ƏƏSMN: İslahatlar sosial müdafiə xidmətlərinin daha əlçatan olmasına imkan yaradıb Cəmiyyət

ƏƏSMN: İslahatlar sosial müdafiə xidmətlərinin daha əlçatan olmasına imkan yaradıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət sahələrində son illər həyata keçirilən islahatlar daha əlçatan, ədalətli və inklüziv olmasına imkan yaradıb.

Nazirlikdən verilən xəbərə görə, bu günlərdə DSMF-nin BMT tərəfindən Dövlət Xidmətləri Mükafatına layiq görülməsinin əsasında da Fondun qeyd edilən uğurlu islahat təcrübəsi dayanır.

"2019-cu ildən tətbiq olunan proaktiv mexanizmlər nəticəsində sosial ödənişlər hüququ yaranan şəxslərə müraciət və sənəd təqdim edilmədən, hüquq yarandığı anda elektron sistemlər üzərindən, proaktiv qaydada təyin edilir. Təyinat üçün əvvəllər mövcud olmuş uzun müddət gözləmə halları, bürokratik maneələr, məmur-vətəndaş təmasları, korrupsiya və subyektiv qərarvermə riskləri, habelə artıq sənədləşmə və inzibati yük də innovativ həllər vasitəsilə aradan qalxıb.

Proaktiv təyinat mexanizmi ilə əlaqədar 60-dan çox qurumun 80-ə yaxın informasiya sistemi ilə inteqrasiya təmin edilib və məlumat mübadiləsi real vaxt rejimində həyata keçirilir. Artıq 1,5 milyondan çox insan proaktiv təyinat xidmətlərindən faydalanıb və bu xidmətlərdən vətəndaş məmnunluğu 98 faiz üzərindədir. DSMF-nin proaktiv, vətəndaşyönümlü xidmət təcrübəsi BMT-nin yoxsulluğun davamlı azaldılması, bərabərsizliyin aradan qaldırılması, şəffaf, ədalətli və güclü təsisatla bağlı Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunluğu da özündə ehtiva edir", - məlumatda qeyd edilib.