11:14
532
Oktyabrın 1-də Bakıda Media və Yayım Şurasının təşkilatçılığı ilə “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumu keçirilib.
Sözügedən forumun əhəmiyyəti haqqında xalqcebhesi.az-a fikrilərini bildirən siyasi şərhçi Azər Həsrət söyləyib ki, bu forum Azərbaycanda keçirilməsi baxımından əlamətdardır: “Azərbaycan bənzər forumlara davamlı şəkildə ev sahibliyi edir. Bundan əlavə, dünyanın fərqli qütblərindəki insanları bir araya gətirmək dialoq mühitinin formalaşdırılmasıdır. Bu forum da o baxımdan əlamətdardır. Forumda media sahəsində 28 ölkədən nümayəndələr bir araya toplandı. Təbiidir ki, Azərbaycandan da böyük sayda iştirakçılarla bərabər biz də iştirak etdik. Forumda çox maraqlı müzakirələr aparıldı. Özəlliklə də süni intellekt dövründə medianın davranışları, dövlət-media münasibətləri, media etikası və s. məsələlər müzakirə mövzusu oldu”.
A.Həsrət vurğulayıb ki, forumda Prezident İlham Əliyevin müraciəti oxundu və o da bir dövlət rəhbəri olaraq, qlobal məsələlərin məsuliyyətini üzərinə götürən lider olaraq fikirlərini forum iştirakçılarına çatdırdı: “Maraqlı müzakirələr, çıxışlar oldu. Bundan əlavə, xarici ölkələrdən gələn qonaqlar Azərbaycanın media təmsilçiləri ilə birlikdə fikir mübadiləsi apardılar. Bu da yeni əməkdaşlıqların başlanğıcı sayıla bilər. Yəni Azərbaycan növbəti dəfə belə bir forumla dünyaya insanlar arasında etimadın dərinləşdirilməsi prosesinə xidmət etdiyini göstərmiş oldu”.
Röya İsrafilova