Sumqayıt hadisələrindən 27 il ötür... Hadisə

Sumqayıt hadisələrindən 27 il ötür...

Ermənilər əhval yaratdılar ki, azərbaycanlılarla bir yerdə yaşaya bilməzlər

1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni olub. Aydındır ki, bu, keçmiş SSRİ DTK-nın ermənilərin özləri ilə birgə təşkil etdiyi və həyata keçirdiyi ssenarinin tərkib hissəsi idi. Sumqayıtda bu hadisəni təşkil etmək üçün seçilmiş şəxs də erməni - iki dəfə məhkum olunmuş Eduard Qriqoryan idi. Baxmayaraq ki, Sumqayıt hadisələrinin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədov güllələnib, amma şahid ifadələri əsl günahkarın əslində erməni əsilli Eduard Qriqoryan olduğunu sübut edir.
Ermənistanın tanınmış siyasi xadimlərindən Paruyr Ayrikyan da etiraf edirdi ki, Sumqayıt hadisələri Moskva tərəfindən təşkil olunmuşdu. Bu hadisələrin Moskva tərəfindən törədilməsini SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin o vaxtkı sədri N.Kryuçkov da etiraf etmişdi. Araşdırmaçıların fikrincə, Sumqayıt şəhəri təsadüfən seçilməmişdi. Həmin ərəfədə Ermənistandan zorla çıxarılmış on minlərlə Azərbaycan türklərinin əksəriyyəti məhz Sumqayıtda məskunlaşmışdı və ermənilərin onlara qarşı törətdikləri vəhşiliklərə görə qəzəb içərisində idilər. Hələ Sovet dövründə "ölü zona" adlandırılan şəhərin yerli əhalisi də yoxsulluq və səfalət ucbatından radikal addımlar atmağa meylli idi. Ona görə də burada geniş miqyaslı iğtişaşlar törətmək mümkün oldu. Bir gün davam edən iğtişaşlar nəticəsində erməni evləri dağıdıldı. Öldürülən ermənilərin demək olar ki, hamısı erməni terror fondlarına pul keçirməkdən imtina edənlər idi.
Həmişə olduğu kimi o zaman da ermənilər Sumqayıtda qanlı iğtişaş törədərək bunu soydaşlarımızın üstünə atdılar. O zaman hələ də yenidənqurma, aşkarlıq havasının ona hansı fəlakətləri gətirəcəyini anlamayan xalqımız çaş-baş qalmışdı. Sonrakı hadisələr göstərdi ki, ermənilər Qorbaçovun verdiyi imkanlardan məharətlə yararlandılar. Təəssüf ki, Sumqayıt hadisələrindən sonra da baş verənlərdən dərs almadıq. Ermənilərin Azərbaycan türklərini "vəhşi", "ekstremist" kimi təqdim etməsi Əhməd Əhmədovun günahlandırılaraq ən ağır cəzaya - güllələnməyə layiq görülməsi ilə müşaiyət olundu. Bu hadisədən sonra ermənilər daha da əl-qol açdılar, daha səylə dünyada özlərinin "fağır" obrazlarını yaratmağa başladılar. Bu gün ermənilər daha səylə onlara qarşı guya türklərin soyqırımı törətməsindən həyasızlıqla danışırlar. Dünya türkə qarşı hədyanlara, onun başına gətirilən fəlakətlərə yenə də biganədir.
Araşdırmaçı Teyyub Qurbanın fikrincə, Sumqayıt hadisələri Sovet imperiyasının bu istiqamətdəki maraqlarına xidmət edirdi. Bütün hadisələr əvvəlcədən planlaşdırılmışdı. Son nəticədə "günahkar" Azərbaycan Türkləri oldu. Əhməd Əhmədovun bütün bu cinayətlərin əsas təşkilatçısı və cinayətkar kimi güllələnməsi bizim bir millət olaraq ekstremist obrazımızın yaradılmasına xidmət edirdi. Zaman keçdikcə bu faciəli hadisə geniş araşdırma mövzusu olacaq, hər şey daha aydınlığı ilə bilinəcək: "20-ci yüzilin sonlarında sonradan başımıza gətiriləcək bütün faciələr əslində Sumqayıt hadisələrindən başladı. Sumqayıt hadisələri baş verdikdən sonra ermənilər Ermənistanda və Dağlıq Qarabağda elə bir əhval yaratdılar ki, türklərlə ermənilər artıq bir yerdə yaşaya bilməzlər. Bu, düşünülmüş bir plan idi. Ermənilər Sumqayıt salınandan bəri tədricən bu şəhərdə məskunlaşmağa başladılar. O dövrdə "Qardaş olub Haystan, Azərbaycan" mahnısı gecə-gündüz oxunurdu, Moskva ermənilərlə birgə xalqımızın başına gətirdiyi müsibətləri unutdurmaq üçün dəridən-qabıqdan çıxırdı. Beynəlmiləlçilik, yalançı qardaşlıq ideologiyası baş alıb gedirdi. Ermənilər heç zaman həyatın bu və ya digər əhəmiyyətli yaradıcı sahəsində qabiliyyət göstərə bilməyiblər. Erməni hara gedibsə, birtəhər başını girələyib, altdan-altdan murdar istəyini həyata keçirməyə başlayıb".
Sosioloq-alim Əhməd Qəşəmoğlunun fikrincə, o dövrdə Azərbaycanda hakimiyyətdə olanlar qlobal hadisələrin mahiyyətini axıra kimi dərk edə bilmirdilər. Hadisələrin qarşısını almaqla qabaqlayıcı tədbirlər görmək, əhali arasında təbliğat aparmaq olardı. Ancaq hadisələr gözlənilməz və qaçılmaz oldu: "O dövrdə dünyaya yeni düzənin gətirilməsi ideyası vardı: artıq SSRİ dağılırdı. Bu zaman SSRİ-nin elə nöqtələrini axtarırdılar ki, o nöqtələr daha ağrılı olsun, zərbə dəyərkən imperiyanın dağılması daha da sürətlənsin. Plan vardı ki, qan tökülsün, Azərbaycanda yaşayan ermənilərdə bizə qarşı nifrət hissi yaransın. Sonradan ermənilər bu amillərdən mükəmməl texnologiya kimi beynəlxalq səviyyədə istifadə etdilər. Hadisələrin məhz Sumqayıtda baş verməsi əlverişli bir məkan olaraq seçilmişdi, hər şey əvvəlcədən məharətlə ölçülüb-biçilmişdi".
13 il qabaq qabaq Sumqayıtda yaşayan Əhmədovlar ailəsində olmuşdum. O zaman sifətində illərin kədəri olan Əhmədin anası danışırdı ki, atası bu faciəyə tab gətirə bilmədi. Əhməd o zaman Sumqayıtdakı zavodlardan birində fəhlə kimi işləyirmiş. Həmin hadisələrdən çox az sonra onu gəlib evdə həbs etmişdilər. Əhməd nişanlı idi. Hakam gəncə evlənmək qismət olmamışdı. Ana danışırdı ki, o zaman Əhmədin aylarla sürən məhkəməsi zamanı Əhmədovlar ailəsi demək olar, tək qaldı. Moskvadakı məhkəmə zamanı ermənilər dəstə-dəstə gəlir, iştirak edir, çoxlu şahidlər peyda olurdu. İş o yerə çatır ki, vəkil Əhmədə güllələnmə hökmü kəsilməyəcəyi barədə Əhmədovları inandıra bilir. Pulsuzluq, evsizlik ucbatından Moskvada qala bilməyən Əhmədin valideynləri Sumqayıta qayıtmağa məcbur olur. Üstündən aylar keçəndən sonra valideynlər SSRİ Ali Məhkəməsindən Əhmədin güllələnməsi barədə hökmün icra olunduğu barədə sənəd alır.

Uğur