“Bütün məzarlıqlar eyni olacaq” Hadisə

“Bütün məzarlıqlar eyni olacaq”

Dövlət Komitəsi: "Azərbaycanda məzarlıqlarla bağlı qanun layihəsi hazırlanır"

"Yas mərasimlərində israfçılıq əleyhinə irəli sürdyümüz tövsiyələr tam qüvvəsindədir. Bir addım da geri çəkilmə olmayıb. Bu istiqamətdə təşviqatımız davam edir. İnsanlara tövsiyələrimiz davam edir". Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı ötən gün jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə yas mərasimləri ilə bağlı aparılan işlərin nəticəsində mərasimlərin gün sayında xeyli dəyişikliklər baş verib və onlar milli dini adət-ənənələrə uyğun olaraq 3 gün müddətində yekunlaşır. Komitə sədri qeyd edib ki, bir çox yerlərdə vətəndaşlar yas mərasimlərində yalnız çay süfrəsi açırlar və bununla da kifayətlənirlər: "Sadəcə, bəzi yerlərdə hələ də yemək verənlər var, amma biz zorakılığın tərəfdarı deyilik. Heç kim yas mərasimlərini qadağan etmir, sadəcə olaraq yas mərasimləri İslam dininin müəyyən etdiyi qaydaya uyğun həyata keçirilməlidir. Bizdə indiyə qədər yas mərasimləri İslam adət-ənənələrinə uyğun deyil, keçmişdən qalmış ənənəyə görə keçirilirdi. İslama görə ölən insan üçün əsas 4 şərti icra etmək labüddür, qüsul, kəfən, cənazə namazı və dəfn".
Mübariz Qurbanlı həmçinin qeyd edib ki, Azərbaycanda məzarlıqlarla bağlı qanun layihəsi hazırlanır və bu qanun qəbul edildikdən sonra bütün məzarlıqlar eyni olacaq.
Onun sözlərinə görə, insan vəfat edəndə onun məzarı üzərində nişanə olmamalıdır. Qanun qəbul edildikdən sonra məzarın üstündəki sinə və ya baş daşı ilə digər insan məzarı üzərindəki daş arasında fərq olmayacaq: "Qəbiristanlığa girən zaman elə bilirsən ki, muzeyə girisən. Bu, düzgün deyil. Qəbiristanlıqda məzar daşları biri-birindən fərqlənməməlidir. Bununla bağlı qanun layihəsi də hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub. Məqsəd İslami dəyərlərin qorunmasıdır".
Özəl qəbiristanlıqlar məsələsinə gəlincə, Komitə sədrinin sözlərinə görə, hansısa şirkət və qurum yer götürəcək və orada qəbiristanlıq yaradacaq: "Orada dövlətin qəbul etdiyi qaydalara uyğun qəbiristanlığın mühafizəsi, abadlaşdırılması və qəbirlərin yerləşdirilməsi ilə bağlı məsələlər yerli icra hakimiyyətlərinin və bələdiyyələrin nəzarətində olacaq".
M.Qurbalı qeyd edib ki, hazırda qəbir yerlərinin pulla satılması düzgün deyil: "Belə bir məsələ yoxdur və olmayacaq da. İndi də qəbir yerləri pulla verilmir. Müəyyən rüsumlar var, amma bu, çox cüzi məbləğdir. Bəzi adamlar deyirlər ki, qəbir yerləri satılır, bu, düzgün deyil. Qəbir yerləri dövlətin ixtiyarındadır. Əgər kimdənsə qəbir yerlərinə görə yüksək məbləğlər tələb edilirsə, belə halla rastlaşan insanlar müvafiq qurumlara və bizim komitəyə müraciət edə bilərlər".
M.Qurbanlı qeyd edib ki, Azərbaycandakı məscidlərin böyük əksəriyyəti Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birbaşa dini rəhbərliyi ilə idarə olunur, axundlar və imamlar təyin edilir. Eyni zamanda, DQİDK tərəfindən orada qanunlara əməl edilməsinə nəzarət olunur.
Mübariz Qurbanlı Azərbaycandan vətəndaşların xarici ölkələrdəki silahlı münaqişələrə cəlb olunması ilə bağlı son vəziyyəti də açıqlayıb: "Artıq Azərbaycandan müxtəlif şəxslərin təsiri altına düşərək xarici ölkələrdəki silahlı münaqişəyə gedən adamlar son dövrdə demək olar ki, yox dərəcəsindədir. Belə faktlar artıq yoxdur. Ora gedib, qayıdanlar da qanun qarşısında cavab verməli olurlar və cavab verəcəklər. Biz ölkəmizi kimlər üçünsə təcrübə meydanına çevirməyə imkan verməməliyik. Azərbaycan cəmiyyəti hansısa radikal dini təsir atlına düşən cəmiyyət deyil. Biz oturuşmuş müsəlman ölkəsiyik. Burada nə xristian missionerliyi, nə də özünü İslama aid edən radikal qruplar meydan aça bilməyəcək".
Komitə sədri bildirib ki, əgər hansısa məsciddə xütbə zamanı orada çalışan imam və ya axund qanunvericiliyə zidd hərəkət edirsə, xütbəsində dini ədavəti qızışdıran çağırışlar edirsə və ya yaxud gəncləri, orada iştirak edən insanları başqa çağırışlarla yolundan çıxarmağa çalışırsa, bizə bu fakt daxil olan kimi müvafiq dini idarə ilə əlaqə saxlanılır: "Əgər belə bir imam və ya axund aşkar edilirsə, onun çalışmasına imkan verilmir və verilməyəcək də! Biz hər hansı xırda dini təriqəti, cərəyanı təşviq edərək Azərbaycanda dini qarşıdurma yaratmaq istəyən hər kəsin qarşısındayıq və qarşısını alacağıq! Hüquq-mühafizə orqanları, vətəndaşlarımız alacaq! DQİDK və QMİ bununla məşğuldur. Biz radikalizmin Azərbaycanda kök atmasına, intişar tapıb genişlənməsinə heç cür imkan verə bilmərik və verməməliyik! Bütün cəmiyyət buna qarşıdır".
M.Qurbanlı bildirib ki, Azərbaycanda kimlərisə tovlayaraq Suriyaya və ya başqa ölkələrə silahlı birləşmələrə, hərbi münaqişələrə, döyüşlərə cəlb etmək istəyənlərlər aşkar olunanda onlar qanun qarşısında cavab verməli olurlar: "Onlar haqqında həbs qətimkan tədbiri seçilir. Bu cür qurumlar və şəxslər varsa, aşkar edilir. Bununla milli təhlükəsizlik, daxili işlər və prokurorluq orqanları ciddi məşğuldur. Bu cür faktlar olduqda müvafiq ciddi tədbirlər görülür".