Bakıda keçirilən Dünya Kubokunda Azərbaycan üzgüçülərindən iki rekord İdman

Bakıda keçirilən Dünya Kubokunda Azərbaycan üzgüçülərindən iki rekord

Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan təmsilçiləri uğurlu nəticələr göstəriblər.

Teleqraf xəbər verir ki, Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Su İdmanı Sarayında keçirilən turnirin ikinci yarış gününün səhər seansı başa çatıb.

Azərbaycanlı üzgüçülər 8 növdə mübarizə aparıblar. Yeqor Maynitski 200 metr məsafəyə qarışıq üsulla yarışda 2:03,69 nəticə ilə, Anastasiya Boborıkina isə 100 metr məsafəyə brass üsulu ilə yarışda 1:15,32 göstərici ilə Azərbaycan rekorduna imza atıblar.

Bundan əlavə, Yeqor Maynitski 50 metr brass, Ramal Sadıqlı 100 metr sərbəst, Amin Oruclu və Fərhad Şirməmmədli isə 1500 metr sərbəst üsulda şəxsi rekordlarını yeniləyiblər.

Kişilərin 1500 metr sərbəst üsul üzrə yarışında belçikalı Lukas Anvo 14:34,98 nəticə ilə birinci olub. Almaniyalı Sven Şvarts ikinci, ABŞ təmsilçisi Karson Foster isə üçüncü yeri tutub.

Qeyd edək ki, Dünya Kuboku oktyabrın 1-dən 3-dək Bakı Su İdmanı Sarayında keçirilir. Yarışda 44 ölkədən 216 idmançı iştirak edir. Azərbaycanı turnirdə 15 üzgüçü təmsil edir.

Medial

Medial