Əlillər istirahət mərkəzinə göndərilib Hadisə

Əlillər istirahət mərkəzinə göndərilib

Tural

Mayın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 50 nəfər əlilliyi olan şəxs Şəki rayonunda yerləşən istirahət və sağlamlıq mərkəzinə istirahətə yola salındı. ƏƏSMN-nin müvafiq əmri ilə təsdiqlənmiş "2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı" əsasında həyata keçirilən bu tədbir yaz-yay mövsümündə əlilliyi olan şəxslərin asudə vaxtının təşkilinə xidmət edir. İstirahət mərkəzində xüsusi proqram çərçivəsində müxtəlif növ idman yarışları, ətraf rayonlara gəzinti turları, tarixi yerlərlə tanışlıq, musiqili-əyləncəli tədbirlər və s. təşkil olunur. Eyni zamanda əlilliyi olan şəxslər istirahət müddəti ərzində tibbi və fizioterapevtik prosedurlara cəlb edilirlər.
Cari ilin aprel-may aylarında 350 nəfər əlilliyi olan şəxslərin ölkənin səfalı güşələrinə istirahətə göndərilməsi təmin olunub. Onlardan 210 nəfəri Lənkəran rayonunda, 140 nəfəri isə Şəki rayonunda yerləşən istirahət mərkəzlərinə göndərilib. Ümumilikdə, cari ildə 1000 nəfərdən artıq bu təbəqədən olan vətəndaşın dövlət tərəfindən istirahətinin təşkili nəzərdə tutulur. Əlilliyi olan şəxslər istirahət və sağlamlıq mərkəzlərinə xüsusi nəqliyyat vasitəsi ilə aparılıb gətirilirlər.