“Zelenski diplomatiyada yeni mərhələyə keçir” Dünya

“Zelenski diplomatiyada yeni mərhələyə keçir”

“Zelenskinin ABŞ-ın müharibəyə son qoymaq planı ilə bağlı son mövqeyi Ukraynanın diplomatik xəttində daha rasionallaşmış və strateji mərhələyə keçidinin göstəricisidir”.

Bunu politoloq Tural İsmayılov Xalqcebhesi.az-a açıqlaması zamanı qeyd edib.

Onun fikrincə, Kiyev artıq təkcə hərbi müqavimətə deyil, siyasi mövqelənməyə də sistemli şəkildə investisiya edir və bu, savaşın uzunmüddətli xarakter aldığını dərk edən Ukraynanın diplomatiya meydanında mövqelərini gücləndirmə cəhdidir:
“Zelenskinin “Ukrayna sülhü pozan tərəf kimi görünməməlidir” mesajı hazırkı mərhələdə üç əsas strateji məqsədə xidmət edir. Birincisi, Ukraynanın beynəlxalq legitimliyinin qorunmasıdır — Kiyev Qərbin gözündə ədalətli tərəf imicini saxlamaq istəyir. İkincisi, bu mövqe Rusiyanın Ukrayna sülhdən qaçır narrativinə qarşı preventiv addımdır. Üçüncü olaraq isə bu mesaj Qərb müttəfiqlərinə ünvanlanan siqnaldır və Kiyevin sülh prosesində konstruktiv tərəf kimi görünmək niyyətini nümayiş etdirir”.
Politoloq vurğulayıb ki, Zelenskinin açıqlamaları Ukraynanın diplomatik strategiyasında yeni mərhələnin formalaşdığını göstərir.

Günel Elxan