“Hazır qidalar xərçəngə tutulma riskini artırır” Hadisə

“Hazır qidalar xərçəngə tutulma riskini artırır”

Onkoloq Samir Hacıbabayev: "Mədə xərçənginin əsas səbəblərindən biri hazır qidalardır"

Ev yeməyinə əli çatmayan acmış insanın fikri ucuz başa gələn yemək əldə etməkdir. Mağazalarda satılan hazır yeməklərin üzərinə qaynar su əlavə etməklə və ya azacıq qızdırmaqla hazır olan və ilk dəfədən dadlı saydığımız qidalar ən ideal variant kimi görünə bilər. Amma onların tərkibi barədə nə bilirik? Ekspertlər, həkimlər dəfələrllə bildiriblər ki, tez hazırlanan və ayaqüstü qəbul edilən yeməklər ziyanlıdır. Belə qidalara qatılan maddələrdən biri də, el arasında "Çin duzu" adlanan Mono Natrium Glutamat (MNG) maddəsidir. Həmin maddə dondurmaya, sosislərə, dönərə və bir sıra ayaqüstü yeyilən qidalara qatılır. Kimyəvi maddələrin təkcə dadını deyil, rənglərini dəyişib cəlbedici edərək qida məhsullarına qatırlar.
MNG məhlulunun əsas özəlliyi qidanı dadlı etməsi və insanların həmin qidadan doymamasıdır. MNG maddələri mağazalarda hazır şəkildə satılan küftə, ət suyu həbləri, hazır souslar, cips, kolbasa, qamburger kimi məşhur qidalara qatılır.
"Çin duzlar"ının insan orqanizmi üçün zərərlidir. Belə ki, bu maddə əllərdə allergiya, qaşınma, ürəkbulanması, astma, sinə, mədə ağrıları, mürgüləmə, halsızlıq yaradır.
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov mətbuata açıqlamasında bildirir ki, tərkibində müxtəlif rəng və dadverici qatqılar olan qidalardan lazımi qədər az istifadə olunmalıdır: "Bu gün qida sənayesinin inkişafını kimyəvi qatqılarsız, protein tipli dərmanlarsız təsəvvür etmək mümkün deyil. Qida sənayesində istifadə olunan "E" kateqoriyasına aid olan formaldehidlər normadan artıq istifadə olunduqda insan orqanizmini mənfi təsir göstərir. Mən dəfələrlə vurğulamışam ki, idxal olunan məhsulların əksəriyyəti laborator analizlərdən keçirilmir. Çünki ölkədə qidaların tərkibini yoxlaya biləcək müasir laborator analiz qurğuları yoxdur".
E.Hüseynov hesab edir ki, hökumət qurumları açıq şəkildə əhalini xəbərdar etməlidir ki, tərkibində qatqılar olan qida məhsullarından istifadə edərkən ehtiyatlı olsunlar. Ekspertlərin bir çoxu "Doşirak" makaron tipli əriştələrin insan mədəsində xərçəng xəstəliyi yaratdığını bildırir. Beynəlxalq təcrübə mərkəzinin araşdırmaları nəticəsində məlum olub ki, doşirak yeyildikdən sonra uzun müddət mədədə ərimir və bu, insan orqanizmində müxtəlif spazmalara gətirir. Yarımfabrikat məhsulların mədə divarları arasında saatlarla saxlanılıb qalması müxtəlif növ xoralara səbəb yaradır, tədricən isə bu xoralar xərçəngə çevrilir. Massaçuset Baş Elmi Araşdırma institutunun rəhbəri Breyden Kuo öz elmi araşdırmalarına əsaslanaraq bildirib ki, tez hazırlanan əriştələrin əsas tərkib hissəsi tullantı neft məhsullarından hazırlanır. "Antioksidant" hesab edilən doşirak isə əslində natri tərkibli dad konservantlarından ibarətdir. Birləşmiş dünya ekspertlər qrupunun araşdırmaları nəticəsində bəlli olub ki, bir günə beş ədəd doşirak paketinin qəbulu insanı birbaşa ölümə apara bilər.
Ekspertlərin iddiasına görə, əvvəl ev şəraitində hazırlanan, indi isə yarımfabrikat halda mağazalarda satılan yeməklər də sağlamlığa böyük təhlükədir. Onkoloq Samir Hacıbabayevin sözlərinə görə, mədə xərçənginin əsas səbəblərindən biri hazır qidalardır. Hazır qidalar səbəbiylə son illərdə mədə xərçəngi yerini dəyişdirib. "Əgər əvvəllər xərçəng mədənin altında başlayırdısa, zaman keçdikcə yuxarı qalxmağa başladı. Xərçəng altda olanda onu kəsib götürə bilirdik. Mədənin qalan hissəsi fəaliyyətini davam etdirirdi. Son illərdə isə böyük yerdəyişmə müşahidə edilir". Onun dediyinə görə, hazır qidaların qoruyucu maddələr ehtiva etməsi, qidaya vurulan müxtəlif kimyəvi maddələr hazırlanması zamanı bişirilmə, fermantasiya, pasterizasiya və s. bu kimi əməliyyatlar mədə üçün təhlükə mənbəyidir. Tozlu məhsullar, meyvə içkiləri (toz halında), şirniyyatlar, hazır suplar, un məmulatları, hazır çörəklər, düşbərə, xəngəl, vafli, fermentasiya edilmiş pendir, çörək, yoqurt, kərə yağı, turşu, sirkə, şərab, pivə, dondurulmuş qidalar və s. bu kimi məhsullar da mədə üçün təhlükəlidir.
Mütəxəssislər hesab edirlər ki, hazır qidaların hazırlanma şəraiti bəlli olmadığı üçün zəhərlənmə halları da baş verə bilir. Qidalar hazırlanarkən yaxşı yuyulmaması, keyfiyyətsiz məhsullardan istifadə edilməsi qida zəhərlənmələrinin yaşanmasına səbəb olur.
Qida üzrə mühəndis Firudin Məmmədov deyir ki, hazır qida dedikdə, paketdə qablaşdırılmış, qoruyucu maddələr, qida boyaları və kimyəvi maddələrlə zəngin məhsullar nəzərdə tutulur. Ümumiyyətlə, evdə hazırlanmayan, təbii olmayan, marketlərdən alınan bütün məhsullar hazır qidalar sinfinə aiddir. Hazır qidalar, ən çox xərçəng riski daşıdığı üçün mütəxəssislər tərəfindən qəbul edilmir. Qidaların tərkibində olan bəzi qatqı maddələrinin, qida boyalarının və uzunömürlüyü təmin edən kimyəvi maddələrin xərçəng yaradıcı xüsusiyyətdə olduğu, xüsusilə uşaqlar üçün böyük təhlükə daşıdığı bildirlir. Uzun müddət və çox miqdarda istehlak edildiyində xərçəng riski də artır. Buna görə də əsasən uşaqları hazır qidalaradan uzaq tutmaq lazımdır. Hazır qidalar böyüklərdə xərçəngə tutulma riskini 30, uşaqlarda isə 60 faiz artırır. Hazır qidalar xərçənglə yanaşı şəkər, təzyiq, ürək və damar xəstəliklərini də artırır, uşaqların inkişafına və boy atmasına maneə yaradır.
"Pomidor sousu, bibər sousu, turşu, ketçup və s. bu kimi məhsulların ev şəraitində hazırlanması məsləhət görülür. Hazır məhsulların uzunömürlüyü nə qədərdisə, tərkibinə qatılan kimyəvi maddələrdə o qədər çoxdur. Çoxumuz uşaqlar üçün hazır yoqurtlar alırıq, amma siz bunu evdə də hazırlaya bilərsiniz. Qatıq evdə hazırlana bilən ən asan qidadır. Ona bal və ya meyvə qatıb uşaqlara vermək olar. Hazır yoqurtların 70 faizini kimyəvi maddələr təşkil edir. Konservlər əvəzinə mövsümi tərəvəzlərdən istifadə edə bilərsiniz. Hazır ət və ət məhsulları, un məhsulları da sağlamlıq üçün böyük təhlükə mənbəyidir".
F.Məmmədovun bildirdiyinə görə, hazır bulyonlar, suplar da sağlamlıq üçün təhlükəlidir. Bunun əvəzinə ev şəratində hazırlanmış qidalardan istifadə etmək lazımdır. Məmmədov bildirir ki, hazır qidaların tərkibində 2000-ə yaxın qatqı maddəsi var və insanlar hər gün bunu müxtəlif qidalarla qəbul edirlər. Dadlandırıcı, konsistensiya qoruyucu, konsistensiya artırıcı, rəng qoruyucu, ağardıcı, xarab olmağın qarşısını alan, boya, qoxulandırıcı və s. kimi maddələr hazır qidalara vurulur. Müsahibimiz məsləhət görürür ki, bütün qidaların təbiisindən istifadə etmək lazımdır: "Açıq süd alınmalı, bu süd qaynadıldıqdan sonra istifadə edilməlidir. Qəssabdan sümüklü ət alınmalıdır. Ət bişirilərkən uzun müddət qaynadılmalıdır. Mağazalarda satılan şişirdilmiş toyuqlardan uzaq olmaq lazımdır. Bunun əvəzinə lobya, noxud və ya kartofdan istifadə edə bilərsiniz. Mağazalarda satılan düşbərə, xəngəl, pitsa, qızardılmış qidalardan nə qədər uzaq dursanız, bir o qədər çox və sağlam yaşayarsınız".
İşləyən xanımların bir çoxu bir müddət üçün hazırladığı qidaları dondurucuda saxlamağa üstünlük verir. Belə yarımfabrikat halında olan yeməkləri istənilən an dondurucuda götürüb tez müddətdə hazırlayaraq süfrəyə vermək olar. İlk baxışdan hər şey olduqca asan və rahat görünür. Lakin bioloq Mirqasım Mahmudun sözlərinə görə, qidanın hansı formada olur-olsun dondurularaq süfrəyə verilməsi elə təhlükənin özü deməkdir. Ev şəraitində qidaların dondurularaq daha dadlı və keyfiyyətli olduğunu düşünənlər yanılırlar. Sağlamlıqdan əlavə sadəcə dondurulma üsuluna baxdıqda hazır dondurulmuş qidalar evdə dondurulmuş qidalardan daha təmiz və keyfiyyətli hesab oluna bilər. Çünki dondurmaq sadəcə buzluqdan istifadə etməklə həyata keçirilməməlidir. Bu cür dondurulan qidalar özü elə təhlükə mənbəyi hesab oluna bilər: "Əvvəla, ev şəraitində hansısa ərzaqı və ya hazırlanmış yeməyi dondurmaq üçün dərin soyuducu dediyimiz irihəcmli soyuduculardan istifadə edilməlidir. Belə soyuducular qidanı maksimum müddətdə soyudub tərkibində mikrob və bakteriyaların yaranmasının qarşısını alır. Evdə istifadə olunan soyuducuların markası hansı olmasından asılı olmayaraq bu soyuducular qısa müddətdə ərzağı buz halına çevirmə gücünə malik deyil" deyən həmsöhbətimiz buna görə də ev şəraitində dondurulma prosesi aparmağı məsləhət görmür. Onun sözlərinə görə, mağazalarda satılan hazır qidaların dondurulma prosesi olduqca sürətlidir və ərzaq dondurucuda maksimum yarım saata bu hala çevrilir. Ərzağın tərkibi, keyfiyyətli olub-olmaması artıq ikinci plana keçir. Çünki ən keyfiyyətli məhsul belə ev şəraitində dondurulursa, donma müddəti 2-3 saatı keçirsə, artıq tərkib etibarilə qida dəyişilmiş olur. Bioloq bildirir ki, bundan sonra buzun açılma prosesində qidanın tərkibi ikinci dəfə dəyişilmiş olur ki, artıq mikrobların qidanı tamamilə bürüməməsi qeyri-mümkündür. "Ev şəraitində dondurulan qidalara fikir vermək lazımdır. Onları dondurarkən şok üsulu dediyimiz üsuldan istifadə etmək məsləhətdir. Dondurulma üçün uyğun qidalar meyvə-tərəvəzlər və paxlalı bitkilərin bişməmiş, çiy olan halıdır. Tərəvəz və bitkilər şok üsulu ilə dondurulmalıdır. Əvvəlcə qaynar suya salınan dondurulacaq ərzaq 1-2 dəqiqədən sonra buzluğa qoyulmalı və istifadə zamanı buzun rahatlıqla açılmasını gözləmək məsləhətdir".
M.Mahmudun dediyinə görə, ərzaqların buzluqda olduğu halda qısa zamanda tərkibinin dəyişməsi bir neçə inqridientin birlikdə dondurucuya qoyulmasına görədir. Hazırlanan yeməyin tərkibində olan ət və tərəvəz məhsulları birlikdə donub açıldığı üçün ideal mikrob şəraiti meydana gəlir. Halbuki, ayrı-ayrılıqda dondurulduqda bu təhlükə maksimum azalmış olur: "Buzluğa qoyulan çiy dolma, hazırlanmış yağ soğan, blinçiklər, qaynadılmış ərzaqlar sadəcə bir ərzaqdan ibarət deyil. Müxtəlif tərkibli qidaları birləşdirib eyni anda soyuducuya qoyduqda, üstəlik soyuducunun gücü qısa bir müddətdə soyutmağa yetmədikdə yeməklərin tərkibi dəyişməyə başlayır. Bişirilən zaman yeməkdən fərqli dad gəlir və təzə bişirilmiş yemək kimi olmur. Ümumiyyətlə, ev şəraitində heç bir ərzağın dndurulmasını məsləhət görmürəm. Əgər dərin buzluq varsa, dondurulmada heç bir problem yoxdur. Ev soyuducularında dondurulan qidaların keyfiyyətinə isə şübhə var və bu cür yeməkləri hazırlayıb, saxlayıb yemək məsləhət deyil".

Ülviyyə Tahirqızı