Kuzə çalğı aləti kimi Mədəniyyət

Kuzə çalğı aləti kimi

Cığamış şəhərində (Güney Azərbaycan) tapılan, 8 minillik tarixə malik saxsı qab kuzədən xalqımızın daha qədim dövrlərdə istifadə etdiyini təsdiqləyir

Ə.Dağlının "Ozan Qaravəli" əsərində kuzənin adına idiofonlu çalğı aləti kimi rast gəlirik. Onun qeydlərinə görə, XIV yüzillikdə yaşamış Azərbaycanın tanınmış şairi, bəstəkarı və musiqi alimi Xoca Raziyəddin Rizvanşah "Mizani musiqi" ("Musiqi ölçüsü") risaləsində səsləri iki qismə ayırır: a) Güli-batin; b) Güli-zahir. Rizvanşah Təbrizinin fikrincə, güli-batin (güləbatın) – dəbərilməmiş, çıxarılmamış səslərdir. Güli-zahir isə dəbərilən, zahir olan səslərə deyilir. Zahir olunan səslər mükəmməldir və idarə oluna bilinir. Rəvayətlərə görə, Rizvanşah Təbrizi belə musiqi səslərinin sorağında olub və nəticədə kuzələrdən ibarət çalğı aləti (kuzə dəsti) ərsəyə gəlib. Deməli, bir sıra alətlər kimi, kuzə də musiqi mədəniyyətimizə, yəni çalğı alətləri sırasına məişətdən daxil edilib. Kuzə məişət qabı kimi xalqımıza ilk tunc dövründən məlumdur. Belə qablardan əsasən su daşımaq və saxlamaq üçün istifadə ediblər.
Yaxın keçmişdə (1961-1966-cı illərdə) Cığamış şəhərində (Cənubi Azərbaycan) arxeoloji qazıntılar zamanı tapılan və 8 minillik tarixə malik saxsı qab kuzədən xalqımızın daha qədim dövrlərdə istifadə etdiyini təsdiqləyir. Belə ki, bu qabın üzərində bir sıra çalğı alətləri ilə yanaşı kuzənin də rəsmi verilib. Kuzə dəsti çalğı alətini Rizvanşah Təbrizi icad edib. O, Cəlairilər sülaləsindən olan Sultan Hüseyn (hakimiyyət illəri 1374-1382) və Sultan Əhmədin (hakimiyyət illəri 1382-1410) sarayında mahir musiqiçi kimi fəaliyyət göstərib. Xatırladaq ki, Rizvanşah Təbrizi dünya şöhrətli musiqişünas-alim Əbdülqadir Marağalının qayınatası olub.
Prof. Seyidağa Onullahi (1924-2003) Ş.Fərzəliyevə istinad edərək bildirir: "Həsən bəy Rumlu "Əhsənüttəvarix" əsərində (s. 219) yazır: "Nəql edirlər ki, Sultan Əhməd Cəlairi dövründə Xoca Rizvanşah böyük şöhrət qazanmışdı. Onun 12 muğam və 24 şöbədən ibarət təsnifləri (bəstələri – A.N.) var idi. Qalanları isə üsul (Firu), sair nəğmə və nəqərat idi". Xoca Raziyəddin Rizvanşahın icad etdiyi kuzələrdən ibarət çalğı aləti dövrümüzə qədər gəlib çıxmasa da, Azərbaycan ərazisində arxeoloji qazıntılar zamanı xeyli sayda adi kuzələr aşkar olunub. Orta Tunc dövrünə aid edilən belə qabların fotoşəkillərinə V.Əliyevin əsərlərində tez-tez rast gəlirik. O, "Tarixin izləri ilə" adlı əsərində ("Gəmiqaya rəsmləri" məqaləsi) Naxçıvanda tapılmış kuzələrin şəkillərini təqdim edir.
"Kuzə" - fars sözü olub, dilimizdə "bardaq" fikrini ifadə edir. Bardaq – su və ya başqa mayelər tökmək, yaxud içində piti bişirmək üçün saxsıdan, çinidən və s. qayrılmış qulplu və ya qulpsuz darboğaz qab, səhəng, cürdəyə deyilir. Rizvanşah Təbrizi yeni icad etdiyi alətə şərti olaraq, həm də "12 təcrübə kuzələri" adını verib. Ə.Dağlı "Ozan Qaravəli" əsərində kuzələrdən ibarət çalğı alətindən söhbət açarkən yazır: "Ustad əhli-xubrələrin dilindən məlum olur ki, "12 təcrübə kuzələri" həm də "badeye gah" adlandırılıb.
"Badə" - fars sözü olub, dilimizdə bir neçə mənanı bildirir: 1. çaxır, şərab; 2. şərab piyaləsi. "Gah"(i) da dilimizə farscadan keçən sözlərdəndir və bir neçə mənanı ifadə edir: 1. zaman, vaxt; 2. yer, məkan; 3. arabir, hərdənbir. Lakin Rizvanşah Təbrizi burada "gah" dedikdə, musiqi səslərini nəzərdə tutur. Nəticədə "badeyi-gah" dilimizdə "badələrin səsi" daha doğrusu, haqqında söhbət açdığımız "kuzələrin səsi" mənasını ifadə edir. Rizvanşah Təbrizi icad etdiyi bu alətin bir neçə kuzələrdən ibarət olduğunu nəzərə alaraq, çalğı alətini "kuzə dəsti" adlandırıb.
Boğazı dar, gövdəsi gen, tutacaq qulpu olan kuzə aləti çinidən hazırlanırdı. Kuzə dəsti 12 hissədən, yəni 12 bardaqdan ibarət olub. Bu bardaqlar üçər şəkildə düzülürmüş. Altısı solda, digər altısı isə sağda sıralanırdı. Rizvanşah Təbrizi kuzələri (bardaqları) "gah", daxili tutum həcmini isə "nəfəsgah" adlandırıb. Kuzələr ölçüsü və həcminə görə biri digərindən fərqlənirmiş. Bu səbəbdən müxtəlif yüksəkli (tonlu) səslər əldə edilirdi. Bardaqların hər birinin ayrılıqda öz adı və funksiyaları olubmuş: 1. "Həng" – tutum, ölçü; 2. "Şirəyi həng" – tutum sərçeşməsi; 3. "Səhəng" – üçər həng; 4. "Kuzə" – axtarılan səs; 5. "Kuzəçə" – zərif, xəfif səs; 6. "Sövt" – çıxarılan səs.
Kuzələri çubuqla mülayim vurduqda ətrafa xoşagələn səslər yayılırmış. Alətdə o dövrün melodiyalarını və eləcə də muğam parçalarını səsləndirmək mümkün olub.Ə.Dağlı Xoca Raziyəddin Rizvanşahın kuzə ilə bağlı qeydlərini təqdim edir: "Eşitmişəm ki, Tus şəhərinin kənarında kamil bir kuzəgər var imiş, ancaq meypərəst imiş, qazandığı pulu dirhəminəcən şəraba verirmiş. O, soyumuş kürədən istehsal etdiyi kuzələri birər çıxarır, çubuqla yavaşca vurur, qənaətbəxş səs aldıqca bir yana yığır. Aldığı şərab kuzəsini başına çəkib bir yanda mürgüləyir. İttifaqən kuzəgər emalatxanada olmayan macallarda bir şair (Xoca Raziyəddin Rizvanşah şair dedikdə, özünü nəzərdə tuturmuş – A.N.) dolaşa-dolaşa gəlib, kürəxananın qapısından baxır, yanbayan düzülmüş kuzələri görür. Bu mənzərəyə diqqət yetirdikdə, kuzələrdən əcaib quvultular eşidir. Şair təsəvvürünü qələmə belə alır:

Rəftəm be dəri meykədəvü kuzəfruş,
Didəm du həzar kuzə üftadə xəmuş.
İn kuzə bə on kuzə qoft xəmuş,
Ki kuzəgaru kuzə xəru kuzə fruş.

Şeirin sətri tərcüməsi:

Mey və kuzə satanın qapısına getdim,
Gördüm iki min dənə kuzə sakit düşüb qalıb.
Bu kuzə o birisinə sakitcə pıçıldadı:
Kuzə düzəldən kuzə alıb, kuzə satır.

Tus şairi dəsturi Rizvanşah Təbrizi Marağa bağlarına seyrə çıxır, hər səsdə bir səs axtarır. Tapdığı səsdən ayrılan ündə "gülizahir" qoxusunu duymaq istər. Alimin yolu dostu kuzəgərin emalatxanası qabağından düşür. Kuzəgər Rizvanşaha nəvaziş göstərir, məhsuli kuzələrin torpağı, palçığı və özlərini tərifə başlayır. Kuzələrin saf, möhkəm olmasını anlatmaq üçün neçə kuzə götürür, çubuqla mülayim vurur, kuzədən xoşagələn səs çıxır. Alim diqqətini kuzədən ildırım sürətilə alınan səs üstə cəm edir. Özü kuzələrin bir neçəsini ilhamlıqla götürür, üsulluca vurduğu çubuqlar altından alınan səslər onu da qənaətbəxş edir. Alim arzusuna çatır. Əgər şair Tusda - emalatxanada olan kuzələrin xəlvəti söhbətini hikmətamiz surətdə təsvir etmişdisə, Rizvanşah Təbrizi burada, Marağada kuzəni dindirir, yəni "güli-zahir"in kuzədə sıxılmasını dərk edir.
Rizvanşah Təbrizinin sonrakı təcrübələrinin harada aparması barəsində bizdə məlumat yoxdur. Lakin deyirlər ki, alim "güli-zahir"in idarə ediləcək üsulları üstə çalışıb və bu maraqlı əhvalatdan sonra dostlaşdığı kuzəgərin görüşündə daha çox olub. Məlum olur ki, "güli-batın" bizim mətləbimizdə musiqi sədasıdır ki, kuzənin həcmində sıxılmış, batinində qalır. "Güli-zahir" isə o sədadır ki, batindən zahirə çıxır, onu idarə etmək olur.
Xəbərlərə görə, Rizvanşah Təbrizi istədiyini tapdıqdan sonra kuzəni musiqi elmindən ötrü təcrübə alətinə döndərib. O, dəxi kuzəni "gah" deyib çağırıb, kuzənin daxili həcmini isə "nəfəsgah" kimi müəyyənləşdirib. Mülahizələrdən məlum olur ki, alim "gah"ların qədərini on ikidə saxlayıb. Onları üçər düzüb, altısını sağdan, altısını da soldan qurub. Yəni xırda, kəsik, lakin pürməna mülahizələrə görə, "gah"lar (kuzələr) həcmcə biri digərindən nisbətən böyük olub.
Kuzələrin ayrılıqda öz vəzifəsi və adı var. Biz o "gah"ları təsəvvürümüzə bu şəkildə gətiririk:
Birinci sıranın adları:
1. Həng = tutum, ölçü
2. Şirəyi həng = tutum sərçeşməsi
3. Səhəng = üç
Ə.Dağlı "Ozan Qaravəli" əsərinin (III hissə) "Rahi-Şəbdiz" başlıqlı məqaləsində hər hansı kuzədən keyfiyyətli musiqi səslərini almağın mümkün olmadığını bildirir: "Mən Salyan, Şəki, Quba, Xızı, Lənkəran, Bakı kuzələrini özüm taqqıldatmışam, onların ağzını külək səmtinə tutmuşam. Bunlardan qənaətbəxş, musiqiyə dair səs ala bilməmişəm. Mənə Gürcüstan – Siqnaxidə və Naxçıvan – Ordubadda rast gələn kuzə, şirhənglər tamam arzumu ödəyib. Siqnaxi və Ordubad istehsalı olan kuzələr tam "güli-batin", "güli-zahir" sınağına cavab verir. Mən onlara su doldurdum və suyu kuzələrdən aramla boşaldanda şirhənglərdən "qim-qim" təki gələn səslər məni heyran etdi. Görünür, hər kuzədə sınaq aparmaq olmaz. Musiqi səsi kuzədə torpaq, kuzəgər (kuzəni hazırlayandan), kürəpəzdən (kuzənin bişirildiyi sobadan) asılıdır. Bunlar da kuzəgərdən böyük istedad, pərgəhar, ustalıq tələb edir".
Tarixi baxımdan (1882) Azərbaycanın ilk dərsliyi sayılan "Vətən dili" kitabında çini qabların hazırlanması ilə bağlı qeyd edilir: "Pəs yerə düşəndə sınan saxsı və çini qabları nədən qayırırlər? O ki, küpə, kuzə, bardaq və gülqabıdır (güldan), bunları sarı torpaqdən (gildən) duluslər (saxsı qab düzəldən ustalar, dulusçular) qayırub, kürədə kərpiç kimi bişürirlər. Qaldı ki çini qablar, boşqab, fincan, nəlbəki və ğeyriləri, bunları qayırırlər karxanələrdə, yaxşı, təmiz, ağ torpaqdən. Torpaqı xəmir kimi yoqurub, könül sevən qab qayırub, kürədə qurudırlər və sonrə yüzinə mina (metal və s. şeylərin üzərinə çəkilən rəngli şüşəvari təbəqə, çox incə və parlaq naxış) çəküb, nəqş (naxış) vurub pişürirlər. Bu zikr olan (qeyd olunan, adları çəkilən) şeylərdən başqə, qabı qayırırlər gümüşdən, şişədən (şüşədən), dəmirdən, ağacdən. Gümüş qab indi az işlənir və şəriətimizə görə qızıl və gümüş qab işlətmək həramdır".
Nizami Gəncəvinin şeirlərində kuzənin adına rast gəlirik:

Çalanın Zöhrətək oynayır qəlbi,
Kuzələr parıldar Müştəri kimi.

Rizvanşah Təbrizinin hazırladığı kuzə aləti bərpa edilərsə və ondan folklor musiqisində, etnoqrafik tədbirlərdə idiofonlu alət kimi istifadə olunarsa, folklorşünaslıqda böyük maraq doğuracağına şübhə ola bilməz.

Abbasqulu Nəcəfzadə,
sənətşünas