Mühacirlər Cəmiyyətində Xocalı faciəsi anılıb Hadisə

Mühacirlər Cəmiyyətində Xocalı faciəsi anılıb

İranlı Mühacirlər Cəmiyyətində Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib. Öncə Azərbaycan xalqının istiqlaliyyəti, ərazi bütövlüyünün qorunması uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Cəmiyyət üzvlərinin, tanınmış alim, tədqiqatçı, sənət adamlarının, media mənsublarının qatıldıqları tədbiri İMC-nin sədri Rəhim Hüseynzadə açıb. O deyib ki, "21 Azər" Hərəkatının xarici dövlətlərin fəal dəstəyi sayəsində təcavüzə məruz qalması ilə İrandan Azərbaycan Respublikasına kütləvi mühacirətin əsası qoyulub. İstər keçmiş fədailər, istərsə də onların ailə üzvləri hansı şəhər və bölgədə məskunlaşmalarından asılı olmayaraq özlərini doğmalarının əhatəsində hiss ediblər. Onlar bu yurdun dirçəlişi, sonralar milli istiqlaliyyətinə qovuşması, hərtərəfli inkişafı üçün gedən proseslərin ön cərgələrində olublar. Bu yolda şəhadətə getməkdən də çəkinməyiblər: "İranlı Mühacirlər Cəmiyyəti və Azərbaycan Demokrat Firqəsinin təsis etdikləri "21 Azər"- 70 diplomu da bir növ keçilmiş şanlı yola yenidən nəzər salmaq, ən layiqliləri mükafatlandırmaq üçündür. İlk diploma həm hərəkat, həm də Xocalı hadisələri zamanı şəhidlər vermiş İmanilər ailəsi layiq görülüb". Rəhim Hüseynzadə diplomu İmanilər ailəsinin üzvlərinə təqdim edib. AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Əkrəm Rəhimli "21 Azər" Hərəkatının yubileyi ilində hər iki təşkilatın belə bir diplom təsis etmələrini müstəsna əhəmiyyətə malik hal adlandırıb. O, Xocalı faciəsini miqyasına görə həmin inqilabdan sonra Azərbaycan xalqının məruz qaldığı ikinci faciə-soyqrımı adlandırıb. Qeyd edib ki, bu sayaq məsələlərin vaxtaşırı gündəmə gətirilməsi ümumi dərdlərimizə şərikliyi nümayiş etdirir. AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə alim həmkarlarının fikirlərini bölüşüb. Fədai ailəsində böyüdüyünü deyərək bu kimi tədbirlərin nəsillər arasındakı estafetin davamına təsirsiz ötüşməyəcəyini söyləyib. İMC-nin Ağdam rayon təşkilatının sədri Zari Əziz şəhid İmanilər ailəsini Xocalıdan yaxşı tanıdığını bildirib, həm o tayda, həm də bu tayda şəhidlər verən bu insanlarla bağlı xatirələrini dilə gətirib. Cəmiyyətin ədəbi birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Tariyel Ümüd "Xocalı" silsiləsindən şeirlərini səsləndirib. Şair Sahib İmani Xocalıda keçirdikləri sonuncu gündən, qardaşı Malikin necə döyüşərək onlarca insanın həyatını xilas etməsindən, atası 83 yaşlı Ağayar kişinin düşmən gülləsinə tuş gəlməsindən, qışın şaxtalı günlərində qaniçən ermənilərin əhatəsindəki müsibətlərdən danışıb. Çıxışını həmin olaylara həsr etdiyi şeirlə bitirib. Cəmiyyət üzvlərindən Səyyad Dasi, Qacay Əzimi, Nasir Məmmədov çıxışlarında erməni vəhşiliklərinin xronikasının təhlili verilib, ikili standartların bu soyqrımın dünya miqyasında hüquqi qiymətinin tapmasına mane olduğu dözülməz hal kimi dəyərləndirilib. Sonda Pirşağı qəsəbəsindəki Xocalı 2 saylı orta məktəbin müəllimi Məhbub İmani ailə üzvləri adından tədbir təşkilatçılarına təşəkkür edib.