Bakı Olimpiya Stadionunun açılışı olub Hadisə

Bakı Olimpiya Stadionunun açılışı olub

Martın 18-də Bakı Olimpiya Stadionunun açılışı olub. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev və xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva da iştirak ediblər.
Bakı Olimpiya Stadionun təməli 2011-ci il iyunun 6-da qoyulub. Mərasimdə Prezident İlham Əliyev, FİFA prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platini, eləcə də dünya futbol ictimaiyyətinin görkəmli nümayəndələri, federasiya rəhbərləri və futbol veteranları iştirak ediblər. Ətrafında ümumilikdə 82 min kvadratmetrlik yaşıllıq sahəsinin salındığı Bakı Olimpiya Stadionu yüksək keyfiyyətlə inşa olunub və artıq istifadəyə hazırdır.
Dövlət başçısı stadionun rəmzi açılışını bildirən lenti kəsib.
Gənclər və idman naziri Azad Rəhimov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib. Qeyd edilib ki, təxminən 50 hektar ərazidə tikilən stadionun hündürlüyü 62 metrdir və 6 mərtəbədən ibarətdir. Stadionun sahəsinə 4, tribunalara isə 26 qapıdan giriş var. 68 min tamaşaçı tutumlu stadiona Olimpiya normativlərinə əsasən insanların daha çox piyada və ictimai nəqliyyatla gəlməsi nəzərdə tutulub ki, bunun üçün də ərazidə 3 min 100 yerlik avtomobil parkı inşa edilib.
Sonra Prezident İlham Əliyevə və xanımına Bakı Olimpiya Stadionunun interyerində həyata keçirilən işlərlə bağlı məlumat verilib.
Bildirilib ki, burada işlər artıq başa çatdırılıb. Tikintidə ən müasir avadanlıq və inşaat materiallarından istifadə olunub. Bakı Olimpiya Stadionunda inşaat işlərinin gedişi ilə dəfələrlə tanış olan, tikintinin keyfiyyətlə həyata keçirilməsini diqqət mərkəzində saxlayan prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq bu nəhəng idman qurğusu müasir arxitektura üslubu, xüsusi gözəlliyi ilə seçilir və şəhərimizdə aparılan quruculuq işlərinə bir töhfədir. İlk Avropa Oyunlarına hazırlıq, o cümlədən Bakı Olimpiya Stadionunda inşaat işlərinin gedişi ilə bağlı birinci Avropa Oyunları Təşkilat Komitəsi fəal iş aparır. Komitə tərəfindən təşkilati işlər yüksək səviyyədə həyata keçirilir.
İlk Avropa Oyunlarına hazırlıqla bağlı işlərin beynəlxalq standartlara uyğun şəkildə vaxtında və yüksək keyfiyyətlə aparılması birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın daim diqqət mərkəzindədir.
Diqqətə çatdırılıb ki, beynəlxalq standartlara tam cavab verən stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur yaradılıb. Əsas və köməkçi stadionlardan, həmçinin mexaniki binadan ibarət olan stadionda əlil tamaşaçılar, VVIP, VİP, CIP və media bölmələri inşa olunub.
İlk Avropa Oyunlarına hazırlığın mühüm mərhələsi olan Bakı Olimpiya Stadionunun inşası bir daha bu mötəbər beynəlxalq idman tədbirinin yüksək səviyyədə baş tutacağına əminlik yaradır.
2015-ci ildə Azərbaycandan start götürəcək Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının 41-ci sessiyasında qəbul olunub. Ölkəmizin namizədliyi 38 dövlət tərəfindən dəstəklənib.
İlk Avropa Oyunları Bakıda 21 məkanda keçiriləcək. Oyunların açılış və bağlanış mərasimləri Bakı Olimpiya Stadionunda baş tutacaq.