vaxtı olsa da, aradan çıxdıq. Şair sürücüsünü ingilislərin yığışdığı bir restorana tuşladı. Biz üç nəfər idik, Vaqif bəy tək. Bir az qışın soyuğunu canımızdan çıxarandan sonra şeirdən başqa hər şeydən danışmağa başladıq. Vaqif bəy Səməd Vurğunun onu uşaq vaxtı Üzeyir Hacıbəyova övladı olmadığı üçün oğulluğa vermək istəməsi, sonra nəyə görəsə sözündən döndüyünə görə dahi bəstəkarın Səməd Vurğundan soyuması, yeniyetmə olanda Səməd Vurğunun Moskvada aldığı yüz iyirmi min rubl qonorarı orada restoranda itirməsi, Şoloxovla araq içməsi, gənclik illərində bizim rayonda, Cəlilabadda kombayn sürməsi kimi yaşı biz üç nəfərin ömrünə tən olan xatirələrini yada saldı. İndi heç bilmirəm, bunları deməkdə düz edirəm, ya yox. Yalnız restoranı tərk edəndə mənə dedi ki, sənin şeirlərini oxuyub qurtarmaq olmur. Bunu öz aləmimdə tərif kimi dəyərləndirib, ərklə təşəkkür etsəm də, Vaqif bəyin yumor hissinin çırtması dərhal qulağımın ucunu göyərtdi: "çalış, bir az qısa yaz". Eyni vaxta xəstəxanaya düşmüşdük, ona baş çəkmək mənə qismət olmasa da, Vaqif Səmədoğlunun adı Mirşahinin dilində gəlib məni yoluxdu. Təbiətdə belə bir qanun var; dağlar yer səthindən doqquz kilometrdən artıq ucaldıqda yerin daxili cazibəsi nəticəsində özləri yavaş-yavaş qopub-tökülür. Şeir diliylə desək, dağlar öz ucalıqlarından enməyə başlayır. Və bu, hər dağa nəsib olmur.

…Və bir cüt ayaqqabı

Vaqif Səmədoğlunun məzarına öz şeirində yazdığı kimi bir cüt ayaqqabı qoyuldu...
Məzarıma nə başdaşı qoyun,
nə heykəl.
Bir cüt ayaqqabı qoyun,
ayağıyalın geyib getsin...