Torpaq üzərində mülkiyyət hüququnu pozmaya görə cərimələr sərtləşdirilir Hadisə

Torpaq üzərində mülkiyyət hüququnu pozmaya görə cərimələr sərtləşdirilir

Millət vəkili: "Nabranda torpaqların əksəriyyətinin təyinatını dəyişərək turizm üçün satılır"

"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklilər edilməsi haqqında" qanun layihəsi dünən Milli Məclisin Aqrarar siyasət Komitəsinin iclasında müzakirə olunub.
"Report"un məlumatına görə, təklif edilən dəyişikliyə əsasən, torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmaya görə cərimələr artırılır.
Belə ki, torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, yəni torpaq sahəsinin hasarlanması, becərilməsi, üzərində tikinti və ya quraşdırma işlərinin aparılması, yaxud həmin torpaqdan istifadə edilməsinə başqa üsullarla mane olma 1500 manatdan 3 000 manatadək miqdarda cərimə və ya 240 saatdan 400 saatadək ictimai işlər və ya 1 ilədək müddətdə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması təklif edilir.
Bundan başqa, bu əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə 3 min manatdan 5 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması təklif olunur.
Həmçinin, təklif edilən dəyişiklikdə deyilir ki, bu əməllər təkrar törədildikdə isə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə 5-7 manat məbləğində cərimə və ya 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Təklif edilən digər dəyişikliyə əsasən, qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla vəzifəli şəxs tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahələrini ayırma, yaxud həmin torpaq sahələrində tikinti və quraşdırma işlərinin aparılmasına icazə vermə 1 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə vəzifə tuma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılması təklif edilir.
Digər dəyişikliyə görə, dövlətin müstəsana mülkiyyətində olan torpaq sahələrinə qanunsuz qərar qəbul etmə - vəzifəli şəxs tərəfindən dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələrinin bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya onlara icarəyə verilməsi haqqında qanunsuz qərar qəbul etmə 3 ildədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması təklif olunur.
Bundan başqa, vəzifəli şəxs tərəfindən dövlətin müstəsna mülkiyyətində olan və özgəninkiləşdirilməsi qanunla qadağan edilən torpaq sahələrinin bələdiyyə mülkiyyətinə və xüsusui mülkiyyətə verilməsi haqqında qərar qəbul etmə 3 ilədək müddətdə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə, 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılması təklif edilir.
Qeyd edək ki, hazırda qüvvədə olan maddəyə əsasən, dövlətin müstəsna mülkityətində olan və özgəninkiləşdirlməsi qadağan edilən torpaq sahələrinə dair qanunsuz qərar qəbul etmə - vəzifəli şəxs tərəfindən dövlətin müstəsna mülkiyyətində olan və özgəninkiləşdirilməsi qanunla qadağan edilən torpaq sahələrinin bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya onlara icarəyə verilməsi haqqında qərar qəbul etmə 3 ilədək müddətə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə, 2 ildən 5 ildək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd edək ki, hazırda qanunvericiliyə əsasən, torpaq üzərində mülkiyyət hüququnu pozmaya görə torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozma, yəni torpaq sahəsini özbaşına tutma, dəyişdirmə və ya becərmə 100-500 manat miqdarda cərimə və ya 240 saatdan 400 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır.
Müzakirələrdə bildirilib ki, dəyişikliklər aqrar sahədə idarəetmənin təkmilləşdirilməsinə xidmət edir. Bu layihələr torpaqların zəbt olunmasının qarşısının alınmasına kömək edəcək. Belə ki, torpaqların ayrı-ayrı mülkiyyətçilər tərəfindən zəbt olunması məhsduldarlığın azalmasına səbəb olur. Ona görə də layihənin məhsuldarlığın artırılmasına xidmət edəcəyi gözlənilir.
Həmçinin, Komitə sədri Eldar Quliyev bildirib ki, torpaqların gələcəkdə də monitorinqi aparılmalıdır ki, onların öz təyinatı üzrə istifadə olunub-olunmaması müəyyən edilsin.
Deputat Arif Əşrəfov xüsusilə də Nabranda yerli icra orqanları tərəfindən torpaqların əksəriyyətinin təyinatının dəyişdirilərək turizm üçün satıldığını bildirib. Onun sölərinə görə, torpaqların təyinatının dəyişdirilməsi ancaq Nazirlər Kabineti tərəfindən həyata keçirilə bilər. İndiyədək də belə bir halla qarşılaşılmayıb. Amma icra orqanları özbaşına təyinatı dəyişdirir vəona görə cəzalar sərtləşdirilməlidir.
Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyyə olunub.
Bundan başqa komitədə "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi də müzakirə olunub.
Dəyişikliyə əsasən, torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər 300 manat miqdarında, vəzifəli şəxslər 600 manat miqdarında, hüquqi şəxslərin 3 min manat miqdarında cərimə edilməsi təklif edilir.
Həmçinin, bu xətanın kənd təsərrfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə fizki şəxslər 500 manat, vəzifəli şəxslər 1 min manat, hüququi şəxslər 5 min manat cərimə ediləcək.
Qeyd edək ki, hazırda qüvvədə olan maddəyə əsasən, müvəqqəti tutulan torpaqların vaxtında qaytarımamasına və ya onları müvafiq istifadə üçün yararlı hala salmaq vəzifəsinin yerinə yetirilməməsinə görə fiziki şəxslər 6-8 manat, vəzifəli şəxslər 12-14 manat, hüququ şəxslər 30-32 manat cərimə edilir.
İcarəyə verilmiş torpaqların məqsədli təyinatını dəyişdirmədən başqa məqsdələr üçün istifadəyə görə fiziki şəxslər 8-10 manat, vəzifəli şəxslər 14-16 manat, hüquqi şəxslər 30-32 manat cərimə olunur.