“Bakı–Brüssel münasibətləri yeni mərhələyə keçir” Gündəm

“Bakı–Brüssel münasibətləri yeni mərhələyə keçir”

“Azərbaycanın mövqeyinə görə, Avropa İttifaqı Cənubi Qafqazda formalaşan yeni geosiyasi şərtlərə uyğun siyasət həyata keçirməlidir. Çünki əvvəlki illərdə Aİ rəhbərliyində təmsil olunan bəzi şəxslərin yanlış və birtərəfli yanaşmaları Azərbaycan–Aİ münasibətlərində ciddi gərginlik yaratmışdı. O dövr Brüsselin Cənubi Qafqaz siyasəti daha çox Ermənistanın mövqelərinə söykənirdi ki, bu da həm ikitərəfli münasibətlərə, həm də Avropa İttifaqının regiondakı mövqeyinə zərər vururdu,”

Bu sözləri politoloq Asif Nərimanlı Xalqcebhesi.az-a açıqlamasında bildirib.

Politoloqun sözlərinə görə, həm Avropa İttifaqında, həm də regionun özündə vəziyyət artıq ciddi şəkildə dəyişib:
“Avropa İttifaqının rəhbərliyində əvvəlki kimi ermənipərəst fiqurlar yoxdur. Bu da təşkilatın Azərbaycana yanaşmasını daha balanslı edib. Eyni zamanda Cənubi Qafqazda yeni reallıq yaranıb – Azərbaycan və Ermənistan sülh sazişinin paraflanması ilə məsələlərin 90 faizdən çoxunu həll edib və proses əsasən ikitərəfli formatda davam etdirilir.ABŞ-ın regionda sülh prosesinə zəmanətçi kimi çıxış etməsi Cənubi Qafqazda yeni təhlükəsizlik modelini formalaşdırır. Regionda həyata keçiriləcək nəqliyyat və kommunikasiya layihələrinin icrasında ABŞ əsas zamin qismində çıxış edir. Bu şərtlər fonunda Azərbaycan–Aİ münasibətlərinin də yeni situasiyaya uyğunlaşdırılması zəruridir. Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlıqda əsas prioriteti enerji sahəsində tərəfdaşlığın dərinləşdirilməsi və bərpa olunacaq regional kommunikasiyalarda Brüsselin iştirakının təmin edilməsidir:
“Cənubi Qafqazda kommunikasiya xətlərinin açılması təkcə regional deyil, həm də Avrasiya nəqliyyat sisteminin strateji komponentidir. Şərq–Qərb nəqliyyat dəhlizinin aparıcı iştirakçılarından biri Avropa İttifaqıdır və Azərbaycan bu layihələrdə Aİ-nin fəal rolunu vacib hesab edir. Münasibətlərin normallaşması həm geosiyasi gərginlikləri aradan qaldırır, həm də regionda sabitliyi möhkəmləndirir.Avropa İttifaqının əvvəlki ermənipərəst yanaşması Bakı-Brüssel xəttində problemlər yaradır, eyni zamanda Cənubi Qafqazın sabitliyini təhdid edirdi. Bu səhifə artıq bağlanır və münasibətlərin normallaşması regionda sülh və sabitlik perspektivlərini xeyli gücləndirir”.

Günel Elxan