“AQEM Media Forumunu informasiya vasitəsilə etimad quruculuğu platforması kimi qiymətləndirmək olar” Siyasət

“AQEM Media Forumunu informasiya vasitəsilə etimad quruculuğu platforması kimi qiymətləndirmək olar”

“Müasir dövrdə dövlətlər və xalqlar arasında münasibətlər yalnız siyasi qərarlar və diplomatik təmaslarla formalaşmır. Siyasi səviyyədə əldə olunan razılaşmaların cəmiyyətlər tərəfindən qəbul edilməsi, qarşılıqlı anlaşmanın və etimadın möhkəmlənməsi üçün informasiya mühiti də mühüm əhəmiyyət daşıyır. Azərbaycan-Ermənistan münasibətləri bunun konkret nümunəsidir. 2025-ci il avqustun 8-də Vaşinqtonda sülh sazişinin mətni paraflanıb, 2026-cı ilin avqustunda isə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan bu prosesin tarixi əhəmiyyətini bir daha vurğulayıblar. Paşinyan sentyabrın 24-də BMT Baş Assambleyasındakı çıxışında da sülhün institutlaşdırılmasının əsas vəzifə olduğunu bildirib. Lakin siyasi müstəvidə dialoqun inkişaf etdiyi bir vaxtda biz informasiya məkanında qarşıdurma ritorikasının yenidən meydana çıxmasının şahidi oluruq. Ermənistan tərəfdə revanşist qüvvələr diplomatik korpus təmsilçilərinin Qarabağa səfərini, Gəncəsər məbədini ziyarət etməsini bəhanə gətirərək, Azərbaycana qarşı çirkin bir kampaniya həyata keçirdilər. Bu cür çıxışlar sülh və etimad quruculuğuna xələl gətirir”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.

M.Ələsgərli əlavə edib ki, bu cür proseslər təkcə münaqişədə olmuş tərəflər arasında baş vermir: “Son günlərdə sosial şəbəkələrin Türkiyə seqmentində baş verənlər bu məsələdə nümunədir. Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqlik səviyyəsində olsa da, sentyabrın sonlarında Türkiyə mediasında və sosial media seqmentində Azərbaycan-Türkiyə münasibətlərinə mənfi təsir göstərə biləcək qərəzli paylaşımların şahidi olduq. Azərbaycan Media və Yayım Şurasının bəyanatına bu məsələyə aydınlıq gətirlir. Məhz burada sosial medianın ikili xarakteri ortaya çıxır. O, xalqların bir-birini daha yaxından tanımasına, informasiya mübadiləsinə və qarşılıqlı anlaşmaya böyük imkanlar yarada bilər. Eyni zamanda, yoxlanılmamış məlumatların, saxta xəbərlərin, manipulyativ materialların və süni intellekt vasitəsilə hazırlanmış saxta audio-vizual kontentin sürətlə yayılmasına əlverişli mühit yaratmaqla əks işlər də görə bilər. Bu təhlükənin miqyası qlobal rəqəmlərdə də görünür. Məsələn, Reuters Institutunun 2026-cı il hesabatına dünya əhalisinin 54 faizi xəbərlərə çıxış üçün sosial mediadan istifadə edir. Orada yayılan informasiyaların təsirinə düşür”.

“Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Prezident İlham Əliyevin AQEM Media Forumuna ünvanladığı mesajda media institutlarının peşəkarlığına, obyektivliyinə və hesabatlılığına dair xüsusi vurğular etməsi təsadüfi deyil. İnformasiya istehsalının və yayılmasının sürətlə dəyişdiyi bir dövrdə jurnalistin və media qurumunun məsuliyyəti yalnız xəbəri operativ çatdırmaqdan ibarət deyil. Xəbərin mənbəyini yoxlamaq, faktla şərhi ayırmaq, manipulyativ məzmundan uzaq durmaq və ictimaiyyəti yanıltmamaq da medianın əsas vəzifələrindəndir. Xüsusilə süni intellekt texnologiyalarının inkişafı bu məsuliyyəti daha da artırır” deyə ekspert bildirib.

Onun sözlərinə görə, AQEM-in missiyası məhz bu kontekstdə xüsusi əhəmiyyət qazanır: “Təşkilat 28 üzv dövləti birləşdirir və Asiya qitəsinin təxminən 90 faizini əhatə edir; onun əsas məqsədlərindən biri dövlətlər arasında qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsidir. Prezident İlham Əliyevin müraciətində də medianın ictimai rəyə, qarşılıqlı etimad və anlaşmaya, dialoq və əməkdaşlıq imkanlarına təsir edə bilən qüvvə olduğu xüsusi vurğulanır. Bu baxımdan AQEM Media Forumunu sadəcə jurnalistlərin toplantısı kimi deyil, informasiya vasitəsilə etimad quruculuğu platforması kimi qiymətləndirmək olar”.

Röya İsrafilova