“Belə tədbirlər Azərbaycanın beynəlxalq informasiya dialoqunda iştirakını genişləndirməyə imkan yaradır” Siyasət

“Belə tədbirlər Azərbaycanın beynəlxalq informasiya dialoqunda iştirakını genişləndirməyə imkan yaradır”

“Bu gün dünyada geosiyasi gərginliklərin artması, informasiya müharibələrinin genişlənməsi, dezinformasiya və saxta xəbərlərin yayılması media qurumlarının üzərinə daha böyük məsuliyyət qoyur. Belə bir şəraitdə müxtəlif ölkələrin media nümayəndələrinin bir araya gəlməsi, fikir mübadiləsi aparması və ortaq problemlərin müzakirəsi xüsusi önəm kəsb edir. Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu, ilk növbədə, Azərbaycan mediasının beynəlxalq platformalarda təmsilçiliyinin genişləndirilməsi, xarici media qurumları ilə əlaqələrin möhkəmləndirilməsi və informasiya mübadiləsinin inkişafı baxımından əhəmiyyətlidir. Eyni zamanda, belə tədbirlər Azərbaycanın beynəlxalq informasiya dialoqunda iştirakını genişləndirməyə, ölkənin media sahəsindəki təcrübəsini bölüşməyə və qlobal informasiya gündəliyində daha fəal mövqe tutmasına imkan yaradır”.

Bu fikirləri xalqcebhesi.az-a Bakivaxti.az saytının baş redaktoru Qalib İbrahimoğlu deyib.

Q.İbrahimoğlu söyləyib ki, forumun Azərbaycan mediasına verəcəyi əsas töhfələrdən biri beynəlxalq media qurumları ilə əlaqələrin genişlənməsi ola bilər: “Müxtəlif ölkələrdən olan jurnalistlərin, media rəhbərlərinin və ekspertlərin bir araya gəlməsi informasiya mübadiləsinə, ortaq layihələrin hazırlanmasına və peşəkar əməkdaşlığın inkişafına şərait yaradır. Bu, eyni zamanda, Azərbaycan mediasının beynəlxalq auditoriyaya çıxış imkanlarının artırılması baxımından da əhəmiyyət daşıyır. Rəqəmsal platformaların geniş yayıldığı, saxta xəbərlərin və manipulyativ məlumatların sürətlə yayıldığı bir dövrdə media qurumlarının etibarlı informasiya təqdim etməsi xüsusi əhəmiyyət kəsb edir. Forum çərçivəsində bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, informasiya təhlükəsizliyi və jurnalist məsuliyyəti ilə bağlı məsələlərin müzakirəsi bizim üçün faydalı ola bilər”.

Onun sözlərinə görə, forumun real nəticələri yalnız müzakirələrlə məhdudlaşmamalıdır: “Əldə olunan razılaşmaların konkret layihələrə çevrilməsi, jurnalistlər arasında mütəmadi əlaqələr, birgə media təşəbbüslərinin reallaşması, peşəkar təcrübə mübadiləsinin davam etdirilməsi vacibdir. Forumun uzunmüddətli faydası səslənən ideyaların nə dərəcədə praktik nəticələrə çevriləcəyindən asılı olacaq”.

Röya İsrafilova