RİTN və KİVDF-nin birgə təşkil etdiyi müsabiqəyə yekun vuruldu Hadisə

RİTN və KİVDF-nin birgə təşkil etdiyi müsabiqəyə yekun vuruldu

İltimas Məmmədov: "Rabitə sahəsindəki tədbirlər insanlara daha yüksək xidmət göstərməyə imkan verir"

Tərlan

Dünən Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 2013-cü ilin İnformasiya Texnologiyaları ili elan olunması ilə əlaqədar birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov öncə ötən ilin ölkə, eləcə də rabitə sektorunda çalışanlar üçün əhəmiyyətinə diqqət çəkdi. 2013-cü ilin İnformasiya Texnologiyaları İli elan olunmasını xatırladan nazir müavini bu müddət ərzində böyük əhəmiyyətə malik çoxsaylı tədbirlərin görüldüyünü vurğuladı: "Bildiyiniz kimi, ötən il ərzində ilk süni peykimiz orbitə çıxarıldı, Azərbaycan kosmik sənayeyə malik ölkəyə çevrildi. Ötən il həm də, təxminən 1000 km uzunluğunda optik kabel çəkildi. Ölkə ərazisinin 98 faizi isə artıq rəqəmsal yayımla əhatə olunub, qalan ərazilər üzrə də iş aparılır. Elektron imzalardan istifadə edənlərin sayı 50 min nəfəri keçib. O da təqdirəlayiq haldır ki, ölkədə tam şəkildə vahid nömrələmə sisteminə keçirilib.
Mobil telefonların qeydiyyat sisteminin yaradılması da, İKT ilinin növbəti uğurlarındandır. Bundan başqa ölkəmizdə mobil nömrələrin daşınması sisteminə də start verilib. Bu və digər tədbirlər insanlara daha yüksək xidmət göstərməyə imkan verir. İKT ilində önəmli tədbirlərdən biri də, KİVDF ilə birgə jurnalistlər arasında fərdi yazı müsabiqəsinin keçirilməsi ilə bağlı idi. Burada əsas məqsəd yaranan yeni xidmətlər barədə cəmiyyətin daha geniş şəkildə məlumatlandırılmasından ibarət idi".
"İnformasiya Kommunikasiya Texnologiyaları ili elan edilən 2013-cü ildə ölkədə əhalinin yaşadığı ərazinin 98%-i rəqəmsal yayımla təmin edilib, ucqar ərazilərin də rəqəmsal yayımla əhatə olunması istiqamətində işlər gedir". İ.Məmmədov artıq 50 min elektron imza istifadəçisinin olduğunu, eyni zamanda keçən il Azərbaycanda vahid nömrə sisteminə keçildiyini bildirib: "Kənddə də, Bakıda da, o cümlədən mobil nömrələr də yeddi rəqəmlidir. Azərbaycanda "ağıllı şəbəkə" qurulmasına nail olunub. Eyni zamanda mobil telefonların qeydiyyat sistemi yaradılıb, oğurlanmış mobil telefonların şəbəkələrə qoşulmasının qarşısı alınıb".
Nazir müavini bir sıra hallarda istifadəçilərin yüksək sürətli internetdən istifadə ilə bağlı şikayətlərinə də toxunub. Onun sözlərinə görə, genişzolaqlı yüksəksürətli internetlə bağlı problemin səbəbi köhnə kabellərlə bağlıdır: "Əgər mənzil uzaqdadırsa, mis naqillə gedirsə, internetin sürətində problem olur. Bu şəbəkənin dəyişdirilməsi lazımdır. Yaxın günlərdə bununla bağlı Dövlət Proqramı təsdiqlənəcək. Bu məqsədlə Dövlət Neft Fondu 100 milyon manat vəsait də ayırıb. Həm Bakıda, həm də regionlarda, o cümlədən Naxçıvanda bu işlər həyata keçiriləcək".
Daha sonra keçirilən müsabiqə barədə tədbir iştirakçılarına geniş məlumat verən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli müsabiqəyə 18 noyabr 2013-cü il tarixdən start verildiyini bildirdi: "Müsabiqəyə 5 istiqamət üzrə ümumilikdə 38 yazı təqdim edilib. Hər bir yazı 3 ekspert tərəfindən qiymətləndirilib. Şərtlərə görə, hər istiqamət üzrə üç qalib müəyyənləşdirilib. Beləliklə, 5 istiqamət üzrə ümumilikdə 15 jurnalist əsas mükafata layiq görülüb. Bundan əlavə 15 jurnalist həvəsləndirici mükafat alıb".
Vüqar Səfərli müsabiqənin keçirilməsinə verdiyi dəstəyə görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəhbərliyinə, o cümlədən nazir Əli Abbasova media nümayəndələri və KİVDF adından təşəkkürünü bildirib. Daha sonra qaliblərə - KİV təmsilçilərinə mükafatlar təqdim olunub. Mükafatlandırılan arasında "Xalq Cəbhəsi" qəzetinin redaktoru M.Həmzəoğlu da var.