15:25
686
Bakı Dövlət Universiteti (BDU) Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə “Birinci Türkoloji Qurultayın dərsləri” adlı dərs vəsaiti nəşr edib.
BDU-nun mətbuat xidmətindən xalqcebhesi.az-a verilən məlumata görə, kitabı BDU-nun Filologiya fakültəsinin Ümumi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərov hazırlayıb. Kitab BDU Elmi Şurasında müzakirə olunaraq dərs vəsaiti kimi təsdiq edilib və “BDU Nəşr Evi”ndə çap olunub.
Dərs vəsaitində Birinci Türkoloji Qurultayın materialları elmi əsaslarla öyrənilir. Qurultayın əlifba, orfoqrafiya, terminologiya, ədəbi dil, dilin tədrisi, türk dilləri və türk tarixi problemləri (mövzuları) üzrə dərsləri ön plana çıxarılır. Dərs vəsaiti Filologiya, Tarix, Şərqşünaslıq fakültələrinin tələbələri, eləcə də Qurultayın zəngin elmi-mədəni irsi ilə maraqlananlar, tədqiqatçılar üçün əhəmiyyətli mənbə olacaq.
Kitabın ideya müəllifi BDU rektoru Elçin Babayev, elmi redaktoru tarix üzrə elmlər doktoru, professor, AMEA-nın həqiqi üzvü Şahin Mustafayev, rəyçiləri filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynova və filologiya üzrə elmlər doktoru, professor Məhərrəm Məmmədovdur.
