Qasırğa paytaxtda və bölgələrdə fəsadlar törədib Hadisə

Qasırğa paytaxtda və bölgələrdə fəsadlar törədib

Hidrometeoroloqlar güclü küləyin hələ bir neçə gün davam edəcək

Son iki gündən bəri ölkənin bölgələrində və paytaxtda davam edən güclü külək ciddi fəsadlar törədib. Srağagün axşam saatlarından Abşeron yarımadasında başlayan güclü külək ötən gün Xırdalan şəhərinə ciddi ziyan vurub.
Şəhərin 26-cı məhəlləsindəki beşmərtəbəli binalardan birinin tavanı tamamilə uçub. Uçan tavanın qırıntıları yaxınlıqdakı həyət evlərin, eləcə də avtomobillərin üzərinə tökülüb, onlara ciddi ziyan vurub. Binanın yaxınlığında yaşayan bir nəfərin də zərər çəkdiyi söylənilir.
Məlumata görə, Seyfəddin Mirzəyev adlı şəxs 99 DV 970 nömrə nişanlı "Mercedess" markalı avtomobili park edərkən, külək binanın tavanını atıb. Tavanın bir hissəsi onun avtomobilinin üzərinə düşüb. Xoşbəxtlikdən, S.Mirzəyev ciddi xəsarət almasa da, avtomobil yararsız hala düşüb. Şəhərdə elektrik xətləri qırılıb və qaz borularına ziyan dəyib.
Güclü külək Bakının mərkəzində də fəsadlar törədib. Səbayıl rayonu, İstiqlaliyyət küçəsində iri gövdəli atac yoldan keçən "VAZ 2107" və "Volkswagen" markalı avtomobillərin üzərinə aşıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Yolu kəsən ağac İstiqlaliyyət küçəsində nəqliyyatın hərəkətinə də mane olub.
Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsində isə, reklam lövhəsi aşıb. Nəticədə yoldan keçən avtomobillərin hərəkəti üçün mane yaranıb. Eyni zamanda yaxınlıqdakı ara küçədə ağac "Mercedes Benz"in üzərinə aşıb. Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobilə ziyan dəyib.
Bəzi rayonlarda da güclü külək fəsadlar törədib. Şəkidə güclü külək şəhərdə bir sıra problemlərə yol açıb. Yerli "Kanal S"-nin məlumatına görə, elektrik naqillərinin zərər görməsi nəticəsində bütün şəhər ərazisində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Dünən gecə demək olar ki, şəhərin bir çox hissəsinə elektrik enerjisinin verilişi dayandırılıb. Küləyin təsirindən ağaclara, elektrik dirəklərinə ciddi ziyan dəyib.
Mərkəzi küçələrdə yeni quraşdırılmış Novruz atributları küləyin şiddətinə davam gətirməyərək, avtomobil yollarına aşıb.
Külək Zaqatalada da bir sıra fəsadlara yol açıb. Rayonun müxtəlif yerlərində 15-dək irigövdəli ağac aşıb, nəticədə bəzi küçələrdə avtomobillərin hərəkəti dayanıb.
Rayonun Ümid Sadıqov, 28 May küçəsində və digər küçələrdə ağaclar qırılaraq evlərin və avtomobillərin üzərinə aşıb və böyük miqdarda maddi ziyana səbəb olub. Küləyin təsirindən bəzi evlərin dam örtüyü uçub. 5 saylı məktəb, məcburi köçkünlərin məskunlaşdığı 3 mərtəbəli binanın dam örtüyü yararsız vəziyyətə düşüb.
Rayonda elektrik təsərrüfatına da ciddi ziyan dəyib. Elektrik enerjisinin verilməsində də fasilələr yaranıb. Küləyin törətdiyi fəsadları aradan qaldırmaq üçün aidiyyəti qurumlar hərəkətə keçib. Yollar ağaclardan təmizlənərək maşınların hərəkəti təmin olunub.
Görülən tədbirlər nəticəsində artıq rayonun bəzi yerlərində elektrik enerjisinin verilişi qismən bərpa edilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Zaqatala rayonu ərazisində küləyin vurduğu ziyanın miqdarı hesablanır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Abşeron yarımadasında külək səngisə də bu gündən bəzi cənub və qərb rayonlarında güclü qərb küləyi əsəcək.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov da ölkə ərazisində müşahidə olunan güclü küləkli hava şəraitinin ətraf mühitə göstərdiyi təsiri açıqlayıb. Hazir jurnalistlərə bildirib ki, qasırğa nəticəsində bəzi şəhərlərdə qoca ağacların aşması qeydə alınıb.
Bunu təbii hal sayan nazirin sözlərinə görə, təbii hadisələr nəticəsində seçim olur: "Zəiflər təbiətdən gedir, daha güclüləri isə təbiətdə qalır, uyğunlaşır. Bu da təbii prosesdir".
H.Bağırov bildirib ki, yaz vaxtı gündüzlər isti olanda, sonradan isə temperatur enəndə və hava soyuyanda soyuq və isti hava axınlarının toqquşması nəticəsində qasırğalar baş verir.
Onun sözlərinə görə, artıq neçə illərdir ki, Azərbaycanda mart-aprel ayında bir neçə zonada - Gədəbəydə, Daşkəsəndə, Astarada, Yardımlıda belə hallar qeydə alınıb: "Bu proses ağacların üst tərəfində başlayır. Belə qasırğalar şar formasında ildırımın mövcudluğuna, yanğınlara və s. gətirib çıxarır. Bu da təbii hadisədir".