Kolleclər ali məktəblərin nəzdinə keçiriləcək Hadisə

Kolleclər ali məktəblərin nəzdinə keçiriləcək

Təhsil Nazirliyi tələbələrə təqaüdlərin ödənilməsi ilə bağlı yeni mexanizm hazırlayıb

Azərbaycanda kolleclər ali məktəblərin nəzdinə keçiriləcək. APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzv şirkətlərinin təmsilçiləri ilə keçirilən görüşdə deyib ki, bu gün orta ixtisas təhsili müəssisələrinin böyük hissəsi kollec adlandırılır.
Təhsil Nazirliyinin planlarına əsasən, kolleclərin ali təhsil müəssisələrinin nəzdinə keçirilməsi prosesinə başlanacaq: "Fikrimizcə, bu, bir tərəfdən resurslardan daha faydalı istifadəni təmin edə bilər. Digər tərəfdən, subbakalavriat dərəcəsini təklif etməklə, həmin orta ixtisas təhsili müəssisələrində təhsilin keyfiyyətinin artırılması və onlara marağın artırılmasına xidmət edə bilər. Təbii olaraq, biz burada ixtisaslara baxacağıq".
M. Cabbarov əlavə edib ki, son illərdə Azərbaycanın təhsil sistemində paradoksal vəziyyət yaranıb: "Bu gün pis məktəb direktoru deyəndə valideynlər tərəfindən X-XI siniflərdə şagirdlərin bütün fənlərdən iştirakını tələb edənlər nəzərdə tutulur".
Nazir bildirib ki, valideynin fikrincə şagird I ixtisas qrupunu seçibsə, ona uyğun fənləri bilməsi kifayətdir digər 10-12 fənn ikinci dərəcəlidir: "Bu sistemdə müəyyən ziddiyyət var. Bir tərəfdən məktəblərdə təmayülləşmə, ixtisaslaşma yoxdur, amma digər tərəfdən biliyin qiymətləndirilməsi aparılır. Bu da bir çox mənfi hala gətirib çıxarır. Bütün bunları nəzərə alaraq, 2015-ci ildən 10-larla məktəbdə pilot olaraq təmayülləşmə prinsipi tətbiq ediləcək".
Bundan başqa Təhsil Nazirliyi Azərbaycanın ali təhsil sistemində tələbələrə təqaüdlərin ödənilməsi ilə bağlı yeni mexanizm hazırlayıb. Mikayıl Cabbarov bildirib ki, qəbul imtahanında yüksək bal toplayan və dövlət hesabına təhsil almaq hüququ əldə edən tələbələr təhsil aldıqları 4 il ərzində (bakalavriat səviyyəsində) qeyri-kafi qiymətlər almamaq şərti ilə təqaüd almaq imkanı qazanırlar: "Hazırda bir dəfə keçirilən bilik qiymətləndirilməsi nəticəsində tələbəyə 4 il ərzində dövlət tərəfindən taqaüd verirlir. Ancaq bu mexanizmdə müəyyən boşluqlar və təhsil prosesinə təsir edən amillər var. Təhsil prosesi də müəyyən mənada rəqabətli olmalıdır, bu, daha yüksək nəticələrə gətirib çıxarır".
Təhsil naziri qeyd edib ki, yeni mexanizmə uyğun olaraq, tələbə üçün dövlət tərəfindən ödənilən təhsil haqqı ilə tələbə təqaüdü bir-birindən ayrılacaq.
"Dövlət sifarişli yerlərdə təhsil alan tələbə təhsil haqqından azad olsa da, yeni mexanizmə uyğun olaraq, onun təqaüd alıb-almaması təhsil prosesi, habelə onun hər ay göstərdiyi akademik nailiyyətlərdən asılı olacaq. Bu, sadəcə, formal xarakter daşımır. Bir çox halda danışdığımız akademik mühitin saflaşdırılması üçün bunların edilməsi vacibdir. Bu sistem digər tərəfdən subyektiv amillərlə mübarizənin sistemli prinsiplərini tətbiq etməklə akademik biliklərin artırılmasına gətirib çıxaracaq", - deyə nazir vurğulayıb.